Məhkəmə qərarları › İş №2(073)-2395/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2395/2024

22.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2395/2024 22.11.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi, İddiaçı X1 nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4220 manat əsas məbləğin, 4321 manat cərimə məbləğinin və ödənilmiş 106 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X1 nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, Cavabdeh ilə aralarında bağlanmış 04 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən ümumi dəyəri 3320 manat olmaqla 1 ədəd ipək yataq dəsti 1450 manat, 1 ədəd masa dəyəri 240 manat, 6 ədəd stul 1 ədədinin dəyəri 50 manat olmaqla cəmi 300 manat, 1 ədəd qaz peçi dəyəri 570 manat və 1 ədəd asperator dəyəri 110 manat olmaqla əşyalar vermişlər, bu barədə aralarındakı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabde malların dəyərini 6 ay müddətinə - dekabr 2023-cü il tarixədək ödəməli idi. Qalıq olan 900 manat borc məbləği olmaqla, ümumilikdə 4420 manat pul Cavabdeh dəfələrlə şifahi və yazılı formada pulun qaytarılması tələb olunsa da cavabdeh hər dəfə bir bəhanə gətirərək borcunu qaytarmamışdır. Kredit müqaviləsinin 4cü bəndinə əsasən "Müştəri" ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətə yerinə yetirmədikdə, mağazanın müqavilə qiymətinin ödənilməmiş hissəsinin 2 qatının (200%) və 101 AZN məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirir. Dəfələrlə cavabdehdən borcunu tələb etsə də cavabdeh bundan imtina etmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehdən müqavilə üzrə əşyaların alınması və iddiaçıya verilməsi, olmadığı təqdirdə isə dəyəri 4220 manat pul və 4321 manat cərimənin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı və dinləyib, iş mateirallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. İşdə olan X3 ilə Cavabdeh arasında bağlanmış 04 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsindan görünür ki, dəyəri 1450 manat olan 1 ədəd ipək yataq dəsti, dəyəri 240 manat olan 1 ədəd masa, 1 ədədinin dəyəri 50 manat olmaqla cəmi dəyəri 300 manat olan 6 ədəd stul, dəyəri 650 manat olan 1 ədəd “Reqal” markalı paltaryuyan, dəyəri 570 manat olan 1 ədəd qaz peçi, dəyəri 110 manat olan 1 ədəd asperator, 900 manat köhnə borcu da daxil olmaqla cəmi dəyəri 4220 manat dəyərində mallar iddiaçı tərəfindən Cavabdeh nisyə satılmışdır, cavabdeh isə malların dəyərini 2023-cü ilin dekabr ayında qədər ödəmək öhdəliyi götürmüşdür. Məhkəmənin xx.xx.2024-cü il tarixli baxış iclasında iddiaçının vəsatəti əsasında şahid qismində ifadəsi alınmış X5 bildirmişdir ki, iddiaçının sahiblik etdiyi mebel dükanında usta işləyir. 2022-ci ildə cavabdeh iddiaçının dükanından qızına cehiz mebel almışdır və o (şahid), həmin evdə usta kimi işləmişdir. Bundan əlavə, cavabdeh öz evi üçün iddiaçıdan mebel almış və həmin mebeli də o (şahid) quraşdırmışdır. Cavabdehin iddiaçıya hər iki mebel üzrə borclu olmasını bilir, dəfələrlə cavabdehin telefonlarına zəng etsələr də zənglərə cavab verməmişdir, borcunu ödəməkdən yayınır. İddiaçının vəsatəti əsasında məhkəmə iclasında ifadəsi alınmış şahid X4 digər şahidin ifadəsinə uyğun ifadə verərək bildirmişdir ki, cavabdeh iddiaçının çoxdankı müştərisidir. O (şahid), iddiaçının sahiblik etdiyi dükanda usta işləyir, təxminən 2-3 il bundan qabaq cavabdehin evinə mebel və digər məişət avadanlıqları aparmış və quraşdırmışdırlar, cavabdehin iddiaçıya mebellər və məişət avadanlıqları üzrə borclu olmasını hamı kimi o (şahid) da bilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 04 iyul 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı ümumi dəyəri 3320 manat olan malları cavabdehə nisyə satmışdır, cavabdeh isə həmin malların dəyərini və əlavə olaraq daha əvvəlki müqavilə üzrə iddiaçıya qaldığı 900 manat borcu, ümumilikdə 4220 manat pulu 2023-cü ilin dekabr ayına qədər ödəmək öhdəliyi götürmüşdür. İddiaçı qalıq olan 900 manat borc məbləği də olmaqla ümumilikdə 4420 manat pulu Cavabdeh tələb etsə də cavabdeh ona olan borcunu ödəməkdən yayınmışdır, müqavilə üzrə öhdəliyini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız valanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış cərimənin məbləği yüksək olmaqla, borclunu (cavabdehi) əlverişsiz vəziyyətə salır. Borclu əsas borcunu bilmədiyi halda əlavə olaraq ona qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yolverilməzdir. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçının da əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Odur ki, məhkəmə dəbbə pulunun azaldılaraq 100 manat həddində müəyyən edilməsini həm iddiaçının, həm də cavabdehin mənafelərinə uyğun hesab edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, hazırki iş üzrə ödənilmiş dövlət rüsumunun 62.20 (altmış iki manat iyirmi qəpik) manat cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə cavabdeh arasında bağlanılmış 04 iyul 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinin predmeti olan mallar cavabdehdən alınaraq iddiaçıya verilsin, həmin mallar olmadığı halda isə onların dəyəri 4220 manat, 100 (bir yüz) manat cərimə olmaqla cəmi 4320 (dörd min üç yüz iyirmi) manat pul və 62.20 (altmış iki manat iyirmi qəpik) manat dövlət rüsumu cacabdehdən tutularaq iddiaçı X2 verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar