Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2258/2024 22.11.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə İddiaçı Cavabdeh Əlihüseyn oğluna qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Əlihüseyn oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Əlihüseyn oğlundan 5800 ( beş min səkkiz yüz) manat pulun və 78 (yetmiş səkkiz) manat dövlət rüsumunun, cəmi 5878 (beş min səkkiz yüz yetmiş səkkiz) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ildə Cavabdeh Əlihüseyn oğlu iddiaçıya borc pula ehtiyacının olduğunu bildirmiş və ona 2 ay müddətində 5800 manat pulu borc verməyini xahiş etmişdir. İddiaçı cavabdehlə aralarında olan tanışlıq və dostluq münasibətinə əsaslanaraq həmin pulu ona vermiş və öz aralarında sadə şəkildə borc müqaviləsi imzalamışlar. Lakin cavabdeh bu günə kimi üzərinə götürdüyü öhədliyi yerinə yetirməyərək aldığı pulu qaytarmamışdır. Daha sonra cavabdeh borcun etirafı barədə notoriat ofisində ərizə imzalamışdır. İddiaçı dəfələrlə cavabdehə müraciət edərək pulunu istəsə də cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1, 739.2, 740, 748.1, 385.1-ci maddələrinə istinad edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək hərbçi olduğu üçün məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxıb onun xeyrinə qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh Əlihüseyn oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib və onlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır. Belə ki, işdə olan və şahid X1 iştirakı ilə tərəflər arasında imzalanmış borc müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 2 ay müddətinə qaytarılmaq şərtilə 5800 manat məbləğində pul borc verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, Cavabdeh Əlihüseyn oğlu İddiaçı ona qarşı pul tələbinə dair iddiasını tam şəkildə qəbul etdiyini və işi ilə əlaqədar məhkəmədə iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehdən ona olan borcunu ödəməsini tələb etmiş, əks halda məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə müəyyən etmişdir ki, tərəflərin arasında borc münasibətləri mövcud olmuş, iddiaçı müqavilə üzrə öhdəliyinə əməl edərək 5800 manat pulu cavabdehin mülkiyyətinə versə də cavabdeh həmin pulu qaytarmaq barədə öhdəliyinə əməl etməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 78 manat dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Əlihüseyn oğlundan 5800 (beş min səkkiz yüz) manat pul və 78 (yetmiş səkkiz) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-2258/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2258/2024
22.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver