Məhkəmə qərarları › İş №2(073)-252/2025

Cəlilabad Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(073)-252/2025

25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-252/2025 25.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Cəlilabad şəhərində 25 fevral 2025-ci il tarixdə açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Əzizov X2 Qiyas Aydın oğluna qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 7000 (yeddi min) manat pulun və 91 (doxsan bir) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə elektron ərizə göndərərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilmədiyini, işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh Beyləqan rayonunda hərbi hissədə işlədiyi zaman tanımış və yaxın münasibətləri olmuşdur. Cavabdeh 23 iyun 2024-cü il tarixdə ondan 7000(yeddi min) manat məbləğində borc pul istəmişdir. O, cavabdehi tanıdığı və yaxın dostluq münasibəti yarandığı üçün ona həmin tarixdə borc olaraq 7000 (yeddi min) manat məbləğində pul vermişdir. Həmin vaxt Cavabdeh yazılı qəbzdə borca aldığı 7000 (yeddi min) manat pulu 4-5 aya qaytaracağına söz vermiş və qəbzi imzalamışdır. Əvvəllər cavabdeh ondan borca pul alsa da vaxtında qaytarmışdır. Lakin ondan borca aldığı 7000 (yeddi min) manat puldan bu günə kimi bir manat belə qaytarmamışdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, hər dəfə müxtəlif bəhanələr gətirərək yaxın vaxtlarda pulunu qaytaracağını bildirərək onu aldatmış və borcunu qaytarmamışdır. Cavabdeh hazırda hərbidə işləməklə yüksək maaş alır və ona olan borcunu qaytarmağa maddi imkanı vardır. Qeyd etdiklərinin nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respulikasının MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçı tərəfin işə qiyabi icraat qaydasında baxılmasına yazılı formada razılığı olmasını nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmiş və işə qiyabi icraat qaydasında baxılması barədə 25 fevral 2024-cü il tarixdə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə olan sənədləri hərtərəfli və tam araşdırıb, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan yazılı qəbzdən görünür ki, Cavabdeh X1 7000 (yeddi min) manat məbləğində borc pul götürdüyünü və həmin pulu 4-5 ay ərzində qaytarmağa söz verdiyini qeyd etmiş və həmin qəbzi imzalamışdır. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 91 (doxsan bir) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən, borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh 23 iyun 2024-cü il tarixdə 4-5 ay müddətinə qaytarmaq şərtilə iddiaçıdan yazılı qəbzə imza etməklə 7000 manat məbləğində borc pul almış, lakin öhdəliyini pozaraq bu günədək iddiaçıya olan borcunu geri qaytarmamışdır. Nəticədə cavabdeh iddiaçı ilə aralarında olan razılaşma əsasında iddiaçıya aldığı pulu qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh qeyd edilən vəzifəsini icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh məhkəməyə gəlməmiş və onun tərəfindən iddiaya etiraz və ya hər hansı münasibət bildirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən, iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Həmin Məcəllənin 242-ci maddəsinə əsasən, qiyabi qətnamənin məzmunu bu fəslin və bu Məcəllənin 16-cı fəslinin qaydaları ilə müəyyən edilir. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 7000 (yeddi min) manat pul İddiaçı xeyrinə tutulmalıdır. Eyni zamanda Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğu üçün iş üzrə iddiaçı tərəfindən iddia qaldırılması ilə bağlı ödənilmiş 91 (doxsan bir) manat dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 241-243-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 7000 (yeddi min) manat pul və ödənilmiş 91 (doxsan bir) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə, ərizə verilməsi müddəti bitdikdən sonra 1 (bir) ay müddətinə Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar