Məhkəmə qərarları › İş №2(073)-2378/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2378/2025

24.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2378/2025 24.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3552.64 manat pul və 56 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçı Cəlilabad rayonunun Əliabad kəndində yaşayır, Cəlilabad rayon Sərhədabad kəndində həkim məntəqəsinin müdiri vəsifəsində işləyir və Cavabdeh uzun müddətdir ki, tanıyır. 2024-cü ildə Cavabdeh ilə uzun müddət münasibəti olduğundan və onu tanıdığından ona yaxınlaşaraq onun pula ehtiyacının olduğunu bildirərək ondan zamin durmasını xahiş etmişdir. O da Cavabdeh uzun müddət tanıdığından ona zamin durmuş və "xxxx" BOKT MMC-nin Cəlilabad filialına yaxınlaşaraq ona zamin durmuş və Cavabdeh 5000 manat kredit verilmişdir. Cavabdeh kredit verildikdən sonra götürdüyü pulu vaxtında ödəmədiyi üçün Cəlilabad Rayon 1 saylı Notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-19825 saylı icra qeydinə əsasən ondan və Cavabdeh oğlundan 4374.07 manat pulun və 25 manat dövlət rüsumunun müştərək qaydada tutulması qeyd edilmişdir. Cavabdeh icra qeydini icra etmədiyindən onun əmək haqqından 3552.64 manat pul tutulmuşdur. O, Cavabdeh əvəzində ödədiyi pulu tələb etsə də müxtəlif bəhanələr edərək bundan qəsdən yayınmışdır. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, 2-ci qrup əlil olduğunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasları barədə də cavabdeh lazımi qaydada məlumatlandırılmış, lakin oxşar səbəbləri göstərməklə iclaslarda iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyib, iş mateirallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır. Belə ki, işdə olan "xxxx" BOKT MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli 156169 saylı zaminlik müqaviləsindən və kredit müqaviləsinə əlavədən görünür ki, İddiaçı borclu Cavabdeh ilə bağlanmış xx.xx.2024-cü il tarixli 156169 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün "xxxx" BOKT MMC qarşısında öz üzərinə tam həcmdə məsuliyyət götürmüşdür. İşdə olan Tibbi Ərazi Bölmələrinin X2 X3 rayon X1 Hüquqi Şəxsi tərəfindən Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixli, 290799/2024-30-16-001 saylı məhkəmə qərarına əsasən əsasən İddiaçı 3552.64 manat kredit borcu tutularaq "xxxx" BOKT MMC-nin müvafiq bank hesabına köçürülmüşdür. İşdə olan "xxxx" BOKT MMC tərəfindən Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixli, 8İ-19825 saylı icra qeydinə əsasən Cavabdeh və İddiaçı 4374.07 manat pul və 25 manat dövlət rüsumu tutularaq "xxxx" BOKT MMC-yə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi üzrə təyin olunmuş məbləğin tam olaraq ödənildiyini nəzərə alaraq “İcra haqqında” Azərbaycan Respubikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" BOKT MMCnin Cəlilabad filialından götürdüyü kreditin təminatı olaraq iddiaçı ilə "xxxx" BOKT MMC arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit öhdəliklərini lazımınca icra etmədiyi üçün xx.xx.2024-cü il tarixli, 8İ-19825 saylı icra qeydinə əsasən borcun tutulması qərara alınmış, icra sənədi üzrə icraata başlanılmış, iddiaçının əmək haqqına tutma yönəldilmiş və onun əmək haqqından 3552.64 manat tutularaq "xxxx" BOKT MMC-nin hesabına ödənilmişdir. Cavabdeh iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir, iddia ərizəsində göstərilən pul məbləği cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3552.64 (üç min beş yüz əlli iki) manat pul və 56 (əlli altı) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar