Məhkəmə qərarları › İş №2(073)-235/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-235/2023

01.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-235/2023 01.03.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Füzuli oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 673 manat maddi ziyanın və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 673 manat maddi ziyanın və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını əsaslandıraraq bildirdi ki, o, 03 noyabr 2022-ci il tarixdə idarə etdiyi «Mercedes-Benz» markalı, ** OK *** dövlət qeydiyyat nişanlı avtomobillə Cəlilabad şəhəri dairə adlanan ərazidən İran bazarı istiqamətində hərəkətdə olarkən, Cavabdeh idarə etdiyi VAZ 2106 markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq onun idarə etdiyi «Mercedes-Benz» markalı, ** OK *** nömrə nişanlı avtomobillə toqquşaraq qəza törətmiş, törətmiş olduğu qəzaya görə Cavabdeh təqsiri sübuta yetirilmiş və İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Valehin təqsiri ucbatından onun avtomobilinə 673 manat məbləğində maddi ziyan dəymişdir. Həmin faktı ziyan aktı da təsdiq edir. O, cavabdehdən vurduğu ziyanı ödəməsini dəfələrlə tələb etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də iddianın təmin edilərək, cavabdehdən 673 manat maddi ziyanın və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək verdiyi izahatında bildirdi ki, 03 noyabr 2022-ci il tarixdə idarə etdiyi VAZ 2106 markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobillə Cəlilabad şəhəri Qurtuluş prospektində hərəkətdə olarkən, İddiaçı idarə etdiyi «Mercedes-Benz» markalı, ** OK *** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuş, hadisə nəticəsində İddiaçı avtomobilinə maddi ziyan dəymişdir. Ziyan çox yazılıb. Hazırda həmin ziyanı tam ödəyə bilmir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad RPŞ-nin DYPB tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərardan görünür ki, Abasov X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və onun barəsində 40 manat məblğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. İşdə olan fiziki şəxs X2 tərəfindən verilmiş 10 noyabr 2022-ci il tarixli avtomobildə görüləcək işlərin hesablanması aktından görünür ki, «Mercedes-Benz» markalı, ** OK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri ilə əlaqədar çəkiləcək xərcin ümumi məbləği 673 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh 03 noyabr 2022-ci il tarixdə, saat 09-30 radələrində idarə etdiyi VAZ 2106 markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq İddiaçı idarə etdiyi «Mercedes-Benz» markalı, ** OK *** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşaraq qəza törətmiş, toqquşma nəticəsində İddiaçı idarə etdiyi «Mercedes-Benz» markalı, ** OK *** qeydiyyat nişanla nəqliyyat vasitəsinə maddi zərər vurmuşdur. Cavabdeh hadisənin törədilməsində təqsirli bilinərək barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İşdə olan 10 noyabr 2022-ci il tarixli avtomobildə görüləcək işlərin hesablanması aktından görünür ki, «Mercedes-Benz» markalı, ** OK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri ilə əlaqədar çəkiləcək xərcin ümumi məbləği 673 manat təşkil edir. Cavabdeh isə iddiaçıya vurulmuş 673 manat ziyanı könüllü olaraq ödəmədiyindən İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Cavabdeh İddiaçı avtomobilinə vurulmuş maddi ziyana görə 673 manat borcunun olması cavabdehin özünün etiraf ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və.s) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı vurulmuş zərərin miqdarı 673 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh 673 manat məbləğində maddi zərər alınıb İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh maddi zərərə görə 673 (altı yüz yetmiş üç) manat məbləğində və 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar