Məhkəmə qərarları › İş №2(073)-234/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-234/2025

13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-234/2025 13.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh MehtiyevFərqan Əli oğluna qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh MehtiyevFərqan Əli oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh MehtiyevFərqan Əli oğlundan 1000 (bir min) manat pul və 30 (otuz) manat manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh MehtiyevFərqan Əli oğlu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında İddiaçı iddia müdafiə edərək izahatında göstərmişdir ki, o (iddiaçı), xx xxxx 1984-cü il tarixində Cəlilabad rayonu Üçtəpə kəndində doğulmuşdur. Hazırda ailə üzvləri ilə birlikdə Cəlilabad şəhərində yaşayır. Fiziki şəxs kimi Cəlilabad rayonu ərazisində yerləşən "xxxx" MMC bazarında qızıl-zinət əşyalarının satışı ilə məşğu olur. Cavabdehi rayon sakini kimi tanımışdır. Hər bir rayon sakini kimi cavabdeh də ondan qızıl əşyaları almış, lakin pulunu qaytarmamışdır. Belə ki, Cavabdeh 2023-cü ilin dekabr ayında onun (iddiaçının) "xxxx" MMC-nin bazarında yerləşən qızıl dükanından ümumi dəyəri 1250 manat olan 583 əyarlı 1 cüt sırğa, 1 ədəd üzük, 1 ədəd sep almışdır. Cavabdeh ondan aldığı həmin qızılların pulunu 2024-cü ilin yanvar ayının sonuna kimi qaytaracağını öhdəsinə götürsə də, həmin puldan 250 manatını qaytarmış, qalan 1000 manatı isə bu günə qaytarmamışdır. Həmin halı təsdiq edəcək cavabhehlə aralarında olan “WhatsApp” yazışmaları vardır. Dəfələrlə cavabdehdən aldığı qızılların pulunu ödəməsini tələb etsə də, cavabdeh qalan 1000 manat pulu qayarmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan, “Whatsapp” platforması üzərindən aparılmış yazışmalarından görünür ki, cavabdeh iddiaçıya 1000 manat borclu olmasını etiraf edir, iddiaçı həmin borcu cavabdehdən tələb edir, cavabdeh isə öhdəliyin icrasından yayınır. Cavabdehlə yaradılmış telefon əlaqəsi zamanı cavabdeh həqiqətən də iddiaçıdan qızıl-zinət əşyaları aldığını təsdiq etmiş və 1000 (bir min) manat borclu qaldığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında şifahi nisyə alqı-satqı müqaviləsi bağlanılmışdır, iddiaçı öhdəliyini icra edərək müqavilənin predmeti olan malları cavabdehə təhvil versə də, cavabdeh ödəniş öhdəliyini lazımınca icra etməmiş və iddiaçıya 1000 (bir min) manat borclu qalmışdır. Nisyə alqı-satqı münasibətlərini tənzimləyən Mülki Məcəllənin normalarına əsasən alıcı tərəfindən ödəniş öhdəliyi icra edilmədikdə satıcı verilmiş malın qaytarılmasını və ya dəyərinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MehtiyevFərqan Əli oğlundan 1000 (bir min) manat pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar