Məhkəmə qərarları › İş №2(073)-215/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-215/2024

07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-215/2024 07.03.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3900 (üç min doqquz yüz) manat pulun və 60 (altmış) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cəlilabad şəhərində yaşayır. Təxminən bir il əvvəl Cəlilabad şəhərində yaşadığı evdə qonşu olduğu həm də Mərkəzi Xəstəxanada tibb bacısı işləyən Cavabdeh atası Qasım Nəzərovun iynələrini vurmaq üçün dəvət etmişdir. Həmin vaxt Cavabdeh söhbət əsnasında ona (iddiaçıya) bildirmişdir ki, “tanıdığım adam var, Bakı şəhərində pensiya düzəldir, gəl səni pensiyaya çıxardım.” Həmin vaxt cavabdeh ona (iddiaçıya) israrla “əlimdə hazır sənəd var, sən 3900 manat pul ver, 10 gün ərzində sənin pensiya kartın gələcək və pensiya alacaqsan.” demişdir. O (iddiaçı) da Cavabdeh inanıb başqalarından borc alaraq 3900 manat pul düzəldib cavabdehə vermişdir. Atas (iddiaçının) yataq xəstəsi olduğundan cavabdehi iynə vurmağa dəvət edəndə işin nə yerdə olduğunu soruşanda cavabdeh hər dəfəsində bildirmişdir ki, «iş gedir və tezliklə pensiya kartını “Kapital Bank”dan götürəcəksən». Bir müddət keçdikdən sonra cavabdeh ona (iddiaçıya) zəng edərək kartının gəldiyini, «Kapital Bank»a yaxınlaşmağını və kartını götürməyini bildirmişdir. O (iddiaçı) da qeyd edilən banka yaxınlaşaraq pensiya kartının gəldiyi barədə müracət etmiş, lakin bank əməkdaşı onun adına kartın olmadığnı bildirmişdir. O (iddiaçı) da cavabdehə müraciət edərək, kartının gəlmədiyini bildirmişdir. Cavabdeh həmin vaxt dəqiqləşdirib ona məlumat verəcəyini söyləmiş və həmin gündən bir neçə gün keçdikdən sonra xx.xx.2022-ci ildə onun (iddiaçının) şəxsi telefonuna 330 manat pensiya təyin edilməsi barədə SMS bildiriş gəlmişdir. Məlumat gəlməsinə baxmayaraq qeyd edilən pensiya kartını əldə edə bilməmişdir. Sonradan ona (iddiaçıya) məlum olmuşdur ki, cavabdeh onu yalan sözlərlə aldadaraq pulunu şəxsi mənfəətləri üçün isdifadə etmiş və göndərilən SMS şəxsi telefonlardan göndərilmiş məlumatdır. Bundan sonra o (iddiaçı) Cavabdeh verdiyi pulu geri tələb etsə də, cavabdeh pulu qaytarmaqdan yaynmışdır. O (iddiaçı) da cavabdehin əməlləri barədə Cəlilabad rayon Polis şöbəsinə müracət etmişdir. Cəlilabad rayon Polis şöbəsi tərəfindən araşdırma aparılaraq Cavabdeh dəvət etmişlər və həmin vaxt cavabdeh ondan (iddiaçıdan) aldığı pulu qaytaracağını bildirmişdir. Sonradan müəyyən olunmuşdur ki, Gülsara bu hərəkətləri başa şəxlərə qarşı da edərək başqalarının pulunu mənimsəyərək şəxsi mənfəəti üçün xərcləmişdir. Lakin bununla bağlı Polis şöbəsi tərəfindən araşdırma barədə ona (iddiaçıya) məlumat verilməmişdir. O (iddiaçı) da məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək, ərizəsində iddianı etiraf etmədiyini, iddiaçıya borcunun olmadığını, iddiaçının 3900 (üç min doqquz yüz) manat pulu X1 vermək üçün ona (cavabdehə) verdiyini, o (cavabdeh) da həmin pulu iddiaçıdan aldıqdan sonra Cəmalə Məmmədovaya verdiyini göstərərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı tərəfindən pensiya düzəldilməsi məqsədi ilə sənədləşmə işlərinin aparılması üçün Cavabdeh 3900 (üç min doqquz yüz) manat pul verilmiş, lakin cavabdeh sənədləşmə işlərində iddiaçıya kömək etməmiş, iddiaçıya pensiya təyin edilməmiş və sonradan iddiaçı həmin pulu cavabdehdən tələb etmişdir. Cavabdeh isə 3900 (üç min doqquz yüz) manat pulu başqa şəxsə verdiyini bildirərək, pulu qaytarmaqdan imtina etmişdir. Buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Cavabdeh iddiaçıdan aldığı 3900 (üç min doqquz yüz) manat pulu başqa şəxsə verdiyini göstərsə də, həmin halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3900 (üç min doqquz yüz) manat pul və 59 (əlli doqquz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar