Məhkəmə qərarları › İş №2(073)-2474/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2474/2024

10.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2474/2024 10.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli, 2(073)- 1367/2021 saylı qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün sabit pul məbləğində 150 manat müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay bir uşağa görə 300 (üç yüz) manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 200 (iki yüz) manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, cavabdehlə faktiki evlənmiş, nikahlarını isə rəsmiləşdirməmişlər. Birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü Bahar adlı uşaqları doğulmuşdur. Aralarında olan narazılıqlara görə cavabdehlə ayrılmışlar. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 150 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq alınaraq ona verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsinə əsasən cavabdeh tərəfindən ödənilən alimentin məbləği uşağın maddi cəhətdən saxlanmasında kifayət etmir. Belə ki, aliment qətnaməsindən artıq 3 ildən artıq vaxt keçib, bu vaxt ərzində uşağın xərcləri təbii olaraq artıbdır. İddiaçı və uşağı Bakı şəhərində yaşayırlar və uşaq da orada məktəbə və digər kurslara gedir. İddiaçı işləmir, uşağa adətən dayıları köməklik göstərirlər. Həmçinin uşağın gözündə problem var, görmə qabiliyyəti zəifdir və buna görə də mütəmadi olaraq əlavə xərclər çəkməli olurlar. Cavabdeh hal-hazırda uşağına tələb edilən məbləğdə aliment ödəmək iqtidarındadır, qeyri-rəsmi sahibkarlıq fəaliyyəti ilə məğuldur. Buna baxmayaraq cavabdeh uşağın maddi cəhətdən saxlanmasında əlavə olaraq ona (iddiaçıya) kömək etmir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçı ilə birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü Bahar adlı uşaqları doğulmuşdur. Aralarında olan narazılıqlara görə cavabdehlə ayrılmışlar. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli 2(073)-1367/2021 saylı qətnaməsi ilə ondan (Cavabdeh) xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 150 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Uşağın saxlanılması üçün hər ay 170 manat aliment ödəməyə razıdır. Həmçinin onun uşaqla ünsiyyət hüququ təmin edilmir, uşağı anası öyrətmişdir və atasını istəmir. Həmçinin uşağı məktəbdən kənar digər kurslara cəlb etməyin də qanunsuz olduğunu bildirir. Özü isə müəyyən müddətdən bir işləmək üçün Rusiyaya gedir, yaxın zamanda da təkrar ora getməyi planlaşdırır. Qeyd olunanların nəzərə alınaraq iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli, 2(073)- 1367/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 150 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2013-cü ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq alınaraq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsinə əsasən cavabdeh tərəfindən ödənilən alimentin məbləği xx.xx.2013-cü ildə doğulmuş X1 maddi cəhətdən saxlanmasında kifayət etmir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Qanuna əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin uşağın saxlanması üçün kifayət etmədiyini, iddiaçının işləmədiyini və uşaqla birgə Bakı şəhərində yaşamasını və buna görə də xərclərin təbii olaraq daha yüksək olmasını nəzərə alır və hesab edir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli, 2(073)-1367/2021 saylı qətnaməsi ilə xx.xx.2013-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilməsi tərəflərin həqiqi vəziyyətinə və uşağın mənafeyinə uyğundur. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-1367/2021 saylı qətnaməsi ilə xx.xx.2013-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 200 (iki yüz) manat məbləğində müəyyən edilsin və məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh xx.xx.2013-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 44 (qırx dörd) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar