Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2514/2025 07.10.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Məhkəmə iclas katibi Həşimzadə Şahannə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1800 manat pulun və dövlət rüsumü kimi ödədiyi 38 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cəlilabad şəhərində yaşayır. Cavabdeh yaxın qonşusudur. Cavabdeh ona 2025-ci ilin mart ayında uşağının xəstə olmasını və çətin vəziyyətdə olduğunu deyərək ondan borc pul istəmiş, o da cavabdehə etibar edib 1800 manat borc pul vermişdir. Ondan aldığı pulu istədikdə müxtəlif bəhanələr gətirərək pulu verməkdən boyun qaçırır və buna görə də 1800 manat pulunu vermədiyi üçün məcbur qalıb məhkəməyə müraciət etmişdir. Əlavə olaraq bildirir ki, Cavabdeh ondan başqa bir neçə adamı aldadaraq borc almış və geri qaytarmamışdır. Cavabdehin ona olan borcu barədə səs yazıları da mövcuddur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: -İddiaçı tərəfindən təqdim edilmiş CD diskdə olan səs yazılarından aydın olur ki, cavabdeh iddiaçıdan yuxarıda qeyd olunan məbləğdə pul vəsaiti almışdır. Cavabdeh sözügedən səs yazılarında müxtəlif ifadələr işlədərək dəfələrlə təsdiq edir ki, o, iddiaçıdan məhz borc məqsədilə pul götürməsini etiraf edir, borcun məbləğini və alınma səbəbini dolğun şəkildə qeyd edir, eyni zamanda borcu yaxın müddətdə geri qaytaracağına dair vədlər verir. Səs yazılarında cavabdehin danışıqlarından açıq şəkildə görünür ki, tərəflər arasında bu münasibət qarşılıqlı etimad əsasında yaranmış, cavabdeh isə sonradan öz öhdəliyini vaxtında yerinə yetirməmişdir. Bununla belə, cavabdeh həmin yazılarda dəfələrlə “borcumu qaytaracağam”, “məndə hal-hazırda imkan yoxdur, yaxın günlərdə verəcəyəm” kimi ifadələr işlətmiş, bununla da aldığı məbləğin borc xarakterli olduğunu və onu qaytarmaq öhdəliyini bir daha təsdiq etmişdir. Həmçinin “Whatsapp” mobil tətbiqi vasitəsilə aparılan yazışmalardan görünür ki, Cavabdeh borcunu qaytaracağı ilə bağlı iddiaçıya vədlər vermişdir. - İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçıməhkəmədə iddia qaldırmaq üçün 38 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı cavabdehə 1800 manat məbləğində borc vermiş, cavabdeh isə müxtəlif bəhanələrlə, həmin borcu qaytarmaqdan yayınmışdır. Nəticədə cavabdeh iddiaçı ilə aralarında olan razılaşma əsasında iddiaçıya aldığı pulu qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmasına baxmayaraq, qeyd edilən vəzifəsini icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Eyni Məcəllənin 385 və 386.1-ci maddələrinə uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan borc müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığı prinsipinə əsaslanır. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan və iddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 740-cı maddələrinə (mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan redaksiyaya) əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tərəflər arasında olan münasibətlərin şifahi borc müqaviləsinə əsaslanması ilə bağlı məhkəmə qeyd edir ki, təqdim edilmiş izahatdan, səs yazıları və “Whatsapp” mobil tətbiqi vasitəsilə aparılan yazışmalardan da göründüyü kimi, onlar arasında yaxın qonşuluq münasibətləri olmuş və bu səbəbdən borc müqaviləsi yazılı şəkildə rəsmiləşdirilməmişdir. Tərəflər arasında borc müqaviləsindən irəli gələn hüquq münasibətlərinin yaranması işin mübahisələndirilməyən halıdır. Aralarında bağlanmış şifahi müqaviləyə əsasən iddiaçının öz üzərinə düşən öhdəliyi yerinə yetirməsi, cavabdehin isə müqavilə üzrə öhdəliyini yerinə yetirməməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsbit olunmuşdur. Belə ki, İddiaçı tərəfindən Cavabdeh 1800 manat məbləğində pulun verilməsi iş materiallarında olan yazışmalarla və səs yazılarında olan etirafedici ifadələrlə təsdiqini tapmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı pul tələbi barədə məhkəmədə iddia qaldırmaqda haqlıdır. Nəzərə alınmalıdır ki, mülki qanunvericilik şifahi və ya yazılı olmasından asılı olmayaraq müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu baxımdan bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilməlidir. Belə ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqdan sui-istifadə ilə bağlı hüquqi mövqeyinə görə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan suiistifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır (X.Mirzəliyevin şikayəti üzrə 17 sentyabr 2021-ci il tarixli Qərar). Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh borc (kredit) müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməyərək iddiaçıdan aldığı borc məbləğini ona geri qaytarmamışdır. İddiaçının təqdim etdiyi “CD disk”də olan səs yazılarının sübut kimi qiymətləndirilməsi ilə əlaqədar məhkəmə qeyd edir ki, səs yazısından sübut kimi istifadə edilməsinin mümkünlüyü Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə” 12 aprel 2021-ci il tarixli Qərarında öz əksini tapmışdır. Həmin Qərarda qeyd olunmuşdur ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında telefon danışıqları və yazışmalardan sübut kimi istifadə edilməsi ilə bağlı ifadə edilmiş hüquqi mövqeyinə görə, Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi səs yazısının tərəfin şəxsiyyəti ilə bağlı olan dəyərləri ilə əlaqədar olduğu hallarda onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyini müəyyən edir. Həmçinin başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi yolveriləndir. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi “CD disk” də olan səs yazıları və “Whatsapp” mobil tətbiqi vasitəsilə aparılan yazışmalar iddiaçı ilə cavabdeh arasında olan danışıqları əks etdirir və onlar arasında yaranmış borc münasibətləri ilə bağlıdır. Bu səbəbdən həmin sübuta istinad edilməsi qanunvericiliklə yolveriləndir. Cavabdeh borc (kredit) müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməyərək iddiaçıdan aldığı borc məbləğini ona geri qaytarmamışdır. Belə ki, pulun qaytarılmasına dair sübut etmək yükünü cavabdeh daşıyır, iş materiallarında isə belə bir sübut mövcud deyildir. Bu mənada məhkəmənin fikrincə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğundur. Cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə müvafiq iddia tələbini irəli sürmək hüququ vermişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlar əsasında hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliyini vaxtında icra etməyərək qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozmuşdur. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1800 manat və dövlət rüsumu olaraq ödənilmiş 38 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1800 (bir min səkkiz yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 53 (otuz səkkiz) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən sonra bir ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ləman Mehrəliyeva
Məhkəmə qərarları › İş №2(073)-2514/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2514/2025
07.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver