Məhkəmə qərarları › İş №2(073)-2494/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2494/2024

11.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2494/2024 11.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 550 manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayonu, Ocaqlı kəndində yerləşən “Ocaq-Petrol” yanacaq doldurma məntəqəsində işləyir və ora rəhbərlik edir. 2023-cü ilin sentyabr ayında Alqasımlı kəndində yaşayan Cavabdeh işlədiyi YDM-nə gələrək əkin sahəsini sulamaq üçün lazım olan benzini nisyə olaraq götürmək istədiyini və bununla bağlı ona köməklik etməyini xahiş etmiş, o da suvarma işinin əkinçi üçün çox vacib olmasını nəzərə alaraq ona nisyə yanacağın verilməsinə razı olmuşdur. Cavabdeh sezon zamanı bir neçə dəfə nisyə yanacaq almış, sonuncu dəfə nisyə aldığı 550 litr Aİ-92 markalı benzinin pulunu gecikdirdikdə, o (iddiaçı), cavabdehdən yanacağın pulunu verməsini tələb etmiş, cavabdeh isə yaxın vaxtda borcunu tam olaraq ödəyəcəyini bildirmişdir. Beləliklə, 7-8 aydır ki, hər dəfə borcu tələb etdikdə cavabdeh onu müxtəlif bəhanələrlə aldadaraq borcu ödəməkdən yayınmışdır. 2024-cü ilin iyul ayında o, məcbur olub 102 xidmətinə müraciət etmişdir. Müraciətindən sonra cavabdeh Cəlilabad Rayon Polis X1 tərəfindən dindirilərək izahatı alınmış və o izahatında həqiqətən ondan Aİ-92 markalı yanacağı nisyə olaraq almasını və borcunun olmasını etiraf etmişdir. Cavabdeh məqsədli olaraq izahatında yanacağa olan borcundan ödəmiş olduğu və bu günə qədər ödəməli olduğu borc məbləğini fərqli qeyd etmişdir, lakin onun borcu 550 manatdır. Cavabdehin borcunu etiraf etməsi Cəlilabad Rayon Polis X1 tərəfindən qəbul olunmuş 21 iyul 2024-cü il tarixli cinayət işinin başlamasının rədd edilməsi barədə qərarda qeyd olunmuşdur. Lakin mübahisə mülki xarakterli olduğundan ona (iddiaçıya) məhkəməyə müraciət etmək hüquqnun olduğu izah edilmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş mateirallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon Polis Şöbəsinin HK-1-1971 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair şikayəti əsasında araşdırma aparılmış və araşdırmanın nəticəsi olaraq mübahisənin mülki xarakterli olması göstərilərək məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin qərardan görünür ki, Cavabdeh verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayon Qarazəncir kənd sakini İddiaçı uzun illərdir ki, tanıyır və onunla aralarında hər hansı ədavət və düşmənçilik yoxdur. Bildirmişdir ki, o kənd təsərrüfatı işləri ilə məşğul olur və Cəlilabad rayon Ocaqlı kənd ərazisində yerləşən, İddiaçı rəhbərlik etdiyi "Ocaq-Petrol" YDM-dən mütəmadi olaraq nisyə Aİ-92 markalı yanacaq götürüb təxminən sezon vaxtı ödəyir. Bildirmişdir ki, sonuncu dəfə keçən ilin sentyabr ayında sözügedən YDM-dən nisyə olaraq 750 litr Aİ-92 markalı yanacağı Rəfail adlı şəxsin iştirakı ilə nisyə olaraq götürmüş və həmin yanacağa görə sonuncuya 300 manat, yəni yanacağın 300 litr həcmində olan pulu cari ilin fevral ayında ödəsə də qalan 450 manat, yəni 450 litr yanacağın pulunu ödəyə biləməyərək bu vaxtadək borclu qalmışdır. Hal-hazırda onun Rəfail adlı şəxsə 450 manat pul borcu qalıb. Həmin borcu o öz izahatı üzrə təsdiq etdiyini bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında şifahi nisyə alqı-satqı müqaviləsi bağlanmışdır, cavabdeh iddiaçıdan 2023-cü ilin sentyabr ayında 750 manatlıq nisyə olaraq benzin almış və həmin pulun bir qismini ödəmiş, 450 manatını isə ödəməkdən yayınmışdır. İddiaçı dəfələrlə tələb etsə də, cavabdeh ona olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Cəlilabad rayon Polis Şöbəsinin HK-1-1971 saylı material üzrə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, polis şöbəsində verdiyi izahatında cavabdeh iddiaçıya 450 manat borcu olduğunu etiraf etmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə iclasında iddiaçı cavabdehin ona 550 (beş yüz əlli) manat borcu olduğunu göstərsə də cavabdehin izahatında göstərmədiyi 100 (yüz) manat pulun da iddiaçıya borclu olmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 450 (dörd yüz əlli) manat borc və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar