Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2321/2024 14.11.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, qiyabi icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 26700 manat pulun və dövlət rüsümü kimi ödədiyim 171 manat pulun alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməyinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Qeyd olunanları və işə qiyabi icraat qaydasında baxılması barədə iddiaçının yazılı razılığını nəzərə alaraq, məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, o, Cəlilabad rayonu Üçtəpə kəndində yaşayır və şəxsi təsərrüfatında kartof məhsulunu əkib-becərib sataraq ailəsini dolandırır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təxminən 3 ilə yaxındır tanıyır. 2024-cü ilin iyun ayında kartof sezonu vaxtı, cavabdehlər özlərinə məxsus avtomobillə ona yaxınlaşaraq kartof məhsulu almaq istədiklərini və bir həftə ərzində aldıqları məhsulun pulunu ödəyəcəklərini bildirmişlər. O, aralarında olan razılaşmaya əsasən cavabdehlərə 26700 manat dəyərində kartof məhsulunu nisyə satmış və cavabdehlər də məhsulun dəyərini 1 həftə müddətində ödəyəcəklərini öhdələrinə götürmüşlər. Lakin cavabdehlər verdikləri vədə əməl etməyərək pulu vaxtında ödəməmişlər. Bu səbəbdən o, dəfələrlə cavabdehlərlə telefon əlaqəsi saxlamasına baxmayaraq, cavabdehlər hər dəfə müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən boyun qaçırmışlar, hətta sonda telefon zənglərinə cavab verməmişlər. Bundan sonra aldadıldığını hiss edərək dərhal Cəlilabad RPŞ-nə müraciət etmiş və orada ona məlum olmuş ki, cavabdehlərin ondan başqa digər şəxslərə də külli miqdarda borcları vardır. Cəlilabad RPŞ-də araşdırma aparılmış və cavabdehlər ona borclu olduqlarını etiraf edərək, borclarını ödəyə bilmədiklərinin səbəbini kartof məhsulunun xarab olması və sata bilmədikləri ilə əsaslandırmışlar. Cəlilabad RPŞ-nin TB-nin təhqiqatçısı xx.xx.2024-cü il tarixli qərarı ilə mülki xarakterli olduğu üçün həmin məsələ ilə bağlı məhkəməyə müraciət etməsi ona tövsiyyə olunmuşdur. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının və şahidlərin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X2 verdiyi izahatında bildirdi ki, o, günəmüzd işləməklə ailəsini dolandırır. İddiaçı ilə onun sahəsində işləyərkən tanımışdır. O, 2024-cü ilin kartof sezonunda digər fəhlələrlə iddiaçının torpaq sahəsindən çıxardığı kartof məhsulunu hər yük avtomobilinə 570-580 kisə yığmaqla, 3 yük avtomobilinə yığmışlar. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aldıqları kartof məhsulunu nisyə almışlar. İddiaçı ilə cavabdehlərin razılaşdıqları vaxtda o, da onların yanında olmuşdur, onun və digər fəhlələrinin zəhmət haqqını ödədikdən sonra iddiaçıya qalan borcu 1 həftə ərzində ödəyəcəklərinə söz vermişlər. Ümumilikdə cavabdehlər iddiaçıdan 26700 manat dəyərində kartof məhsulunu nisyə almışlar. O, təsdiq edir ki, hazırda cavabdehlərin İddiaçı 26700 manat məbləğində borcu vardır. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X3 verdiyi izahatında bildirdi ki, o, günəmüzd işləməklə ailəsini dolandırır. 2024-cü ilin kartof sezonunda digər fəhlələrlə birlikdə İddiaçı torpaq sahəsində işləyərkən, 2 nəfər şəxs gəlib iddiaçıdan kartof məhsulunu nisyə almışlar və həmin vaxt cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tanımışdır. O və digər fəhlələr çıxarılan kartof məhsulunu 3 yük avtomobilinə yığmışlar. İddiaçı ilə cavabdehlərin razılaşdıqları vaxtda o, onların yanında olmamış və bu səbəbdən də məhsulun dəyərini dəqiq bilmir. O, hazırda cavabdehlərin İddiaçı borcları olduğunu təsdiq edir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X4 verdiyi izahatında bildirdi ki, o, günəmüzd işləməklə ailəsini dolandırır. 2024-cü ilin kartof sezonunda digər fəhlələrlə birlikdə İddiaçı torpaq sahəsində işləyərkən, 2 nəfər şəxs gəlib iddiaçıdan kartof məhsulunu nisyə almışlar və həmin vaxt cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tanımışdır. O və digər fəhlələr çıxarılan kartof məhsulunu 3 yük avtomobilinə yığmışlar, sonuncu dəfə iddiaçının həyətindən yığmışlar. İddiaçı ilə cavabdehlərin razılaşdıqları vaxtda o, onların yanında olmamış və bu səbəbdən də məhsulun dəyərini dəqiq bilmir. O, təsdiq edir ki, hazırda cavabdehlərin iddiaçıya borcları vardır. İş materialında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 02 avqust 2024-cü il tarixli qərardan görünür ki, Cavabdeh1 və Nağıyev X1 RPŞ-nin TB-də verdikləri izahatlarında İddiaçı 26700 manat borclu olduqlarını etiraf etmişlər. İşdə olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı iddianın verilməsi ilə əlaqədar 171 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2024-cü ilin iyun ayında İddiaçı 26700 manat dəyərində kartof məhsulunu nisyə almışlar və bir həftə ərzində məhsulun pulunu ödəyəcəklərini öhdələrinə götürmüşlər. Lakin cavabdehlər razılaşdıqları vaxtdan üzun müddət keçməsinə baxmayaraq, üzərlərinə götürdükləri öhdəliklərəri yerinə yetirməmişlər və bu səbəbdən də iddiaçıya 26700 manat borcları yaranmışdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Odur ki, hazırki mübahisə üzrə cavabdehin iddiaçıya 26700 manat borcunun yaranmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Yaranmış borcun qaytarılmasını sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı X6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 26700 manat pul tələbində haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İş materiallarından göründüyü kimi cavabdehlər müqavilə üzrə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmədiklərindən onların iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 26700 manat alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.4-ci maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Həmin Məcəllənin 242-ci maddəsinə əsasən qiyabi qətnamənin məzmunu bu fəslin və bu Məcəllənin 16-cı fəslinin qaydaları ilə müəyyən edilir. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 171 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada borca görə 26700 (iyirmi altı min yeddi yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 171 (bir yüz yetmiş bir) manat alınıb İddiaçı verilsin. Cavabdeh qiyabi qətnaməni aldığı vaxtdan etibarən 10 (on) gün ərzində onun ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə ilə müraciət edə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-2321/2024
Cəlilabad Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(073)-2321/2024
14.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver