Məhkəmə qərarları › İş №2(073)-2363/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2363/2025

22.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2363/2025 22.09.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Həşimzadə Şahanə İlham qızının katibliyi, İddiaçı, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Cəlilabad rayonu 1 saylı Notariat Ofisinə qarşı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC və Cəlilabad Rayon İcra və Probasiya Şöbəsi cəlb edilməklə “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Cəlilabad rayonu 1 saylı Notariat Ofisinə qarşı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC və Cəlilabad Rayon İcra və Probasiya Şöbəsi cəlb edilməklə “icra qeydinin ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilən borcun ödənilməsi haqqında xx.xx.2025-ci il tarixli, 8İ- 6719 nömrəli icra qeydinin ləğv edilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə onun arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MK-042140/23 nömrəli kredit müqaviləsi üzrə ona 36 ay müddətinə illik 21 faiz olmaqla 30.000 (otuz min) manat pul verilmişdir. Həmçinin kredit müqaviləsinin təminatı kimi Turanbank" ASC ilə X4, X13, X14 ilə 25 yanvar 2023cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin krediti 25 oktyabr 2024-cü il tarixdə axırıncı ödəniş etdikdən sonra banka 18.378,84 manat borcu qalmışdır. Sonradan isə işləri pozulduğu üçün kredit borcunu ödəyə bilməmişdir. Cavabdeh Cəlilabad rayonu 1 saylı Notariat Ofisi xüsusi notariusu X15 tərəfindən təsdiq edilən icra qeydində onun borcu cəmi 30.004,54 manat qeyd edilmişdir. Həmin borcdan 20.116,33 manat əsas borc kimi göstərilmiş, 9.863,21 manat isə cərimə kimi yazılmışdır. Qeyd olunmalıdır ki, cərimənin məbləği şişirdilmişdir. Buna görə də icra qeydi üzrə mübahisəli hallar olduğundan həmin əsassız icra qeydi ləğv edilməlidir. "Notariat haqqında" Azərbaycan Respublikasının Qanunun 76-cı maddəsinin ikinci abzasında qeyd olunur ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Maddənin məzmunundan göründüyü kimi notariusun icra qeydi verməsi üçün borc üzrə mübahisə olmamalıdır. Halbuki, "Turanbank” ASC-nin hazırki tələbi üzrə mübahisə mövcuddur və borc həddindən artıq çox şişirdilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini əsassız hesab etdiyini bildirərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Nümayəndə bildirdi ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli Qərarının 3-cü bəndi icra qeydindən şikayət verilməsi üçün müddət müəyyən etmişdir. Göstərilən halları nəzərə alaraq qeyd olunan normanın tətbiq olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələri məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: -xx.xx.2023-cü il tarixli, MK-042140/2023 nömrəli kredit müqaviləsinin surətindən müəyyən olunur ki, "xxxx" ASC 36 ay müddətinə, illik 21% dərəcəsi ilə 30.000 manat pul məbləğini borc olaraq İddiaçı verməyi, İddiaçı isə kredit müqaviləsi üzrə müəyyən olunmuş qaydada və müddətlərdə ödənişlər etməyi öz üzərinə götürmüşdür. -"xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MK-042140/2023 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, X5, X13 və X14 xx.xx.2023-cü il tarixli, MK-042140/2023 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsi nəticəsində bank qarşısında borc alanla eyni şərtlər daxilində birgə məsuliyyət daşıyır; -"xxxx" ASC tərəfindən İddiaçı, X8, X11 və X3 ünvanlanmış bildiriş və onların təhvil alınmasına dair xəbərnamə və aktdan məlum olur ki, İddiaçı öhdəliklərinə 20 gün ərzində icra etmədiyi halda tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak barədə notarius tərəfindən icra qeydi aparılacağı barədə xx.xx.2025-ci il tarixində bildiriş göndərilmiş, xx.xx.2025-ci il tarixində də imza atılmaqla təhvil almışdırlar. -8i-6719 reyestr nömrəli icra qeydinin notarial qaydada təsdiqli surətindən görünür ki, MK-042140/2023 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixdə icra qeydi aparılmışdır. Həmin icra qeydinə əsasən, borclu İddiaçı, X6, X7 və X2 "xxxx"ASC-nin xeyrinə vaxtında ödənilməmiş 20.116 manat 33 qəpik (iyirmi min yüz on altı manat otuz üç qəpik) və 9.863 manat 21 qəpik (doqquz min səkkiz yüz altmış üç manat iyirmi bir qəpik), habelə tələbkar tərəfindən ödənilmiş 25 manat (iyirmi beş manat) məbləğində dövlət rüsumu tutulmalıdır; - Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, Cəlilabad rayonu 1 saylı notariat kontorunun 8i-6719 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi əsasında icraata başlanılmış və borclular İddiaçı, X6, X7 və X1 icranı 10 gün ərzində könüllü olaraq təmin etməsi təklif edilmişdir. İcra sənədinə əsasən, borclular İddiaçı, X6, X7 və X1 30.004,54 manat pul vəsaiti tutularaq, tələbkar "xxxx" ASC-yə ödənilməlidir; Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2023-cü il tarixdə MK-042140/2023 saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, "xxxx" ASC 36 ay müddətinə, illik 21% dərəcəsi ilə 30.000 manat pul məbləğini borc olaraq İddiaçı verməyi, İddiaçı isə kredit müqaviləsi üzrə müəyyən olunmuş qaydada və müddətlərdə ödənişlər etməyi öz üzərinə götürmüşdür. Kredit müqaviləsi ilə eyni gündə, yəni xx.xx.2023-cü il tarixdə, eyni tərəflər arasında "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış MK-042140/2023 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, X5, X13 və X14 xx.xx.2023-cü il tarixli, MK- 042140/2023 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsi nəticəsində bank qarşısında borc alanla eyni şərtlər daxilində birgə məsuliyyət daşıyırlar. Müəyyən müddətdən sonra iddiaçı maddi vəziyyətindən irəli gələn səbəblərlə əlaqədar kredit müqaviləsi üzrə öhdəliklərinin icrasında gecikmələrə yol verir. "xxxx" ASC tərəfindən İddiaçı, X8, X11 və X3 ünvanlanmış bildiriş məktubu göndərilmiş, öhdəlikləri 20 gün ərzində icra etmədiyi təqdirdə tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak barədə notarius tərəfindən icra qeydi aparılacağı barədə məlumatlandırılmışlar. 8i-6719 reyestr nömrəli icra qeydinin notarial qaydada təsdiqli surətindən görünür ki, MK-042140/2023 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixdə icra qeydi aparılmışdır. Hazırda icra qeydinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır... Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 161-ci bəndinə əsasən, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. 162-ci bəndinə əsasən, icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun: 6.1.4-cü bəndinə əsasən, notariusun icra qeydləri icra sənədi hesab olunur. 8.1-ci bəndinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Yuxarıda sadalanan mülki iş materiallarından və qanunvericilik müddəalarından aydın olur ki, İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2023-cü il tarixdə MK-042140/2023 saylı kredit müqaviləsi əsasında tələbkar tərəfindən edilmiş müraciət əsasında Cəlilabad rayonu 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 12 iyun 2025-ci il tarixli icra qeydinin ləğv edilməsi üçün qanuni əsasın olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə ki, icra qeydi qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmışdır. İddiaçının bildirişlərin ona çatdırılmaması barədə dəlilləri mülki işin materiallarında olan bildirişlər və poçt qəbzlərinin surətləri ilə təkzib olunur. Kreditin faiz məbləğinin şişirdilmiş olması barədə dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, notariusun icra qeydini aparması üçün borcun mübahisəsiz olması tələb olunur. Bu hal isə müvafiq kredit və zaminlik müqavilələrinin olması ilə öz təsdiqini tapır. İddiaçı öz iradə ifadəsinə uyğun olaraq, müvafiq şərlərlə tanış olaraq kredit və zaminlik müqavilələrini imzalamışdır. İcra qeydinin aparılması zamanı notarius və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməməsinə dəlalət edən hallar, o cümlədən bildirişlərin göndərilməsi, müvafiq müddətlərə riayət edilməməsini təsdiq edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçı tərəfindən borcun müəyyən hissəsinin ödənilməsi isə icra qeydinin ləğvi üçün əsas deyil. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 may 2025-ci il tarixli Qərarının 3-cü bəndi icra qeydindən şikayət verilməsi üçün müddət müəyyən olunmuşdur. Belə ki, həmin Qərarın 3-cü bəndində qeyd olunmuşdur ki, Qanunverici orqan tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində nəzərdə tutulmuş notariusun icra qeydinin mübahisələndirilməsi müddəti dəqiq müəyyən edilənədək məsələyə qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsində nəzərdə tutulmuş 10 günlük müddət tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə qeyd olunan müddət tətbiq edilərək İddiaçı cavabdeh Cəlilabad rayonu 1 saylı Notariat Ofisinə qarşı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC və Cəlilabad Rayon İcra və Probasiya Şöbəsi cəlb edilməklə “icra qeydinin ləğv edilməsi tələbi”nə dair iddia tələbi rədd edilməlidir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia ərizəsi rədd edildiyindən iddiaçı şəxsə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cəlilabad rayonu 1 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ləman Mehrəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar