Məhkəmə qərarları › İş №2(073)-246/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-246/2025

27.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-246/2025 27.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 5500 manat maddi ziyanın və 75 manat dövlət rüsumunun alınaraq ona verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş zərərə görə 5500 manat və dövlət rüsumunun əvəzi qismində 75 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, ona məxsus olan “BMW” markalı, ** FO *** dövlət qeydiyyat nişanlı avtomobillə 06 sentyabr 2024-cü il tarixdə Cəlilabad şəhəri, H.Əliyev prospekti ilə “dairə” istiqamətindən “Sil-silə” istiqamətinə hərəkətdə olarkən, Cavabdeh idarə etdiyi “Ford Transit” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə onun avtomobilinə 10500 manat ziyzan dəymişdir. Cavabdeh 10 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Dəymiş zərərin 5000 manat hissəsi "xxxx" ASC sığorta sığorta şirkəti tərəfindən ona ödənilmiş, lakin qalan məbləğin ödənilməsi ilə bağlı cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. O, cavabdehdən vurduğu ziyanı ödəməsini dəfələrlə tələb etsə də, heç bir nəticəsi olmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan PME********** saylı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin İcrabari Sığorta şəhadətnaməsindən görünür ki, “BMW” markalı, ** FO *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC sığorta şirkəti tərəfindən 15 aprel 2024-cü il tarixdən 15 aprel 2025-ci il tarixə qədər sığortalanmışdır. İşdə olan PME********** saylı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin İcrabari Sığorta şəhadətnaməsindən görünür ki, “Ford Transit” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC sığorta şirkəti tərəfindən 18 avqust 2024-cü il tarixdən 18 avqust 2025-ci il tarixə qədər sığortalanmışdır. İşdə olan İnzibati tənbeh vermə haqqında 10 sentyabr 2024-cü il tarixli, TP ******* qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İşdə olan dəymiş zərərin hesablanmasına dair "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, “BMW 525İ” markalı, ** FO *** dövlət qeydiyyat nişanlı avtomobillə dəymiş ziyan, ümumilikdə 9560 manat müəyyən edilmişdir. İşdə olan fiziki şəxs X1 tərəfindən təsdiq edilmiş avtomobildə görüləcək işlərin hesablanmasına dair xx.xx.2024-cü il tarixli aktdan görünür ki, “BMW 525İ” markalı, ** FO *** dövlət qeydiyyat nişanlı avtomobillə dəymiş ziyan, ümumilikdə 9825 manat müəyyən edilmişdir. İşdə olan 10 oktyabr 2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, İAS242246 saylı Sğorta aktına əsasən "xxxx" ASC sığorta şirkəti tərəfindən "xxxx" ASC vasitəsi ilə İddiaçı "xxxx" ASC-dəki bank hesabına 5000 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan “BMW 525İ” markalı, ** FO *** dövlət qeydiyyat nişanlı avtomobillə 06 sentyabr 2024-cü il tarixdə Cəlilabad şəhəri, H.Əliyev prospekti ilə “dairə” istiqamətindən “Sil-silə” istiqamətinə hərəkətdə olarkən, Cavabdeh idarə etdiyi “Ford Transit” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsinin törədilməsi nəticəsində iddiaçının avtomobilinə zərər vurulmuşdur. Cavabdeh həmin yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Baş vermiş həmin yol nəqliyyat hadisəsinin törədilməsi nəticəsində iddiaçıya məxsus “BMW 525İ” markalı, ** FO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər, "xxxx" ASC sığorta şirkəti tərəfindən sığorta hadisəsi sənədləşdirilərkən, "xxxx" MMC zərəri ümumilikdə 9560 manat müəyyən etmiş və həmin zərərin 5000 manat hissəsi "xxxx" ASC sığorta şirkəti tərəfindən ödənilmiş, lakin qalan məbləğin ödənilməsi ilə bağlı cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. İddiaçı cavabdehdən vurduğu ziyanı ödəməsini dəfələrlə tələb etsə də, heç bir nəticəsi olmamışdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və.s) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iddiaçıya məxsus olan “BMW” markalı, ** FO *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyanın məbləği ilə bağlı məsələyə qiymət verərək, belə nəticəyə gəlir ki, "xxxx" MMC tərəfindən həmin avtomobilə vurulmuş maddi ziyanın məbləği ilə bağlı tərtib edilmiş akt daha inandırıcı olmaqla realdır. Buna görə də həmin avtomobilə vurulmuş maddi ziyanın məbləği "xxxx" MMC tərəfindən tərtib edilmiş aktda göstərilən dəyərlə qəbul edilməlidir. Belə ki, həmin ziyan məbləğinə dair aktı tərəflər mübahisələndirməmişlər. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı vurulmuş zərərin miqdarı 9560 manat təşkil etmiş, həmin məbləğin 5000 manat hissəsi "xxxx" ASC tərəfindən iddiaçıya ödənilmiş, lakin 4560 manat hissəsi isə cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh dəymiş zərərə görə 4560 manat alınıb İddiaçı verilməli, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 75 manat dövlət rüsumunun 66 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş zərərə görə 4560 (dörd min beş yüz altmış) manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 66 (altmış altı) manat alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar