Məhkəmə qərarları › İş №2(073)-256/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-256/2025

03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-256/2025 03.03.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2500 (iki min beş yüz) manat pulun və dövlət rüsumu kimi ödədiyi 45 qırx beş) manatın alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, o, 2024-cü ilin iyul ayında Cavabdeh "Mersedes Benz C220" markalı avtomobili 11000 (on bir min) manata satmışdır. Aralarında olan razılaşmaya əsasən həmin vaxtı cavabdeh 8500 (səkkiz min beş yüz) manat pulu ona vermiş, qalan 2500 (iki min beş yüz) manatın 1500 manatının əvəzinə VAZ-2106 markalı avtomaşın vermişdir. 1000 manatı isə bir ay ərzində verəcəyini bildirmişdir. Lakin sonradan cavabdeh ona verdiyi VAZ-2106 markalı avtomobili də geri almışdır. Ona söz vermişdir ki, bu ilin sentyabr ayında pulunu verəcək. Lakin Cavabdeh onu aldadaraq borclu olduğu pulu verməmişdir. O, bununla bağlı Cəlilabad rayon Polis Şöbəsinə ərizə vermis, lakin ona cavabdehlə aralarında olan mübahisənin mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında Cavabdeh verdiyi izahatında göstərmişdir ki, İddiaçı "Mersedes Benz C220" markalı avtomobili 11000 (on bir min) manata almış, 8500 (səkkiz min beş yüz) manat pulu ona vermiş, qalan 2500 (iki min beş yüz) manatın 1500 manatının əvəzinə “VAZ-2106” markalı avtomaşın vermiş, 1000 manatı isə bir ay ərzində verəcəyini bildirmişdir. Lakin bir neçə gündən sonra iddiaçı “VAZ-2106” markalı avtomaşını ona geri qaytarmış və həmin gün “Mercedes” markalımaşının mühərriki xarab olmuşdur. Bununla bağlı xeyli xərci çıxmışdır. Aralarında olan razılaşmaya əsasən onun iddiaçıya 2500 (iki min beş yüz) manat borcu qalmışdır, borcunun olmasını etiraf edir, hər hansı etirazı və ya tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iddiaçı cavabdeh tərəfindən ona 1500 manat verilərsə, qalıq 1000 manat borcdan imtina edəcəyini bildirmiş, buna görə cavabdehə əlavə vaxt verilmişdir, lakin həmin tarixdən xx.xx.2025-ci il tarixə qədər cavabdeh həmin pulu ödəməmişdir. Məhkəmə izahatları, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən, ilk növbədə, iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə veriməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyyətinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Tərəflərin arasında avtomobil alğı-satqısı baş tutmuş, avtomobilin qiyməti 11 min manat razılaşdırılmış, cavabdeh 8500 manat pul ödəsə də 2500 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia tam təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2500 (iki min beş yüz) manat pul və 45 (qırx beş) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar