Məhkəmə qərarları › İş №2(073)-2200/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2200/2023

15.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2200/2023 15.12.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 4490 manat pul tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4490 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, Cavabdeh mərhum qızı Hüseynova (Əliyeva) Samirə Malik qızı ilə ailə qurmuş və onların iki uşaqları doğulmuşdur. Lakin sonradan aralarında olan narazılıqlara görə ailə münasibətləri soyumuş, məhkəmənin müvafiq qətnaməsi ilə aralarında olan nikah qeydi pozulmuş və uşaqlarının saxlanılması üçün ondan aliment tutularaq X3 verilməsi qət edilmişdir. Tələb olunan 4490 manat aliment borcunu ödəyə bilmədiyi üçün barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanılaraq baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir. Cinayət işi məhkəmənin icraatında olarkən Hüseynova (Əliyeva) Samirə Malik qızı xəstəlikdən vəfat etdiyi üçün atası, yəni iş üzrə Cavabdeh onun hüquqi varisi qismində tanınmışdır. Həmin vaxt o, həbsdə olduğu üçün yaxınları tərəfindən həmin məbləğ məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi Cavabdeh ödənilmiş və bu səbəbdən o, cinayət məsuliyyətindən azad olmaqla, barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Lakin həmin məbləğ 2 azyaşlı uşağının saxlanılması üçün müəyyən edilmiş məbləğ olmasına baxmayaraq, Cavabdeh həmin məbləği öz şəxsi ehiyacları üçün xərcləmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasnı xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında bildirdi ki, iddiaçı onun keçmiş kürəkənidir. İddiaçı ilə mərhum qızı X4 ilə ailə qurmuş və onların evliliyindən 2 uşaqları doğulmuşdur. Lakin sonradan onların ailə münasibətləri korlanmış, məhkəmənin müvafiq qətnaməsi ilə aralarında olan nikah qeydi pozulmuş və azyaşlı uşaqların saxlanılması üçün İddiaçı aliment tutularaq qızı Samirə Hüseynovaya verilməsi qət edilmişdir. Lakin İddiaçı aliment öhdəliyini yerinə yetirmədiyi üçün onun 4490 manat aliment borcu yaranmış və İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanılaraq baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir. Cinayət işi məhkəmənin icraatında olarkən qızı Samirə Hüseynova xəstəlikdən vəfat etdiyi üçün o, mərhum qızının hüquqi varisi qismində tanınmışdır. Həmin vaxt İddiaçı həbsdə olmuş və onun yaxınları tərəfindən həmin 4490 manat aliment borcu məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi kimi ona ödənilmiş və o, da həmin məbləği nəvələrinin ehtiyacları üçün xərcləmişdir. Həmçinin İddiaçı 4490 manat aliment borcunu ödədiyi üçün cinayət məsuliyyətindən azad olmaqla, barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Buna görə də iddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, işdə olan cinayət işinin icraatına xitam verilməsi haqqında Cəlilabad Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2(073)-181/2022 saylı qərarından görünür ki, Əliyev X2 Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli, 2(073)-1659/2019 saylı qətnaməsi müəyyən edilmiş alimenti üzrsüz səbəbdən icra etmədiyinə görə zərərçəkmiş şəxs Hüseynova (Əliyeva) Samirə Malik qızına 4490 manat məbləğində aliment borcu yaranmış və bu səbəbdən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Lakin məhkəmə istintaqı ərəfəsində İddiaçı zərərçəkmiş şəxs Hüseynova (Əliyeva) Samirə Malik qızına olan 4490 manat aliment borcunu zərərçəkmiş şəxsin hüquqi varisi Cavabdeh tam ödədiyindən onun barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı tələb etdiyi 4490 manat pul məbləği, Cəlilabad Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli, 2(073)-1659/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş və zərərçəkmiş şəxs Hüseynova (Əliyeva) Samirə Malik qızına olan aliment borcu olmuş və X4 17 oktyabr 2022-ci il tarixdə ağ ciyər-ürək çatışmamazlığından ölməsi səbəbindən həmin 4490 manat məbləğində aliment borcu X1 hüquqi varisi Cavabdeh ödənilmiş və bu səbəbdən İddiaçı barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı cavabdehdən 4490 manat pulun alınaraq ona verilməsi tələbi əsassızdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən törədilmiş cinayət nəticəsində zərər çəkmiş şəxs ölmüşsə, bu maddədə nəzərdə tutulmuş zərər çəkmiş şəxsin hüquqlarını onun yaxın qohumları həyata keçirirlər. Ölmüş zərər çəkmiş şəxsin yaxın qohumları olmadıqda, digər qohumları, onlar da olmadıqda və ya həmin şəxslər bu Məcəllənin 106.2-ci maddəsinə əsasən hüquqi varis hesab edilə bilmədikdə, zərər çəkmiş şəxsin hüquqları cinayət prosesini həyata keçirən orqanın qərarı əsasında müvafiq ərazi üzrə fəaliyyət göstərən vəkil qurumunun rəhbərinin təyin etdiyi vəkil tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən hadisə nəticəsində ölmüş zərər çəkmiş şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri zərər çəkmiş şəxsin hüquqi varisi hesab olunur. Ölmüş zərər çəkmiş şəxsin yaxın qohumları olmadıqda, digər qohumları, onlar da olmadıqda və ya həmin şəxslər bu Məcəllənin 106.2-ci maddəsinə əsasən hüquqi varis hesab edilə bilmədikdə, bu Məcəllənin 87.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təyin edilmiş vəkil həmin cinayət işi üzrə icraatda zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınır. Həmin Məcəllənin 106.5-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin hüquqi varisi cinayət təqibi üzrə icraatda zərər çəkmiş şəxsin əvəzinə iştirak edir. Bu zaman o, zərər çəkmiş şəxsin ifadə vermək hüququndan və şəxsiyyətin ayrılmaz hüquqları istisna olmaqla, digər hüquqlardan istifadə edir və digər vəzifələr daşıyır. Zərər çəkmiş şəxsin hüquqi varisi zərər çəkmiş şəxs kimi eyni əsaslar üzrə xüsusi ittihamçı hüquqlarından istifadə edə və onun vəzifələrini daşıya bilər. Həmin Məcəllənin 106.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin hüquqi varisi bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqları və vəzifələri yerinə yetirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı cavabdehdən 4490 manat pulun alınaraq ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin edilməməsi qənaətinə gəldiyindən hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 65 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddiaçı Cavabdeh qarşı cavabdehdən 4490 manat pulun alınaraq ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 65 (altmış beş) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar