Məhkəmə qərarları › İş №2-2(3-8)-31/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-8)-31/2026

18.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(3-8)-31/2026 18.03.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və X1rşı borcun tutulması və tutmanın girov predmetlərinə yönəldilməsi tələbinə dair kommersiya iş üzrə QƏRARDADİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası – Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Axundov Toğrul Bəhruz oğlunadn ibarət tərkibdə, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(119)-595/2025 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Birinci instansiya məhkəməsində icraat

1. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(119)- 595/2025 nömrəli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, cavabdеhlər Cavabdeh1 MMCdən və X2 müştərək qaydada 131518,64 manat məbləğində əsas borc, 1063,51 manat məbləğində faiz borcu və 422,58 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 133004,73 manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması, cavabdehlər Cavabdeh1 MMC-dən və X2 tutulmalı olan cəmi 133004,73 manat məbləğində pul vəsaitinin İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 25 oktyabr 2023-cü il tarixli 301875-726925/1.2 nömrəli girov müqaviləsi ilə iddiaçının xeyrinə girov qoyulmuş Cavabdeh1 MMC-nin mülkiyyətində olan bazar dəyəri 250000 manat təşkil edən dövriyyə vəsaitlərinə (“Map (kübrə)”, “Leonardit (kübrə)”, “Ammonium Sulfat”, “MKP (kübrə)”, “Ting (şaftalı)”, “8 hektar üçün suvarma sistemi”) və 25 oktyabr 2023-cü il tarixli 301875-726925/1.1 nömrəli girov müqaviləsi ilə iddiaçının xeyrinə girov qoyulmuş Cavabdeh1 MMC-nin AZ61AZEN******************** nömrəli bank hesabında olan 250000 manat məbləğində pul vəsaitinə yönəldilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaitinin cavabdеhlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

2. Cavabdeh1 MMC xx.xx.2026-cı il tarixdə həmin qətnamədən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir.

3. Həmin apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyinə görə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli e-2-2(119)-595/2025 nömrəli qərardadı ilə geri qaytarılmışdır.

4. Cavabdeh1 MMC xx.xx.2026-cı il tarixdə yenidən apellyasiya şikayəti, eyni zamanda buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(119)- 595/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli e-2-2(119)-595/2025 nömrəli qərardadı ilə Cavabdeh1 MMC-nin Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(119)-595/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır.

6. Cavabdeh1 MMC həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsi və apellyasiya şikayətinin mümkün hesab edilərək icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

7. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli e-2-2(119)-595/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli e-2-2(119)-595/2025 nömrəli qərardadından verilmiş şikayət iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

8. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 130.1, 130.3, 133.1, 133.3, 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri

9. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktiki olaraq əldə edilən tarixdən, yəni xx.xx.2026-cı il tarixdən dərhal sonra apellyasiya şikayəti verilməsi üçün hərəkətə keçməsi cavabdehin “prosessual vicdanlı” olduğunu sübut edir. Lakin məhkəmə üçün başlamış prosessual müddətin axımının bir neçə günlük cavabdehdən asılı olmayan səbəblərdən bitməsi və bununla da 139777,35 manatlıq bir iş üzrə apellyasiya hüququnun məhdudlaşdırılması tətbiq edilən "məhdudiyyət" ilə qorunan "maraq" arasında mütənasibliyi kəskin şəkildə pozur. Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli Qərarına istinadən, üzürlü səbəb şəxsin iradəsindən kənar və dəf edilməsi mümkün olmayan halları əhatə edir. Dövlət tərəfindən idarə olunan elektron sistemdə texniki qeydiyyatın olmaması və sənədin cavabdehə kağız daşıyıcıda rəsmi çatdırılmaması onun iradəsindən kənar obyektiv maneədir. Məhkəmənin bu faktları "ağlabatan deyil" deyərək rədd etməsi, dövlətin şəxsin məhkəməyə çıxışını təmin etmək barədə pozitiv öhdəliyindən imtina etməsi və hüququn aliliyi prinsipini zədələməsi deməkdir. Məhkəmənin qətnaməsinin xx.xx.2025-ci il tarixində elektron kabinetə yerləşdirməsini rəsmi təqdimat hesab etməsi, lakin həmin tarixdə cavabdehin faktiki olaraq sistemdə qeydiyyatının (kabinetinin) mövcud olmadığının nəzərə almaması hüququn bu özəyini sarsıdır. Belə bir yanaşma, şəxsi özündən asılı olmayan texniki və prosessual maneələrlə üz-üzə qoyaraq, onun yuxarı instansiya məhkəməsinə müraciət imkanını tamamilə heçə endirir. Cavabdeh "xxxx" MMC-nin elektron kabineti sənəd yerləşdirilən tarixdə mövcud olmamış, yalnız xx.xx.2026-cı il tarixdə aktivləşdirilmişdir. Hətta elektron kabineti xx.xx.2026-cı il tarixində aktivləşdirildiyini, məhkəmə bildirişlərinin həmin gün oxunduğunu, elə həmin gün də qətnamənin sistem üzərindən əldə edildiyini əks etdirən çıxarış müddətin bərpasına dair ərizəyə əlavə edilmişdir. Nəticə etibarilə, qeydiyyatı olmayan tərəf üçün elektron kabinetə yerləşdirmə "rəsmi təqdimetmə" faktını yaratmır. Bu halda məhkəmə sənədi kağız daşıyıcıda rəsmi təqdim etməli idi, lakin bu edilməmişdir. Qərardadda, həmçinin qətnamənin Vəkil elektron kabinetinə yerləşdirildiyi qeyd edilmişdir. Lakin müddətin bərpasına dair ərizədə də qeyd edilmişdir ki, birinci instansiya məhkəməsində icraat bitdikdən sonra vəkillə münasibətlər kəsilmiş və maddi imkansızlıq səbəbilə yeni müqavilə bağlanmamışdır. Məhz bu səbəbdən vəkillik səlahiyyəti bitmiş şəxsə göndərilən bildiriş tərəfə çatdırılmış hesab edilməməlidir.

b) Şikayətə qarşı tərəfin etirazının dəlilləri

10. Şikayəti ilə bağlı tərəflərin yazılı etirazı daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. (...) 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir.

Maddə 130. Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.2. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

Maddə 133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 133.4. Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. 133.6. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər.

Maddə 135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi (...) 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. (...)

Maddə 357. Apellyasiya şikayəti vermək hüququ 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. (...)

Maddə 360. Apellyasiya şikayətinin verilmə müddəti Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri Maddə 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 397. Apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxılması müddəti və qaydası 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: (...) 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

Apellyasiya baxışının hədləri

13. Şikayətdən görünür ki, şikayətçi cavabdeh Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli e-2-2(119)-595/2025 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.

14. Ona görə də, kollegiya birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

16. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.

17. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-in 360-cı maddəsində apellyasiya şikayətinin verilməsi üçün müəyyən olunmiş müddətdir. Həmin normada apellyasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilməsi müəyyən olunur.

18. Məhkəmə kollegiyası qeyd edir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

19. “Elektron məhkəmə” informasiya sistemindən müəyyən olunur ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh1 xx.xx.2022-ci il tarixdə elektron kabinet iştirakçısı kimi qeydiyyatdan keçmişdir.

20. Mülki Prosessual Məcəllənin 134.1.5-ci maddəsinə əsasən məhkəmə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir.

21. Göründüyü kimi məhkəmə aktlarının işdə olan şəxslərə rəsmi qaydada verilməsi imperativ xarakter daşıyır. Ona görə də, birinci instansiya məhkəməsi MPM-in 134.1.5-ci maddəsində nəzərdə tutulmuş vəzifəsini yerinə yetirərək, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(119)-595/2025 nömrəli qətnaməsinin əsas mətni Cavabdeh1 MMC-nin “Elektron məhkəmə” informasiya sistemində xx.xx.2022-ci il tarixdən etibarən mövcud olan elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir.

22. Cavabdeh1 MMC isə xx.xx.2026-cı il tarixdə həmin qətnamədən apellyasiya şikayəti və buraxılmış müddətin bərpasına dair ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmiş, göründüyü kimi apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür.

23. Cavabdeh verdiyi şikayətdə MMC-nin məhkəmə qətnaməsinin tərəflərə rəsmi qaydada verdildiyi göstərən müddət ərzində, yəni xx.xx.2025-ci il tarixdə MMC-nin “Elektron məhkəmə” informasiya sistemində elektron kabinetinin mövcud olmadığını, yalnız xx.xx.2026-cı il tarixdə aktivləşdirildiyini, məhkəmə bildirişlərinin həmin gün oxunduğunu, elə həmin gün də qətnamənin sistem üzərindən əldə edildiyini, nəticə etibarilə, qeydiyyatı olmayan tərəf üçün elektron kabinetə yerləşdirmə "rəsmi təqdimetmə" faktını yaratmayaraq bu halda məhkəmə sənədinin kağız daşıyıcıda rəsmi təqdim etməli olması kimi əsaslandırılır.

24. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan şikayət dəlili ilə bağlı bildirir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinin tələblərindən göründüyü kimi, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

25. Göründüyü kimi, qeyd olunan maddəyə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatının iştirakçılarının “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təmin edilməsi imperativ xarakter daşıyır. Cavabdeh1 MMC də “Elektron məhkəmə” informasiya sistemində elektron kabinet istifadəçisi kimi xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçmişdir.

26. Bundan əlavə həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 MMC-nin nümayəndəsi Vəkil birinci instansiyası məhkəməsinin icraatı zamanı məhkəməyə müxtəlif tarixlərdə ərizələr ünvanlamaqla iclasın təxirə salınmasını xahiş etmiş, məhkəmə bildirişləri isə həm Cavabdeh1 MMC-nin , həmdə nümayəndəsinin elektron kabinetinə yerləşdirilmişdir.

27. Mülki Prosessual Məcəllənin 10-1.5 və 10-1.8-ci maddələrinin tələblərindən irəli gəlir ki, həmin Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Eyni zamanda, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıdakı materiallara bərabər tutulur və eyni hüquqi qüvvəyə malikdir.

28. Belə olan halda, birinci instansiya məhkəməsinin qətnaməsinin əsas mətninin Cavabdeh1 MMC-yə təqdim edilməsi müddəti kimi həmin sənədin MMC-nin “Elektron məhkəmə” informasiya sistemində mövcud elektron kabinetinə yerləşdirildiyi tarix xx.xx.2025-ci il qəbul edilməlidir.

29. Şikayətdə elektron kabinetin xx.xx.2026-cı il tarixdə aktivləşdirildiyi, məhkəmə bildirişlərinin həmin gün oxunduğu və elə həmin tarixdə qətnamənin sistem vasitəsilə MMC tərəfindən əldə edildiyi, habelə cavabdehin yenidən vəkillə müqavilə bağlamaq üçün maddi imkanının olmaması barədə dəlillər əsaslı hesab edilə bilməz.

30. Belə ki, Cavabdeh1 MMC-yə məxsus elektron kabinetin xx.xx.2026-cı il tarixdə aktivləşdirildiyi göstərilsə də, bunun səbəbləri açıqlanmamışdır. Əgər bu hal hər hansı texniki nasazlıqla bağlı olmuşdursa, həmin nasazlığı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməli idi. Lakin iş materiallarında belə sübutlar mövcud deyildir. Digər tərəfdən, elektron kabinetin aktivləşdirilməsinin gecikməsi texniki səbəblərlə bağlı olsa belə, bu hal özlüyündə prosessual müddətin bərpası üçün üzrlü səbəb kimi qiymətləndirilə bilməz. Bu səbəbdən cavabdehin qeyd olunan dəlilləri əsassız hesab edilir (nümyəndəsi Vəkil işdən məlumatlı olmuşdur).

31. Bununla yanaşı birinci instansiya məhkəməsində icraat bitdikdən sonra vəkillə münasibətlərin kəsilməsi səbəbindən vəkillik səlahiyyəti bitmiş şəxsə göndərilən bildirişin MMC-yə çatdırılmış hesab edilməməsi barədə dəlilinə gəldikdə isə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69-75-ci maddələrində nümayəndəlik institutunun prosessual hüquq və vəzifələri aydın şəkildə verilmişdir ki, həmin normaların məzmunundan da aydın olduğu kimi, nümayəndə şəxsin vermiş olduğu etibarnamə əsasında onun adından hərəkət etmək iqtidarında olur. Etibarnamə qüvvədə olduğu müddətdə nümayəndə şəxslə prosessual hərəkətləri həyata keçirə bilmək üçün eyni statusda olur. Nümayəndə məhkəmə aktını əldə etməsi barədə tərəfə vaxtında məlumat verməmişsə, bu hal məhkəmə aktının tərəfə çatdırılmaması hesab edilə, onun hüquqlarının pozuntusu kimi qiymətləndirilə bilməz. Çünki mülki prosessual qanunvericilik məhkəmə sənədlərinin çatdırılma qaydası və anlamı ilə bağlı aydın formada tənzimləmə həyata keçirmişdir ki, hazırki halda nümayəndənin cavabdehə məhkəmə aktını elektron kabinet vasitəsi ilə əldə etməsi barədə məlumat verməməsi də prosessual qanunvericiliyin pozuntusuna əsas verə bilməz. Əks halda bu vəziyyət prosessual hüquq və vəzifələrdən sui-istifadəyə şərait yaratmış olardı ki, bu da yolverilməzdir.

32. Məhkəmə kollegiyası şikayətin qeyd olunan dəlilinə qiymət verərək qeyd edir ki, cavabdeh məhkəmə iclaslarında vəkil və nümayəndə tərəfindən təmsil edilmişdir. Bu da cavabdeh tərəfin iştirak etdiyi kommersiya işləri üzrə prosessual hərəkətlərin elektron kabinet vasitəsi ilə qanunla müəyyən edilmiş müddət ərzində prosessual hərəkətlərdən istifadə etməli olması barədə məlumatlı olmasını göstərir. Bununla yanaşı iş materiallarında cavabdehi məhkəmə iclasında təmsil etmiş vəkilin köməyindən istifadə edilməsindən imtina barədə də məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas deyildir. Ona görə də, şikayət təmin olunmamalı, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli e-2-2(119)-595/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli e-2-2(119)-595/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar