Məhkəmə qərarları › İş №2(073)-2262/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2262/2024

28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2262/2024 28.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 12720 (on iki min yeddi yüz iyirmi) manat pul və ödənilmiş 129 (bir yüz iyirmi doqquz) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, o, Cəlilabad rayonu, Abışabad kəndində yaşayır. Kənd təsərrüfatı məhsullarının alqısatqısı ilə məşğul olub ailəsini dolandırır. Özü 44 günlük Vətən müharibəsi iştirakçısıdır. Düşməndən torpaqlarımızın alınmasında şəxsən iştirak etmişdir. Cəlilabad rayon Uzuntəpə kənd sakini Cavabdeh1 xx.xx.2024- cü il tarixdə həmkəndlisi X2 ilə onların yaşadıqları evə gələrək Cavabdeh1 və Cavabdeh2 adlı şəxslərin noxud alveri ilə məşğul olduqlarını və onları yaxından tanıdığını, eyni zamanda verdiyi mala zamin duracağını bildirərək onlara nisyə mal verməsini xahiş etmişdir. O da ona etibar edib Şiləvəngə kənd sakini Cəlal adlı şəxsdən 7520 manat dəyərində 3.3 ton noxudu və Masallı rayon sakini Zaur adlı şəxsdən 5200 manat dəyərində 3 ton noxudun pulunu nağd formada Elnur Abdinovla birlikdə ödəyərək Cavabdeh1 və Cavabdeh2 noxud məhsulunu vermiş, onlar da borcu bir həftəyə qaytaracağını söz vermişlər. Məhsulu nağd şəkildə alıb onlara nisyə verməkdə məqsədi satılmış hər 1 kq noxud məhsulunda 0.15 qəpik qazancın olması idi. Lakin cavabdehlərlə bir həftədən sonra əlaqə saxlamağına baxmayaraq onların müxtəlif bəhanələr gətirdiyini və onun aldadıldığını hiss edərək dərhal Cəlilabad RPŞ-nə müraciət etmişdir. Ona məlum olub ki, cavabdehlərin ondan başqa digər şəxslərə də borcları var və hal hazırda məhkəmənin icraatındadır. Cəlilabad RPŞ-də araşdırma aparılmış, Cavabdeh1 və Cavabdeh2 ona borcları olduğunu etiraf edib noxud məhsulunu sata bilmədiklərini üçün borclarını ödəyə bilmədiklərini bildirmişlər. Cavabdehlər bu günədək ona olan borclarını ödəməmişlər. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, iddia olunan borcun ona aidiyyatı yoxdur. O, reysə çıxaraq yük daşınma ilə məşğul olur. Onun işi həmin noxudun daşınması olub. İddianı ona münasibətdə əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın ona münasibətdə təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslıdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. İşdə olan Cəlilabad rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı şikayəti əsasında araşdırma aparılmış, araşdırmanın nəticəsi olaraq mübahisənin mülki xarakterli olması göstərilərək məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin qərardan görünür ki, Cavabdeh1 izahatında göstərmişdir ki, o, İddiaçı X1 vasitəsilə tanımışdır. Onlar birlikdə al-ver etmək qərarına gəlmişlər. Elnur Abdinov və Namiq Sadıqov nağd şəkildə noxud alıb ona və tanışı Cavabdeh2 verməli idilər. Onlar isə satdıqları noxudun hər kiloqramında 0.15 qəpik verməli idilər. Beləliklə, xx.xx.2024-cü il tarixdə onlar birlikdə Şiləvəngə kənd sakini Cəlal adlı şəxsdən 7520 manat dəyərində 3.3 ton noxudu almışlar, həmin noxuddan 5400 manatını Raminə vermişlər, Ramin həmin pulu onun yanında Cəlala vermiş, qalan 2100 manat pulu isə Cəlala Elnur və Namiq özü ödəmişdir. xx.xx.2024-cü il tarixdə onlar birlikdə Masallı rayonuna gedib Zaur adlı şəsdən 5200 manat dəyərində 3 ton 50 kiloqram noxudu almlşlar, həmin pulu Cəlilabad şəhəri, Cavadxan küçəsində Elnur və Namiq ona vermiş, o da həmin pulu Zaura ödəmişdir Aralarında olan razılaşmaya görə o, noxud məhsulunu bir neçə günə satıb onlara verdikləri pulu və hər kiloqramına görə əlavə olaraq 0.15 qəpik ödəməli idi. Hazırda onlar noxud məhsulunu lazım olan qiymətə sata bilmədikləri üçün Elnur və Namiqin verdikləri ümumilikdə 12720 manat pulu və gələn qazancın hər kiloqramına görə olan 0.15 qəpik pulları ona ödəyəcəklər. Əlavə suala cavab olaraq bildirmişdir ki, o və şəriki Ramin, İddiaçı və Elnur Abdinova ümumilikdə 12720 manat pul borcları vardır. Satdıqları hər noxudun kiloqramına görə 0.15 qəpik əlavə pul ödəyəcəklər, lakin hazırda onlar noxudu sata bilmədikləri üçün onlara olan borclarını qaytara bilmirlər. Həmin qərardan görünür ki, Cavabdeh2 da izahat verərək Cavabdeh1 izahatında qeyd olunan xüsusatları bir daha təsdiq etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında şifahi borc müqaviləsi bağlanmış, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının vasitəsilə, həmçinin ondan (iddiaçıdan) aldıqları borc pul hesabına ümumilikdə 12720 manatlıq nisyə noxud almışlar, həmin noxudu satdıqdan sonra əsas borcu və satılacaq hər kiloqram noxuda görə əlavə 0.15 manat vəsaiti iddiaçıya ödəmək barədə vəd götürsələr də vədlərinə əməl etməmişlər, öhdəliklərini icra etməmişlər. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında Cavabdeh1 iddia olunan borcun ona aidiyyatının olmadığını bildirsə də, Cəlilabad rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı”ndan görünür ki, Cavabdeh1 izhatında onun və şəriki Raminin İddiaçı və Elnur Abdinova ümumilikdə 12720 manat pul borcları olduğunu etiraf etmişdir. Bu səbəbdən də Məhkəmə Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatını mötəbər sübut növü kimi qəbul etmir və özünü müdafiə kimi qiymətləndir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir, iddiaçıya olan borc, həmin borcun hansı hissəsinin cavabdehlərdən hansına aid olmasına münasibətdə polis orqanında cavabdehlərin verdikləri izahatlarda ümumi borc olmasını göstərdiklərinə görə cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12720 (on iki min yeddi yüz iyirmi) manat pul və ödənilmiş 129 (bir yüz iyirmi doqquz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar