Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-237/2025 07.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi barədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 6480 manat əsas borc, 290 manat faiz borcu, ümumilikdə 6770 manat borcun və 84.80 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi iddia həcminin azaldılmasına dair ərizə verərək 5900 manat əsas borc və 290 manat faiz borcunun cavabdehlərdən alınaraq İddiaçı MMCin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 verdiyi izahatında göstərmişdir ki Cavabdeh1 zaminliyi ilə təmin edilmiş İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 00385842 saylı, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 6810 manat dəyərində olan 19 adda əşyanı nisyə almış, borcunu 18 ay ərzində ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh alqı-satqı müqaviləsinin şərtlərini pozaraq pulu ödəməmiş, nəticədə hazırki borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq onlar borcu ödəməkdən imtina etmişdirlər. Cavabdehin məhkəməyə təqdim etdiyi bütün qəbzlər və yazışmalar tərəflərindən araşdırılmış, yalnız 500 manatın həqiqətən də cavabdeh tərəfindən ödənildiyi bəlli olmuşdur, həmin məbləğ iddiaçının elektron mühasibatlıq sistemində də əks olunmuşdur, ona görə də tərəflərindən iddianın həcmi azaldılmışdır. Cavabdehin qeyd etdiyi digər məsələ - 1010 manat pulun da çıxılmalı olması ilə bağlı qeyd edir ki, cavabdehlər, müqavilədə də göstərildiyi kimi, 15 aprel 2024-cü il tarixə qədər tam ödənişi etsəydilər onlara 1010 manat güzəşt ediləcəkdi, ona görə də hazırki vəziyyətdə həmin güzəşt onlara tətbiq edilməmişdir. Nümayəndə qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslıdır. Belə ki, işdə olan Cavabdeh1 zaminliyi ilə təmin edilmiş İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 00385842 saylı, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən və həmin gün tarixli satış qaimələrindən görünür ki, Cavabdeh2 İddiaçı MMC–dən 6810 manat dəyərində olan 19 adda əşyaları nisyə almış, borcunu 18 ay ərzində hər ay 325 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli kassa mədaxil orderindən görünür ki, Cavabdeh2 iddiaçıya 100 manat ödəmişdir və həmin tarixə qalıq borcu 6480.41 manat təşkil etmişdir. İşdə olan iddiaçı tərəfindən Cavabdeh2 ünvanlanmış bildirişdən və poçt xəbərnaməsindən görünür ki, iddiaçı cavabdehdən 6480.41 manat borcunun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İşdə olan qəbzdən görünür ki, iddiaçı iddianın verilməsi ilə əlaqədar 84.40 (səksən dörd manat qırx) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı ödəmişdir. Məhkəmənin əvvəlki hazırlıq iclaslarında iştirak edən Cavabdeh2 iddianı qismən etiraf etmişdir. Bildirmişdir ki, həqiqətən də iddiaçıdan müqavilədə göstərilən adda və dəyərdə mallar almışdır. Lakin qalıq borc məbləği ilə razılaşmır. Özü əvvəllər iddiaçı cəmiyyətin əməkdaşı olmuşdur, orada işləmişdir, sonradan Bakı ofisində işləməyə davam etmişdir. Müxtəlif vaxtlarda borcundan ödənişlər etmişdir, bu barədə “whatsapp” yazışmalar və qəbzləri də var. Hesab edir ki, bu günə iddiaçıya min manat civarında borcu qalıb. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 zaminliyi ilə təmin edilmiş İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 00385842 saylı, xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 6810 manat dəyərində olan 19 adda əşyaları nisyə almış, borcunu 18 ay ərzində ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdehlər müqavilə şərtlərini pozaraq pulu ödəməmiş, nəticədə hazırki borc yaranmışdır. İddiaçı tərəfindən cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq onlar borcu ödəməkdən imtina etmişdirlər. Buna görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh2 borcundan əhəmiyyətli hissəni ödədiyini bildirsə də və bu barədə müxtəlif yazışmalar və qəbzlər təqdim etsə də, borcun dəqiq olaraq hansı hissəsini ödədiyini, həqiqətən də iddia ərizəsində göstərilən məbləğdə deyil, daha az borcunun olmasını sübut edə bilməmişdir. Tərəfindən təqdim edilmiş yazışmalar və qəbzlər iddiaçının nümayəndəsi ilə dəqiqləşdirilmişdir, 500 manat məbləğin həqiqətən də cavabdeh tərəfindən ödənildiyi müəyyən edilmişdir və bundan sonra iddiaçının nümayəndəsi iddianı həmin məbləğ həcmində azaltmışdır. İş materiallarında yer alan çoxsaylı mədaxil və məxaric orderləri isə müqavilə bağlandığı tarixdən əvvəlki dövrə təsadüf edir – cavabdeh işəgötürən olan iddiaçı ilə əmək münasibətlərində olduğu dövrdə kassadan müxtəlif məbləğlərdə borc pullar götürmüş və ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız valanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının digər Cavabdeh1 münasibətdə də tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbayan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi cavabdehlər zaminlik müqaviləsini imzalamaqla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşlər. Məhkəmə onu da qeyd edir ki, hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərin hər ikisinə qarşı eyni zamanda hazırkı iddia tələbi ilə çıxış etmək və onlardan müqavilə borcunun və faizlərin tutulmasını tələb etmək hüququ həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borcludurlar. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddianın həcmi azaldıldığına görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 81.9 manat hissəsi cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88, 106, 213, 216-220, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5900 manat əsas borc, 290 manat faiz borcu, ümumilikdə 6190 (altı min bir yüz doxsan) manat borc, 81.90 (səksən bir manat 90 qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı tutularaq İddiaçı MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-237/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-237/2025
07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver