Məhkəmə qərarları › İş №2(073)-2425/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2425/2024

04.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2425/2024 04.11.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2261 manat, 200 ABŞ dolları pulun və 45 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı verdiyi izahatında göstərmişdir ki, o, Cəlilabad rayonu, Bədirli kəndində yaşayır və yaşadığı kənddə təsərrüfatla məşğul olur. Cavabdeh 2023-cü ilin iyun ayında ondan kartof almaq istədiyini bildirmişdir. Həmin vaxt cavabdeh ondan alacağı kartofun pulunu nağd şəkildə verə bilməyəcəyini və iki-üç gündən sonra qaytara biləcəyini bildirmiş və o da onun vəziyyətini başa düşüb ona inanaraq razılaşmışdır. Bundan sonra o (iddiaçı), kartofun 1 kiloqramı 0.25 qəpikdən olmaqla 9 ton 44 kq kartofu cavabdehə nisyə satmışdır. Həmin vaxt cavabdehə nisyə satdığı kartofun ümumi dəyəri 2261 (iki min iki yüz altmış bir) manat olmuşdur. Həmin vaxt nisyə alqı-satqı zamanı onların yanlarında həmkəndliləri Elşən Paşayev və Əli Quliyev də iştirak etmişdirlər. Onun (iddiaçının) Fikrətlə tanışlığı olduğundan Fikrətə kartofu nisyə satmamışdan qabaq cavabdeh ondan borc kimi pul istəmiş və ondan 200 ABŞ dolları məbləğində borc pul almışdır və həmin pulu da müəyyən vaxtdan sonra qaytaracağını bildirmişdir. Lakin buna baxmayaraq həmin pulu da ona qaytarmamışdır. Həmin pulu borc kimi veridiyini təsdiq edən şahidlər də vardır. Cavabdeh kartofu ondan alıb satdıqdan sonra ona kartofun pulunu və borc kimi aldığı pulu qaytarmamışdır. O da onun bu hərəkətini görüb cavabdehdən aldığı kartofun pulunu və borc kimi veridiyi pulu istədikdə cavabdeh bildirmişdir ki, aldığı kartofun pulunu və borc kimi aldığı pulu imkanı olan kimi qaytaracaqdır, hələ ki ona pul verməli olan şəxslər pulları verməmişlər. İddiaçı yenə humanistlik edərək cavabdehə inanıb onu gözləmişdir, lakin bir ildən çoxdur ki, cavabdeh onu aldadaraq ondan aldığı kartofa görə olan 2261 (iki min iki yüz altmış bir) manat pulu və borc kimi verdiyi 200 ABŞ dolları pulu qaytarmır. Cavabdehdən dəfələrlə kartofun pulunu və borc kimi verdiyi pulu tələb etsə də o buna məhəl qoymamış, heç bir əsaslı səbəb göstərməmiş və müxtəlif bəhanələrlə borclarını qaytarmaqdan imtina etmişdir. Göstərilən səbəbdən də o (iddiaçı), ağır maddi vəziyyətə düşmüş, ona maddi zərər dəymiş və onun hüquqları pozulmuşdur. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehə kartofun nisyə satılmasını təsdiq edəcək şahidləri də var, həmçinin cavabdehin ona olan borcunu təsdiq edəcək səs yazısı da var. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X1 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı onun həmkəndlisidir. Cavabdeh həm iddiaçıdan, həm də ondan (şahiddən) nisyə kartof almış, lakin pulunu ödəməmişdir. O (şahid) da cavabdehin ona olan borcu barədə məhkəməyə müraciət etmişdir. Cavabdehin iddiaçıya olan borcu 2000 manatdan yuxarıdır. Hər ikisi eyni gündə cavabdehə kartof satmışdır. Əlavə olaraq bilir ki, iddiaçı cavabdehə əlavə 200 ABŞ dolları da borc vermişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı onun həmkəndlisidir. Cavabdeh həm iddiaçıya, həm də ona (şahidə) borcludur. Cavabdehin iddiaçıya 200 ABŞ dolları əl borcu, 2000 manatdan yuxarı kartof pulu borcu vardır. Ona (şahidə ) isə 1280 manat borcu vardır, lakin iddia ərizəsinin verilməsi üçün rüsumu ödəməyə imkanı olmadığından məhkəməyə müraciət edə bilmir. Məhkəmə iclasında iddiaçının iştirakı ilə iddiaçı ilə cavabdeh arasında aparılan danışıqları əks etdirən 1 ədəd disk tədqiq edilmişdir və müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya borclu olduğunu etiraf edir, maddi vəziyyəti ağır olduğu üçün borcunu qaytara bilmir, həmçinin pul almalı olduğu digər şəxslərin onu aldatdığını bildirir, bununla bağlı məhkəməyə müraciət etdiyini və imkan olan kimi borcunu qaytaracağını bildirir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında şifahi formada bağlanmış nisyə alqı-satqı və borc müqavilələri mövcud olmuşdur, Cavabdeh İddiaçı ümumi dəyəri 2261 (iki min iki yüz altmış bir) manat olan kartofu nisyə almışdır, həmçinin iddiaçıdan 200 ABŞ dolları borc almışdır, lakin cavabdeh hər iki müqavilə üzrə öhdəliyini icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında müəyyən edildiyi kimi, cavabdeh iddiaçıya olan borcunu razılaşdıqları vaxtadək qaytarmalı olduğu halda götürdüyü öhdəliyə əməl etməyərək borcunu qaytarmamışdır. Buna görə də yaranmış borc cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia tam təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2261 (iki min iki yüz altmış bir) manat, 200 (iki yüz) ABŞ dollarının borcun ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi rəhbər tutulmaqla Azərbaycan manatına olan qarşılığı və 45 (qırx beş) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar