Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2176/2025 06.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6000 manat pulun və 80 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçı 2023-cü ildə qohumu Cavabdeh, əvvəldən razılaşma yolu ilə ayda 300 manat ödəmək şərti ilə 24 aylıq, ümumi qiyməti 10200 manat olan “Mersedes 190” markalı, 10 VL-109 dövlət qeydiyyat nişanlı maşını almışdır. Həmin maşına görə Ramanın ona ödəniş üçün verdiyi bank kartının hesabına 5100 manat (qəbzlər ərizəyə əlavə olunur) ödəmişdir. Bundan əlavə olaraq Raman kəndə yas məclisinə gəldikdə təcili pula ehtiyacı olduğunu dediyinə görə evində olan 900 manatı ona (cavabdehə) nağd olaraq vermişdir. Maşına görə Ramana cəmi 6000 manat pul ödəmişdir. Lakin sürücülük vəsiqəsi olmadığı üçün Ramanın məsləhətinə görə maşının alqı-satqısı ilə bağlı notarial qaydada sənədləşmə apmamışlar. O (iddiaçı), razılaşmalarına uyğun olaraq ödənişi vaxtı-vaxtında etmişdir. Lakin Ramanın ona heç bir səbəb demədən və ona məlumat vermədən satış saytlarında maşını yenidən satışa çıxardığını görmüşdür. Zəng edərək nə üçün belə etdiyini soruşmuş, o isə maşını daha baha qiymətə satacağını və maşını geri qaytarmağını təiəb etmişdir. O narazılıq etmiş, buna baxmayaraq Raman maşını ondan geri almışdır. Lakin ona ödədiyi 6000 manatı geri qaytarmamışdır. Dəfələrlə pulunu ondan tələb etsə də cavabdeh pulunu verməmiş, o da X1 Şöbəsinə müraciət etmişdir. Polis şöbəsində araşdırma aparılmış və cavabdeh onun (iddiaçının) qeyd etdiklərini etiraf etmişdir. Lakin bu günədək onun pulunu qaytarmamışdır. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdeh onun qohumudur. Cavabdeh bir şirkətdən icarəyə maşın götürmüşdü. Kənddə məclislərin birində cavabdeh iddiaçıya bildirib ki, maşının aylıq pullarını ödəyə bilmir, istəyirsə maşını eyni şərtlərlə iddiaçıya satsın. İddiaçı da buna razılaşmışdır. Razılaşdıqları kimi maşını ondan ayda 300, daha sonra 303 manat ödəməklə almışdır. Özünün lazımi sürücülük sənədləri yerində olmadığına görə maşını notarial etibarnamə yolu ilə almışdır. Avtomobil ilə bir dəfə yüngül qəza etmişdir, bundan sonra cavabdeh onu aldadaraq avtomobili onun əlindən almış, etibarnaməni də ləğv etmişdir. Cavabdeh hər hansı səbəb olmadan avtomobilə verdiyi etibarnaməni ləğv etmiş və dəfərlərlə ondan tələb etsə də yeni etibarnamə verməmişdir. Cavabdehə verdiyi pulu ondan tələb etsə də geri qaytarmamışdır. Bütün ödənişləri bank kartına ödəyib və qəbzləri məhkəməyə təqdim edib. İddianın təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdeh və onun nümayəndəsi iddianı etiraf etməyərək bildirmişdirlər ki, cavabdeh bir şirkətdən avtomobil icarəyə götürmüş və aylıq icarə haqqı ödəmişdir. Sonradan aylıqları ödəyə bilməmiş və maşını iddiaçıya eyni şərtlə satmağı təklif etmişdir, iddiaçı da bununla razılaşmışdır. İddiaçının cavabdehə verdiyi pulları cavabdeh həmin şirkətə ödəyirdi, özünə götürmürdü. Sonradan isə cavabdeh avtomobili qaytarıb şirkətə. Çünki sözügedən qəza zamanı iddiaçı şəhid abidəsinə dəymişdi, avtomobilə ciddi ziyan dəymişdi. Cavabdeh bir neçə min manat təmir xərci çəkib. Məhkəmə izahatı dinləyib, iş mateirallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır. Məhkəmə, ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. İşdə olan Cəlilabad rayon Polis Şöbəsinin HK-1-3108 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair şikayəti əsasında araşdırma aparılmış və araşdırmanın nəticəsi olaraq mübahisənin mülki xarakterli olması göstərilərək məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin qərardan görünür ki, Cavabdeh verdiyi izahatında göstərmişdir ki, onun bacanağı İddiaçı ilə heç bir ədavəti yoxdur. Təxminən 10 ay əvvəl İddiaçı avtomobil almaq istədiyini deyəndə o da özünə məxsus “Mersedes 190” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobili ona satmasını təklif etmiş, İddiaçı sürücülük vəsiqəsinin olmadığını deyərək avtomobilin onun adına qalmasını deyəndə onunla razılaşmış, habelə ilkin ödəniş ödəmədən 24 aya 300 manat avtomobil üçün ödəniş edəcəyi ilə razılaşmışlar. İddiaçı 8 ay müddətinə 300 manat olmaqla 2400 manat pul ödəmişdir. Təxminən 4 ay əvvəl İddiaçı həmin avtomobil ilə yol nəqliyyat hadisəsi törətdiyi üçün avtomobilə ziyan dəymişdir. Təxminən 2 ay bundan əvvəl Səbuhi avtomobili ona verib, “səndən narazılığım yoxdur, avtomobili qaytar, aylıq ödənişi ödəyə bilmirəm” sözünü demiş, o da Səbuhidən avtomobili vurulmuş vəziyyətdə sonuncunun razılığı ilə almışdır. Onun Səbuhiyə veriləsi pul borcu yoxdur. Səbuhinin ona 6000 manat pul ödəməsi yalandır. O, Səbuhiyə ödədiyi pulun sonuncu tərəfindən geri qaytarılacağı halda avtomobili Səbuhiyə verməyə razıdır. İşdə olan ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə olmaqla cavabdehə məxsus kart hesabına ümumilikdə 5096 manat pul köçürülmüşdür. Tərəflərin izahatlarına və iş materiallarına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər cavabdehin icarə hüququ əsasında istifadəsində olan avtomobilin cavabdeh tərəfindən iddiaçıya ikinci əldən kirayəyə verilməsi barədə razılığa gəlmişlər, iddiaçı hər ay 300 manat olmaqla 24 ay müddətinə avtomobilin dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür, o, müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə olmaqla 14 ay ərzində cavabdehə cəmi 5096 manat ödəmişdir, sonradan isə cavabdeh iddiaçıdan avtomobili geri almışdır. İşdə olan ödəniş qəbzləri ilə müəyyən edilmişdir ki, avtomobilə görə aylıq ödənişlər iddiaçı tərəfindən cavabdehin bank kartına ödənilmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi arayışdan görünür ki, cavabdeh avtomobili xx.xx.2025-ci il tarixdə avtomobili icarəyə verən şirkətə qaytarmışdır, bunun əvəzində pul almışdır və avtomobili qaytarmağının səbəbi aylıq icarə haqqını ödəyə bilməməsi olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının əmlakı hesabına əsassız varlanmışdır. Belə ki, o, özünə məxsus olmayan, icarəyə götürmüş olduğu əmlakı qanunsuz olaraq, yəni kirayə verənin razılığı olmadan iddiaçıya ikinci əldən kirayəyə vermiş və ödəməli olduğu aylıq icarə haqlarını iddiaçıdan almışdır, həmin pulların cavabdeh tərəfindən icarəyə verənə ödənilməsi, habelə avtomobili kirayə verənin razılığı ilə iddiaçının istifadəsinə verilməsi isə iş materialları ilə müəyyən edilməmişdir, bu barədə cavabdeh tərəfindən sübut təqdim edilməmişdir. Cavabdeh avtomobili geri almasının səbəbi kimi iddiaçının yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində avtomobilə maddi zərər dəydiyini göstərsə də məhkəmə hesab edir ki, həmin hal iddiaçıdan avtomobilin geri alınması üçün əsas hesab edilə bilməz, çünki cavabdeh bununla bağlı subyektiv hüquqa malik olmamışdır. Həmin hüquq icarəyə verənə məxsus olmuşdur. Habelə iş materiallarında olan foto şəkillərdən həmin zərərin məbləğinin cavabdehin dediyi həcmdə deyil, cüzi olduğu görünür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 683.1-ci maddəsinə əsasən kirayə verənin icazəsi olmadan kirayəçinin kirayəyə götürdüyü əşyanı kirayəyə verənin ailəsinin tərkibinə daxil olmayan üçüncü şəxsin istifadəsinə vermək, o cümlədən əşyanı ikinci əldən kirayəyə vermək hüququ yoxdur. İddianın 900 manat pul tələbi hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hər hansı sübut təqdim edilmədiyinə görə iddia həmin hissədə əsassızdır. Bu barədə məhkəmə tərəfindən verilmiş suala cavab olaraq da iddiaçı bildirmişdir ki, həmin pulu cavabdehə nağd qaydada təklikdə vermişdir, hər hansı şahidi və ya digər sübutu yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunin 70.96 (yetmiş manat doxsan altı qəpik) manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5096 (beş min doxsan altı) manat pul və 70.96 (yetmiş manat doxsan altı qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-2176/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2176/2025
06.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver