Məhkəmə qərarları › İş №2(073)-2407/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2407/2024

27.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2407/2024 27.09.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin cavabdeh Dadaşov Səlaməddin Həkmalı oğluna qarşı kredit müqaviləsinin ləğvi və müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdeh Dadaşov Səlaməddin Həkmalı oğluna qarşı kredit müqaviləsinin ləğvi və müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Dadaşov Səlaməddin Həkmalı oğlundan 3000 manat əsas borc, 198.17 manat faiz borcu, 7.78 manat cərimə olmaqla, cəmi 3205.95 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi və cavabdeh Dadaşov Səlaməddin Həkmalı oğlu ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı, hazırda ləğv prosesində İddiaçı ASC ilə cavabdeh Dadaşov Səlaməddin Həkmalı oğlu arasında bağlanmış xx.xx.2017-ci il tarixli Bank xidmət müqaviləsinə müqaviləsinə və ona 5 saylı Əlavəyə əsasən cavabdehə 18 ay müddətinə illik 29 faiz olmaqla 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Cavabdeh Dadaşov Səlaməddin Həkmalı oğlu kredit müqaviləsinin şərtlərini pozmuş, yaranmış borcun ödənilməsi haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmiş, lakin borcun ödənilməsi təmin edilməmişdir. Kredit müqaviləsi üzrə öhdəlik vaxtında yerinə yetirilmədiyinə görə cavabdehin iddiaçı Banka 3000 manat əsas borcu, 198.17 manat faiz borcu, 7.78 manat cərimə olmaqla, cəmi 3205.95 manat borcu vardır. Buna görə də iddiaçı Bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Dadaşov Səlaməddin Həkmalı oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Dadaşov Səlaməddin Həkmalı oğlu arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 003932 saylı Bank xidmət müqaviləsindən və ona 5 saylı Əlavədən görünür ki, cavabdehə 18 ay müddətinə illik 29 faiz olmaqla 3000 (üç min) manat məbləğində kredit verilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, Dadaşov Səlaməddin Həkmalı oğlunun xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə 3000 manat əsas borcu, 198.17 manat faiz borcu, 7.78 manat cərimə olmaqla, cəmi 3205.95 manat borcu vardır. İşdə olan xəbərdarlıqdan görünür ki, iddiaçı təşkilat cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan qəbzdən görünür ki, iddiaçı hazırkı iddianın verilməsi ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, iddiaçı, hazırda ləğv prosesində olan İddiaçı ASC ilə cavabdeh Dadaşov Səlaməddin Həkmalı oğlu arasında bağlanmış xx.xx.2017-ci il tarixli Bank xidmət müqaviləsinə müqaviləsinə və ona 5 saylı Əlavəyə əsasən cavabdehə 18 ay müddətinə illik 29 faiz olmaqla 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Cavabdeh Dadaşov Səlaməddin Həkmalı oğlu kredit müqaviləsinin şərtlərini pozmuş, yaranmış borcun ödənilməsi haqqında iddiaçı tərəfindən ona xəbərdarlıq edilmiş, lakin borcun ödənilməsi təmin edilməmişdir. Kredit müqaviləsi üzrə öhdəlik vaxtında yerinə yetirilmədiyinə görə cavabdehin iddiaçı Banka 3000 manat əsas borc, 198.17 manat faiz borcu, 7.78 manat cərimə olmaqla, cəmi 3205.95 manat borcu vardır, buna görə də iddiaçı Bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxsdir, kreditor isə borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdeh Dadaşov Səlaməddin Həkmalı oğlunun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İddianın tərəflər arasında bağlanılmış kredit müqaviləsinin ləğv edilməsi hissəsi ilə bağlı məhkəmə hesab edir ki, müqavilənin ləğvi tərəflər arasında bu barədə iradə ifadə edilməklə məhkəmədən kənar qaydada baş tutan bir prosesdir, həmçinin iş materiallarında yer alan 07 sentyabr 2017-ci il tarixli xəbərdarlıq məktubunda iddiaçının müqaviləni ləğv etmək barədə iradə ifadəsi yer alır və məhkəmə hesab edir ki, müqavilə həmin xəbərdarlıqda göstərilən tarixdən ləğv edilmiş hesab edilməlidir. Buna görə də müqavilənin ləğv edilməsi məhkəmə baxışının predmeti deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Dadaşov Səlaməddin Həkmalı oğlundan 3000 manat əsas borc, 198.17 manat faiz borcu, 7.78 manat cərimə olmaqla, cəmi 3205.95 (üç min iki yüz beş manat doxsan beş qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar