Məhkəmə qərarları › İş №2(073)-244/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-244/2025

25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-244/2025 25.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı 1750 manat və dövlət rüsumuna görə ödənilmiş 37.50 manat məbləğində pul vəsaitlərinin cavabdehdən alınıb ona verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 1750 manat və dövlət rüsumuna görə ödənilmiş 37.50 manat məbləğində pul vəsaitlərinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayonunun Uzuntəpə kəndində yaşayır. Dövlət tərəfindən həyat yoldaşına əlilliyə görə verilən pensiya dayandırıldığı üçün o, bu məsələnin həll edilməsi yolunu axtarmışdır. 2022-ci ilin yanvar ayında tanışı olan cavabdeh X4 onun həyat yoldaşına əlilliyə görə verilən pensiyanı bərpa elətdirə biləcəyini və bunun müqabilində 2000 manat pul verməli olduğunu bildirmişdir. O, cavabdehi tanıdığı üçün ona inanıb etibar etmiş və bir neçə gün sonra yoldaşının sənədlərini və 1500 manat pulu cavabdeh Oktay Nüsrətova vermiş, qalan 500 manat pulu isə həmin ilin aprel ayında cavabdehə vermişdir. Cavabdeh Oktay Nüsrətov ona bir müddət gözləməsini və məsələ həllini tapdıqda ona xəbər edəcəyini bildirmişdir. O, cavabdehin verdiyi müddətdən xeyli keçdikdən sonra cavabdehlə bir neçə dəfə əlaqə saxlamış, lakin cavabdeh hər dəfə bir bəhanə gətirmişdir. Nəhayət aldandığını başa düşdükdən sonra cavabdehdən verdiyi pulu geri qaytarmasını tələb etmiş, cavabdeh 2023-cü ilin sentyabr ayında ona 250 manat qaytarmış, qalan 1750 manat pulu isə qaytaracağına söz verməsinə baxmayaraq hazıradək qaytarmamışdır. O, dəfələrlə cavabdehdən borcunu qaytarmasını tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə ona qaytarmalı olduğu 1750 manat məbləği verməkdən yayınmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X4 iddia tələbinin etiraf edilməsi barədə ərizəsini məhkəməyə təqdim edərək bildirdi ki, iddiaçının izahatında qeyd etdikləri həqiqətən də baş vermişdir və bu səbəbdən də onun İddiaçı 1750 manat borcu yaranmışdır. Halhazırda borcunu tam ödəməyə imkanı yoxdur, lakin borcunu hissə-hissə ödəyəcəyinə söz verir. Bu səbəbdən də iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan 17 yanvar 2022-ci il tarixli, 9299 saylı alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh X4 İddiaçı 500 manat dəyərində ehtiyyat hissələrini nisyə almışdır. İşdə olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı iddianın verilməsi ilə əlaqədar 30,50 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh X4 2022-ci ildə İddiaçı etibarından sui istifadə edərək, iddiaçının həyat yoldaşına əlilliyə görə verilən pensiyanın bərpa etdirməsi adıyla 2000 manat almış, həmin məbləğin 250 manat qaytarmış, qalan 1750 manat pulu isə qaytaracağına söz verməsinə baxmayaraq hazıradək qaytarmamışdır. İddiaçı dəfələrlə cavabdehdən qalan 1750 manat pul məbləğini qaytarmasını tələb etsə də, cavabdeh hər dəfə fərqli bəhanələrlə iddiaçıdan aldığı pul vəsaitini qaytarmaqdan yayınmışdır. Bununla da cavabdehin iddiaçıya 1750 manat borcu yaranmışdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X3 qarşı 1750 manat pul tələbində haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdeh X5 oglunun hərəkətləri əsassız varlanma kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materillarına əlavə edilmiş cavabdeh X2 ərizəsindən görünür ki, o, İddiaçı ona qarşı iddiasını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdeh X1 1750 manat alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 37.50 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh X1 1750 (bir min yeddi yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37.50 (otuz yeddi manat əlli qəpik) manat alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar