Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2531/2025 28.10.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Həşimzadə Şahanə İlham qızının katibliyi, İddiaçı, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" BOKT MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Cəlilabad rayonu 1 saylı Notariat Ofisinə qarşı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" BOKT MMC və Cəlilabad Rayon İcra və Probasiya Şöbəsi cəlb edilməklə “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Cəlilabad rayonu 1 saylı Notariat Ofisinə qarşı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT MMC və Cəlilabad Rayon İcra və Probasiya Şöbəsi cəlb edilməklə “icra qeydinin ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilən borcun ödənilməsi haqqında xx.xx.2025-ci il tarixli, 8İ-6787 nömrəli icra qeydinin ləğv edilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən "xxxx" ВОКТ MMC ilə aralarında bağlanmış 10 fevral 2025-ci il tarixli, 163366/25 saylı kredit müqaviləsi üzrə ona həmin MMC tərəfindən 5820 manat məbləğində, illik 32 faiz olmaqla, 36 ay müdddətində lombard krediti ayrılmışdır. Yəni, tərəfindən qızil zinət əşyaları həmin MMC-yə girov kimi qoyulmuşdur. Qızıl əşyaları isə iddiaçıya Cəlilabad rayon sakini X4 tərəfindən verilmiş və o, onun xahişi üzərinə Rəşadın qızıllarını girov kimi "xxxx" MMC-yə qoymuş, və götürdüyü krediti Rəşada vermişdir. Daha sonra məlum olmuşdur ki, Rəşad Məmmədov onun kimi onlarla insanın etibarından sui-istifadə edərək saxta qızılları onlara vermiş və xahiş etmişdir ki, "xxxx" BOKT MMC-dən kredit götürüb ona versinlər. Hazırda qeyd olunan halla bağlı Cəlilabad Rayon Polis X2 Rəşad Məmmədov barəsində cinayət işi başlanılmış icraatı davam etdirilir. Bir neçə gün əvvəl icra məmuru ona bildirmişdir ki, onun tərəfindən icra edilməmiş öhdəliyin icrasının təmin edilməsi üçün notariusun icra qeydi əsasında İcra şöbəsinə icra sənədi daxil olmuşdur. Cəlilabad rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilən icra qeydində onun adına artıq borc yazılmışdır. Eyni zamanda yuxarıda qeyd etdiyi cinayət əməlləri barədə icra qeydi üzrə mübahisəli hallar olduğundan həmin əsassız icra qeydi ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini əsassız hesab etdiyini bildirərək, qeyd etmişdir ki, İddiaçı onlara təqdim etdiyi qızıl-zinət əşyalarının saxta olmuşdur. Qızılların saxta olması onlara sonradan məlum olmuşdur. Göstərilən halları nəzərə alaraq iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh Cəlilabad saylı Notariat Ofisi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" BOKT MMC ilə İddiaçı arasında bağlanmış 10 fevral 2025-ci il tarixli, 163366/25 saylı kredit müqaviləsindən görünür ki, MMC tərəfindən “Müştəri”yə 5820 manat məbləğində, illik 32 faiz olmaqla, 36 ay müdddətində lombard krediti ayrılmışdır; - "xxxx" BOKT MMC ilə İddiaçı arasında bağlanmış 10 fevral 2025-ci il tarixli, 163366/25 saylı “Girov müqaviləsi”nin surətindən görünür ki, 10 fevral 2025-ci il tarixli, 163366/25 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq iddiaçı müqavilənin 1 saylı əlavəsində göstərilən özünə məxsus olan zinət əşyalarını girov qoymuşdur; - İddiaçı ilə X4 arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 167/25 saylı “xidmətin göstərilməsi haqqında” müqaviləyə əsasən tərtib edilmiş 167/25 nömrəli “Qiymətləndirmə aktı”ndan görünür ki, təqdim edilən qızıl-zinət əşyalarının cəmi likvid dəyəri 5829,91 manat, cəmi bazar dəyəri isə 7287,39 manat təşkil etmişdir; - 8i-6787 reyestr nömrəli icra qeydinin notarial qaydada təsdiqli surətindən görünür ki, xx.xx.2025-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixdə icra qeydi aparılmışdır. Həmin icra qeydinə əsasən, borclu İddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə vaxtında ödənilməmiş 5945,94 manat, bundan əlavə 30,18 manat cərimə penya, habelə tələbkar tərəfindən ödənilmiş 25 manat (iyirmi beş manat) məbləğində dövlət rüsumu olmaqla, cəmi 6001,12 manat pul tutulmalıdır; - İddiaçı tərəfindən "xxxx" BOKT MMC-nin baş direktoru Anar Əkbərova ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədə, borcun xx.xx.2025-ci il tarixinədək ödənilmədiyi halda girovda olan qızıl zinət əşyalarının satışına razılıq verildiyi qeyd edilmişdir. - xx.xx.2025-ci il tarixli “Akt”dan görünür ki, "xxxx" BOKT MMC-nin Cəlilabad filialının əməkdaşları-İntiqam Rüstəmov, İlqar Məmmədov, Mehman İbayev, Nurulla Kərimov və Loğman Əliyevin iştirakı ilə İddiaçı məxsus girov qızıl zinət əşyaları ofisdə açılmış və götürülməsi barədə müvafiq akt tərtib edilmişdir. - 02.05.2025-ci il tarixli "xxxx" BOKT MMC-nin bildirişindən görünür ki, borc alan İddiaçı 5976,12 manat məbləğində borcun ödənilməsi tələb olunmuş, əks halda girovda olan qızıl zinət əşyalarının satışa çıxarılacağı və müvafiq hüquqi tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. - Cəlilabad RPŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı müraciəti üzrə Təhqiqat Bölməsində toplanmış material araşdırmanın davam etdirilməsi məqsədilə İstintaq Bölməsinə göndərilmiş və hazırda X1 "xxxx" MMC-də işlədiyi dövrdə zərər vurduğu şəxslərin müəyyən edilməsi, eləcə də material üzrə yekun qərarın qəbul edilməsi istiqamətində araşdırma aparılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, borclu İddiaçı ilə borc verən "xxxx" BOKT MMC arasında xx.xx.2025-ci il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqavilənin təminatı olaraq bağlanmış xx.xx.2025-ci il tarixli girov müqaviləsinə əsasən iddiaçıya məxsus olan qızıl-zinət əşyalarını girov qoyulmuşdur. Öhdəliyin icrası gecikdirildiyindən "xxxx" BOKT MMC tərəfindən həmin qızıl-zinət əşyaları satışa çıxarılarkən saxta olması məlum olmuşdur. Hazırda iddiaçı icra qeydinin ləğv edilməsini xahiş etmişdir. İcra qeydlərinin aparılması əsasları və qaydaları “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsində müəyyən edilmişdir. Həmin maddəyə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Təlimatın 162-ci bəndinə əsasən, icra qeydləri aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 6.1.4-cü bəndinə əsasən, notariusun icra qeydləri icra sənədi hesab olunur. Həmin qanunun 8.1-ci bəndinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, İddiaçı ilə üçüncü şəxs "xxxx" BOKT MMC arasında 10 fevral 2025-ci il tarixdə, 163366/25 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçıya 5820 manat məbləğində lombard krediti verilmişdir. Kredit müqaviləsi tərəflərin qarşılıqlı razılığı əsasında bağlanmış, iddiaçı öz imzası ilə müqavilə şərtlərini qəbul etdiyini təsdiqləmişdir. Belə ki, İddiaçı məhkəmə iclasında izahatında kredit müqaviləsini öz adına bağlasa da qeyd olunan pul məbləğini faktiki olaraq X3 verdiyini, öhdəliyin onun üzərində olduğunu və bu şəxsin dələduzluq əməlləri barədə cinayət işi başlanıldığını bildirmişdir. Lakin həmin hal iddiaçı ilə "xxxx" BOKT MMC arasında bağlanmış kredit müqaviləsinin etibarlılığını və iddiaçının borclu statusunu aradan qaldırmır. Belə ki, iş materiallarından görünür ki, Rəşadın iddiaçıdan vəsait aldığı barədə heç bir yazılı sənəd, bank köçürməsi, qəbz, borc sənədi və müqavilə münasibətlərinin ona aid olduğuna dair digər hər hansı sübut mövcud deyil. Məhkəmə hesab edir ki, iddiaçının müqavilə üzrə öhdəliyi birbaşa onun imzası ilə təsdiqlənmiş, kredit məbləği onun adına rəsmiləşdirilmişdir. Bu baxımdan notarius tərəfindən verilmiş icra qeydi Azərbaycan Respublikasının “Notariat haqqında” Qanunun 72-ci maddəsinin tələblərinə uyğun olaraq tərtib edilmişdir. İddiaçının sadəcə şifahi izahatı hüquqi nəticə yaradan faktı sübut etmək üçün yetərli deyildir. Bu səbəbdən, iddia olunan hal sübut olunmamış sayılır. Cinayət işi üzrə istintaqın aparılması faktı mülki müqavilə münasibətləri üzrə tərəflərin hüquq və vəzifələrini dəyişdirmir. İddiaçı tərəfindən təqdim edilmiş sübutlar icra qeydinin tərtib edilməsi zamanı notariusun qanunsuz hərəkətə yol verdiyini və ya icra qeydinin əsassız tərtib olunduğunu təsdiq etmir. İddiaçı öz iradə ifadəsinə uyğun olaraq, müvafiq şərtlərlə tanış olaraq kredit müqaviləsini imzalamışdır. İcra qeydinin aparılması zamanı notarius və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməməsinə dəlalət edən hallar, o cümlədən bildirişlərin göndərilməsi, müvafiq müddətlərə riayət edilməməsini təsdiq edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia ərizəsi rədd edildiyindən iddiaçı şəxsə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cəlilabad rayonu 1 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ləman Mehrəliyeva
Məhkəmə qərarları › İş №2(073)-2531/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2531/2025
28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver