Məhkəmə qərarları › İş №2(073)-2272/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2272/2024

27.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2272/2024 27.09.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əsassız ödənilmiş 800 manat pulun, iddia ərizəsinin tərtib edilməsi üçün Bakı şəhəri 29 saylı Vəkil Bürosuna ödənilmiş 70 manat dövlət rüsumunun, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 900 (doqquz yüz) manat məbləğində pulun tutularaq ona (iddiaçıya) ödənilməsi dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianın həcminin azaldılmasına dair ərizə verərək, ərizəsində göstərmişdir ki, məhkəməyə müraciət etdikdən sonra cavaabdeh ona olan borcundan 200 manat pul ödəmişdir. Hazırda Cavabdeh 600 manat pul, iddia ərizəsinin tərtib edilməsi üçün Bakı şəhəri 29 saylı Vəkil Büronsuna ödənilmiş 70 manat xidmət haqqı, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 700 (yeddi yüz) manat məbləğində pulun tutularaq ona (iddiaçıya) ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iddianı müdafiə etdiyini bildirmiş, işə onun iştirakı olmadan bxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh mebel ustası kimi tanımış və ona divan, kreslo, stol-stul dəsti sifariş vermişdir. Ümumilikdə mebellərin düzəldilməsi və çatdırılması üçün cavabdehə 2700 manat məbləğində ödəniş etmişdir. 19 sentyabr 2022ci il tarixdə ödənişi tam olaraq cavabdehə ödəmiş və bu barədə iddiaçıya mədaxil qəbzi də verilmişdir. 2700 manat məbləğdən 1500 manat hissəsi divan-kreslonun ödənişi, 1200 manat isə stol-stulun ödənişi olmuşdur. Sifarişlər təxminən 1 ay sonra, 2022-ci ilin noyabr ayında ona təhvil verilmiş və təhvil verilən zaman divan və kreslonun istifadə üçün yararlı olması, stol-stul dəstinin isə lazımi keyfiyyətdə və sifariş verdiyi ölçülərdə düzəldilməməsini müəyyən etmişdir. Bu zaman stolu həmin an geri qaytararaq, stolun dəyəri olan 400 manat məbləği ümumi ödənişdən çıxmışdır. Digər 8 ədəd stulun hər biri 100 manat olmaqla, ümumilikdə 800 manat hissəsi isə sifarişlərinin düzgün düzəlməməsi səbəbindən cavabdeh 17 gün müddətində ödəyəcəyini bildirmişdir. Bu barədə ona qəbz də təqdim etmiş və öz imzası ilə təsdiq etmişdir, lakin həmin vaxtdan uzun müddət keçməsinə, cavabdehə dəfələrlə müraciət etməyinə baxmayaraq, 800 manat məbləği ödəməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Cavabdehin onu aldadaraq 800 manat pulunu ələ keçirməsi ilə bağlı Nizami Rayon Polis İdarəsinə müraciət etsə də mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququnun olduğunu bildirmişlər. Dəfələrlə cavabdehə müraciət edərək ödənişin geri qaytarılmasını tələb etməyimə baxmayaraq, müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina edir. Buna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 1091.2, 1092.1, 1093.1-ci maddələrinə istinad edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmənin 04 sentyabr 2024-cü il tarixdə keçirilmiş hazırlıq iclasında iştirak edən cavabdeh iddianı etiraf etmişdir, həqiqətən də tələb olunan məbləğdə iddiaçıya borcunun olduğunu bildirmişdir. Qeyd etmişdir ki, işində olan durğunluq və digər maliyyə çətinliklərinə görə işlətdiyi mebel sexinin fəaliyyətini dayandırmışdır, ciddi maddi zərərlə qarşılaşmışdır. Lakin tələb olunan 800 manat puldan 200 manatı iddiaçıya ödəmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçının əri, məhkəmənin 04 sentyabr 2024-cü il tarixli hazırlıq iclasında iddiaçı ilə birgə iştirak etmiş iddiaçının nümayəndəsi Güləliyev İzzət tərəfindən cavabdehə avadanlıqlar üçün 2700 manat ödənilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən avadanlıqlar üçün ödənilmiş 800 manat pulun 17 gün ərzində cavabdeh tərəfindən iddiaçıya geri qaytarılması razılaşdırılmışdır. İşdə olan “whatsapp” platforması üzərindən aparılmış yazışmalardan görünür ki, iddiaçı dəfələrlə cavabdehdən borcunu qaytarmağı tələb etmiş, cavabdeh isə hər dəfə müxtəlif səbəblərdən ödənişdən yayınmışdır. İşdə olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziyadan görünür ki, iddiaçı cavabdehdən 800 manat borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, 932 saylı mədaxil orderindən görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri 29 saylı Vəkil Bürosuna hüquq xidməti üçün 70 manat pul ödənilmişdir. İşdə olan qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsum ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, cavabdehin iddianı etiraf etməsi və bu etirafın digər iş materialları və işin halları ilə birgə qanunauyğun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 600 manat pul, iddia ərizəsinin tərtib edilməsi üçün Vəkil Bürosuna ödənilmiş 70 manat xidmət haqqı və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 700 (yeddi yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar