Məhkəmə qərarları › İş №2(073)-2379/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2379/2025

14.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2379/2025 14.10.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Həşimzadə Şahanə İlham qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zülfəli oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zülfəli oğluna qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zülfəli oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 10000 (on min) manat, Cavabdeh2 2000 manat (iki min) manat və ödənilmiş 126 (bir yüz iyirmi altı) manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada alınaraq ona qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, kənd təsərrüfatının əkinçilik növü ilə məşğul olur. Əkinçiliklə əlaqədar şum vurmaq üçün traktor texnikası lazım olduğuna görə "xxxx" şirkətinin cənub regional nümayəndəsi Cavabdeh2 müraciət etmişdir, bundan sonra Cavabdeh2 ona təklif etmişdi ki, bacısı oğlu olan Cavabdeh1 vaxtı ilə “Aqrolizinq" şirkətindən götürdüyü, lakin sonradan pulunu ödəyə bilmədiyi üçün məhkəmə qətnaməsi ilə şirkətin balansına geri qaytarılmış yararsız halda olan texnikanı götürə bilər, lakin həmin texnikanı götürərkən bəzi şərtlər irəli sürdü ki, həmin traktor texnikası yararsız halda olduğundan onun təmirə ehtiyacı vardır. O, Cavabdeh2la razılaşmış və bildirmişdir ki, traktorun təmiri yekunlaşdıqda ödəniş qrafikinin açılmasına etiraz etməyəcəkdir, həmin dövrdə də traktor texnikası özünə qalacaqdı. Bu barədə Cavabdeh2 iştirakı ilə akt tərtib olundu, o da traktorun ilkin ödənişi qismində Cavabdeh2 1000 manat pul vermiş və traktoru öz sərəncamına götürmüş, həmin dövrdən etibarən də maddi imkanı yetərincə olmadığına görə həmin nasaz vəziyyətdə olan traktoru hissə-hissə təmir etdirməyə başlamışdır, lakin həmin dövrdən həmin texnikanın istifadəsi üçün pul ödəməmişdir. Cavabdeh2 bildirdi ki, texnikanın lizinq ödənişi üçün 2000 manat pul ödəmək lazımdır, bunun üçün poçt vasitəsilə Cavabdeh1 qardaşı, Cavabdeh2 isə bacısı oğlu olan Xaləddin Rzayevin iştirakı ilə poçt vasitəsilə "xxxx" şirkətinin balansına 2000 manat pul ödəmişdir və buna dair qəbzləri də vardır. Ödənişi etdikdən sonra yenə traktor onun istifadəsində olmuş, traktorun yarımçıq qalan təmirini davam etdirmişdir. 2022-ci ilin sonlarında, istifadəsində olan traktoru tam saz vəziyyətinə gətirmişdir. Həmin ərəfələrdə Səfər və Xaləddin Rzayev qardaşları onu Cəlilabad şəhəri "Silsilə" deyilən əraziyə çağırmış və bildirmişdir ki, traktor texnikası Cavabdeh1 adına qeydiyyata salınmışdır və onun adına qeydiyyata salınması üçün həmin texnika Cavabdeh1 yaşadığı ünvana getməlidir və sonra isə ilkin ödəniş olaraq 1000 manat pul ödəmək lazımdır ki, sənadləşmə prosesi yekunlaşsın. O da 1000 manat pulu qeyd edilən yerdə Xaləddin Rzayevin iştirakı ilə Cavabdeh1 vermiş, bundan sonra Cavabdeh1 həmin traktoru yaşadığı ünvana aparmışdır. Bundan təxminən 5-6 gün keçdikdən sonra cavabdehlərdən bır xəbər çıxmadığını görüb, Cavabdeh1lə mobil telefon vasitəsilə əlaqə saxlayanda, Cavabdeh1 onu təxminən bir ay gözlətmişdir ki, "xxxx" şirkətinin əməkdaşlarının yoxlama aparması üçün vaxtları yoxdur. Sonra isə Cavabdeh1lə mobil telefon vasitəsilə əlaqə saxladığı zaman Səfər traktoru ona verməyəcəyini bildirmişdir. Odur ki, qeyri-rəsmi şəkildə istifadəsində olmuş traktor texnikasının təmirinə xərclədiyi 8000 manat, həm də əlavə olaraq 2000 manat rəsmi qəbzlə, 1000 manat Cavabdeh2, qalan 1000 manat pulun isə Cavabdeh1 alınıb ona geri qaytarılması üçün müxtəlif dövlət orqanlarına və hüquq mühafizə orqanlarına müraciət etmiş, lakin bu məsələnin məhkəmə qaydasında həll olunması izah olunmuşdur. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Zülfəli oğlu bildirmişdir ki, o, "xxxx" ASCdə regional nümayəndə vəzifəsində çalışmışdır. 2016-cı ildə Cavabdeh1 lizinq istifadəsində olan traktoru İddiaçı vermişdir. İddiaçı ilə razılıq oldu ki, traktor təmir olunana qədər heç bir ödəniş olunmayacaqdır. Traktor təmir olunduqdan sonra isə hər ay lizinq ödənişləri ödənilməli idi. Xeyli müddət yəni dörd il keçməsinə baxmayaraq İddiaçı heç bir ödəniş etməmişdir. Bir sıra narazılıqlardan sonra bir dəfə 2000 manat lizinq ödənişini "xxxx" ASC-nin balansına köçürmüş və iddiaçı söz vermişdir ki, qalan lizinq ödənişini də noxudu satıb ödəyəcəkdir. Lakin iddiaçı bunu da etməmişdir. 2022-ci ildən-2022-ci ilin sonuna qədər Səfər və İslam arasında olan narazılıqlardan xəbərsizəm. Sonradan "xxxx" ASC traktorun əsl sahibindən ciddi ödənişlər tələb etmişdir. Nəticədə Cavabdeh1 İddiaçıla görüşüb texnikanı ondan almışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, o, 2013-cü ildə "xxxx" ASC-dən 892 markalı traktor götürmüş, iki il istifadə etdikdən sonra ailə vəziyyəti ilə bağlı və səhhəti ilə əlaqədar ödənişlərdə gecikmələr olduğu üçün məhkəmənin həyətində traktoru saz vəziyyətdə lizinqin icraçısına geri təhvil vermiş, lakin 2018-ci ildə texnikanın onun adında qalmasını bilmiş və ona zəng olunaraq bunun həll olunması bildirilmiş, Nurəddin müəllim ona bildirmişdir ki, İslan Abbasova vermiş, pulunun köçürəcək, uzaqda olduğu üçün vaxtında maraqlana bilməmişdir. Daha sonra İslama zəng edib pulu ödəməsini istəmiş, İslam 2000 manat ödəmiş, özü rayon ərazisində olmadığı üçün qardaşı iştirak etmişdir. İslam onun barəsində düz məlumat verməmiş, İslamın texnikadan anlayışı olmadığı üçün ustalar və kimlərə ki, texnikanı verib, həmin şəxslər İslamı aldadaraq texnikanı yararsız hala salmışlar. O İslamdan 1000 manat pul almış, traktor onun adına olduğu üçün traktoru geri almış, 1800 və 2000 manat borc alıb traktoru təmir etdirmiş, traktorun təkərləri isə yox vəziyyətdədir. Odur ki, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - İşdə olan ödəniş qəbzindən görünür ki, xx.xx.2020-ci il tarixində İddiaçı tərəfindən "xxxx" ASC-nin hesabına 1.000 manat məbləğində pul köçürülmüşdür. - İşdə olan ödəniş qəbzindən görünür ki, xx.xx.2020-ci il tarixində İddiaçı tərəfindən "xxxx" ASC-nin hesabına 1.000 manat məbləğində pul köçürülmüşdür. - İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 126 manat dövlət rüsumu ödəmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 2016-cı ildə "xxxx" ASC-nin cənub regional nümayəndəsindən 1000 manat pulun müqabilində traktor aldığını, traktorun digər cavabdeh Səfərə məxsus olduğunu, məhkəmənin qətnaməsi ilə traktorun "xxxx" ASC-yə qaytarıldığını, traktoru götürüb işlə məşğul olduğunu, sonradan cavabdehin 1000 manat pul istədiyini, həmin 1000 manat pulu verdiyini və əlavə olaraq da 2000 manat qəbzlə ödədiyini, traktorun nasaz olduğu üçün 8.000 manat pul xərclədiyini, ümumilikdə cavabdehlərdən ona 12.000 manat ziyan vurulduğunu bildirərək həmin pulun ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Mülki Məcəllənin 385 və 386.1-ci maddələrinə uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Eyni Məcəllənin 427.2 və 427.4-cü maddələrinə uyğun olaraq, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. (Mülki Məcəllənin 529.1 və 529.3-cü maddələri). Məhkəmə tərəflərin izahatlarını, iş üzrə digər sübutlarla yanaşı qiymətləndirərək hesab edir ki, iddiaçı həmin məbləği tələb etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçı məhkəmə prosesində izahat verərək borcun ödənilməməsini bildirməklə kifayətlənmiş, bu halı təsdiq edən hər hansı bir mötəbər sübut aşkar olunmamış, cavabdehlər isə borcunun olduğunu etiraf etməmişdir. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin 217.3 və 106.1-ci maddələrinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki Prosessual Məcəllənin 184.2-ci maddəsinə görə isə işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İddiaçının traktorun təmiri üçün verdiyi 8.000 manat pulun və rəsmi olaraq ödənilmiş 2000 manat pulun qaytarılması tələbinə gəlincə isə qeyd edilməlidir ki, iddiaçı məhkəmə iclasında izahatında traktorun təmiri ilə əlaqədar 8.000 manat xərc çəkdiyini bildirmiş, lakin bu halları sübut edən heç bir mötəbər sübut təqdim etməmişdir. Belə ki, traktorun təmir olunduğunu və ya bu məqsədlə xərclərin çəkildiyini təsdiq edən qəbz, müqavilə, akt və ya müstəqil ekspert rəyi təqdim edilmədiyindən, iddiaçı öz iddiasının əsaslılığını sübut edə bilməmişdir. Bundan əlavə, iddiaçının "xxxx" ASC-nin balansına köçürmüş olduğu 2000 manat pul iddiaçının traktorun istifadəsinə görə ödəmiş olduğu məbləğdir. Qeyd olunan məbləğin cavabdehdən tələb edilməsi üçün hüquqi əsas mövcud deyildir. İddiaçı tərəfindən həmin məbləğin cavabdehin hərəkətləri nəticəsində zərər kimi çəkildiyi və ya əsassız ödəniş olduğu sübut edilməmişdir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Hazırkı mülki işdə iddiaçı iddia ərizəsində cavabdehlərə 2.000 manat məbləğində pul verməsini göstərsə də, iddiaçı iddianın əsasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, cavabdeh tərəf isə iddianı etiraf və ya qəbul etməmiş və məhkəmə iclasında bildirmişdir ki, qeyd olunan 2.000 manat məbləğ Cəlilabad Rayon Polis Şöbəsində aparılan araşdırma zamanı iddiaçıya verilmiş, iddiaçı ilə cavabdehlər arasında razılıq əldə olunmuş və “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” Qərar qəbul olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin bu izahı iş materialları və hadisələrin məntiqi gedişi ilə uyğunluq təşkil edir və iddiaçı tərəfindən bunun əksini sübut edən heç bir dəlil təqdim olunmamışdır. Nəzərə almaq lazımdır ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Borcun mövcudluğu və məbləği ilə bağlı sübutlar o qədər etibarlı olmalıdır ki, qəbul edilmiş qərarın obyektivliyi şübhə altına alınmasın. Hazırkı işdə iddiaçının tələb etdiyi məbləği cavabdehlərə verməsinə dair etibarlı sübutlar mövcud deyil. Mülki prosessual qanunvericiliyin tələblərinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələri) Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zülfəli oğluna qarşı pul tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zülfəli oğluna qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ləman Mehrəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar