Məhkəmə qərarları › İş №2(073)-222/2025

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-222/2025

21.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-222/2025 21.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləğinin həcminin artırılması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 mart 2013-cü il tarixdə anadan olmuş X3 və 13 avqust 2016-cı il tarixdə anadan olmuş X1 üçün Cəlilabad rayon məhkəməsinin 31 may 2024-cü il tarixli, 2(073)-1168/2024 saylı qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində müəyyən edilməsi və cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb belə nəticəyə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, Cavabdeh ilə 2012-ci ildə faktiki olaraq evlənmiş, lakin nikahını, rəsmiləşdirməmişdir. Birgə yaşadıqları müddətdə onıarın 14 mart 2013-cü ildə X6 və 13 avqust 2016-cı ildə X8 doğulmuşdur. Uzun müddət birlikdə mehriban yaşasalar da, xasiyyəti uyğun gəlmədiyi üçün faktiki olaraq bir neçə ildir ki, ayrılmışlar. Uşaqlar hazırda onunla birlikdə yaşayır. Uşaqları da birlikdə valideynlərinin himayəsində yaşayır və cavabdehlə aralarında heç bir bağ qalmamışdır. Öz zəhməti ilə uşaqlarını böyüdür. Ayrıldıqdan sonra Cəlilabad rayon məhkəməsinin 31 may 2024-cü il tarixli, 2(073)- 1168/2024 saylı qətnaməsinə əsasən cavabdehdən hər ay hər uşaq üçün 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Həmin qətnamə ilə cavabdehdən tutulan alimentin miqdarı uşaqlarımın normal saxlanılması üçün kifayət etmir. Bundan əlavə özüm hazırda heç yerdə işləmir və uşaqların maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Cavabdehin maddi imkanı yaxşıdır və uşaqlarına tələb edilən alimenti ödəmək iqtidarındadır. Buna baxmayaraq cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentdən başqa uşaqlarının maddi cəhətdən saxlanmasında mənə köməklik etmir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli, 2(073)- 1168/2024 saylı qətnaməsindən görünür ki, 02 aprel 2024-cü il tarixdən başlayaraq 14 mart 2013-cü il təvəllüdlü X5 və 13 avqust 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarının “8.4-1-ci bəndində qey edilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin qərarın 8.4-2-ci bəndində isə qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndindi göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tələb təyin edilmiş alimentin indeksasiyasından ibarət olduğundan, İddiaçı hazırki iddia tələbi mülki məhkəmə icraatında baxılmalı olmadığından həmin mülki iş üzrə icraata xitam verilməlidir. Tələbkara Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsinə əsasən alimentin məbləğinin indeksasiyası məqsədi ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçı Cavabdeh qarşı məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləğinin həcminin artırılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tələbkara izah edilsin ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən alimentin məbləğinin indeksasiyası məqsədi ilə məhkəməyə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar