Məhkəmə qərarları › İş №2(073)-2161/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2161/2024

13.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2161/2024 13.09.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Cəlilabad şəhərində, 13 sentyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehdən 4323 (dörd min üç yüz iyirmi üç) manat məbləğində pul, 1500 manat dəbbə pul olmaqla, 5823 (beş min səkkiz yüz iyirmi üç) manat və ödənilmiş 78 (yetmiş səkkiz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və onun vəkili Vəkil məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə hazırlıq iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh onun Masallı rayonu Şərəfə kəndində olan mağazasından 4323 manat məbləğində kənd təsərrüfatı texnikasına aid olan material almışdır. Həmin malların pulunu isə bu günədək qaytarmamışdır. O, dəfələrlə pulunu tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmışdır. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Qeyd etdiklərinin nəzərə alınıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə hazırlıq iclasında məhkəməyə yazılı izahat verərək qeyd etmişdir ki, İddiaçı məhkəmədə ona qarşı pul tələbi barədə iddia qaldırmışdır. İddia ilə tanışdır və iddianı qismən etiraf edir. Onun iddiaçıya 4323 (dörd min üç yüz iyirmi üç) manat borcu vardır . Maddi imkanı olmadığı üçün borcunu tam ödəyə bilməmişdir. Maddi imkanı olanda borcunu hissə-hissə ödəyəcəyinə söz verir. Azərbaycan Respulikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsi səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır və bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilir. Cavabdeh məhkəməyə gəlmədiyindən və gəlməməsinin səbəbi barədə məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə işdə olan sənədləri hərtərəfli araşdıraraq və sübutlara obyektiv qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh yazılı izahatından görünür ki, Cavabdeh iddianı qismən etiraf edərək İddiaçı 4323 (dörd min üç yüz iyirmi üç) manat borcunun olduğunu və imkanı olanda ödəyəcəyini qeyd etmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 78 (yetmiş səkkiz ) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı məxsus mağazadan kənd təsərrüfatı texnikasına aid olan material almışdır. Lakin iddiaçı cavabehdən mağazadan götürdüyü nisyə malların pulunu dəfələrlə tələb etsə də, lakin cavabdeh ona olan borcunu qaytarmamışdır. Beləliklə, Cavabdeh İddiaçı 4323 (dörd min üç yüz iyirmi üç) manat məbləğində borclu olması iddiaçının izahatı, cavabdehin yazılı izahatı və işdə olan digər sənədlərlə də təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh 4323 (dörd min üç yüz iyirmi üç) manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Məhkəmə iddianın 1500 manat məbləğində dəbbə pulu hissəsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən həmin məbləğlə bağlı məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin edildiyindən iddia tələbinin təmin edilən hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu Cavabdeh alınıb İddiaçı verilməlidir . Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4323 (dörd min üç yüz iyirmi üç) manat məbləğində pul və ödənilmiş 63.23 (altmış üç manat iyirmi üç qəpik) manat dövlət rüsumu alınıb, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar