Məhkəmə qərarları › İş №2(073)-26/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-26/2024

18.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-26/2024 18.03.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə1, Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh və onun nümayəndəsi (vəkil) Vəkil iştirakları ilə, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh qarşı pul tələbinə dair ilk iddiası, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı mənzildən çıxarılma və pul tələbinə dair qarışlıqlı iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X8 hüquqi varisi Abasova (Dadaşova) Xəyalə Şahzadə qızından Cəlilabad şəhəri Azərbaycan küçəsi bina 29, 22 saylı mənzilin alınması üçün verilmiş və xərclənmiş 42 250 manat pulun və 217 (iki yüz on yeddi) manat dövlət rüsumunun alınıb ona (iddiaçıya) verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı mənzildən çıxarılma və pul (kirayə haqqı) tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı uşaqları ilə birlikdə onun (iddiaçının) mülkiyyətində olan Cəlilabad şəhəri Azərbaycan küçəsi 29 nömərli binada yerləşən 22 saylı mənzildən çıxarılmsına, mənzilin ona qaytarılmsına və cavabdehdən kiaryə haqqına görə 4 500 (dörd min beş yüz) manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə1 ilk iddianı müdafiə edərək və qarşılıqlı iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, ünvan 1 ünvanında yaşayan mərhum X19 və onun arvadı Cavabdeh ilə iddiaçı onlara məxsus yuxarıda qeyd edilən 2 otaqlı mənzili 20.000 (iyirmi min) manata alqı-satqı edilməsini pulu ödənildikdən sonra İddiaçı mülkiyyətinə keçirilməsinə razılaşmışlar. Həmin ünvanda X5, X9, X15 və X3 qeydiyyatda olması həmin mənzil ilə əlaqədar olaraq alqı-satqının rəsmləşdirilməsinə mane olduğundan X19 iddiaçı ilə 03 mart 2021-ci il tarixdə notarial qaydada beh müqaviləsi bağlayaraq onun hesabına 5000 (beş min) manat iddiaçı tərəfindən pul ödənilmiş və iddiaçıya hər iki şəxs, yəni X19 və X20 evin artıq iddiaçıya məxsus olduğunu bildirərək beh müqaviləsinə əlavə olaraq iddiaçıdan 29 iyun 2021-ci il tarixdə 5000 (beş min) manat pulu “Bank Respublika” vasitəsi ilə ödəməklə qəbul etmişlər və mənzil yaşayış üçün yarasız olduğundan ər-arvadın razılığı ilə iddiaçı mənzilin təmirinə başlamışdır. Mənzilin təmirində ustalar Cəlilabad şəhər sakinləri X21, X22, iddiaçının qaynatası Alar kənd sakini X23 və qaynı X29 işləmişlər. X1 zəhmət haqqı olaraq 500 (beş yüz) manat, X12 250 (iki yüz əlli) manat, tikinti materiallarının daşınması üçün fəhlələrə 600 (altı yüz) manat, qaynatası Xanlar İsayevə və qaynı İlkin İsayevə 3400 (üç min dörd yüz) manat, ümumilikdə zəhmət haqqı olaraq fəhlə və ustalara 4750 (dörd min yeddi yüz əlli) manat iddiaçının atası Sadıqov Sadıq Arzuman oğlu tərəfindən ödənilmişdir. Həmin pul İddiaçı məxsus olmuşdur. Bundan əlavə, mənzilin təmiri ilə əlaqədar tikinti materialları üçün 8000 (səkiz min) manat pul xərclənmişdir. Təmirdən sonra X19 xəstə olduğu üçün iddiaçının atası Nümayəndə2 müraciət edərək mənzil üçün razılaşdıqları 20000 manatın 9500 manatını video çəkiliş vasitəsi ilə X19 iddiaçının atasından almışdır. Həmin pul da İddiaçı məxsus olmuşdur. Mənzil üçün cəmi 500 manat aralarında pul vəsaiti qalmış və onlar, yəni ər və arvad bildirmişlər ki, mənzildə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması ilə əlaqədar Şirvan İnzibati Məhkəməsinə müraciət edilmiş və Şirvan İnzibati Məhkəməsi qətnamə qəbul etdikdən və qüvvəsini aldıqdan sonra mənzilin alqı-satqısı notariat qaydada rəsmləşdirləcəkdir. Şirvan İnzabati Məhkəməsi yuxarıda adlarını qeyd etdiyi şəxslərin alqı-satqı predmeti olan mənzildən çıxarılmasına dair xx.xx.2022-ci il tarixli, 2-1(120)- 969/2022 saylı qətnamə qəbul etmişdir. Həmin qətnamənin qüvvəyə minməsinə az qalmış, yəni 16 avqust 2022-ci il tarixdə X19 ağciyər ödəmi xəstəliyndən vəfat etmişdir. Onun vəfatından sonra mərhumun həyat yoldaşı, yəni hüquqi varisi Abasova (Dadaşova) Xəyalə Şahzadə qızı qeyd edilən mənzili iddiaçının adına rəsmləşdirməkdən imtina etmişdir. İddiaçı və valideyinləri tərəfindən dəfələrlə Abasova (Dadaşova) Xəyalə Şahzadə qızna və onun qohumlarına mənzilin iddiaçının adına rəşmiləşdirilməsi ilə əlaqədar müraciət edilsə də cavabdeh bundan imtina etmişdir. Mənzilin alqı-satqısı ilə əlaqədar 10 000 (on min) manat beh, əlavə olaraq 9500 (doqquz min beş yüz) manat, mənzilin təmiri üçün alınan tikinti materiallarına 8000 (səkkiz min) manat, usta və fəhlə xərcləri üçün 4750 (dörd min yeddi yüz əlli) manat, cəmi 32 250 (otuz iki min iki yüz əlli) manat pul vəsaiti, əlavə olaraq Mülki Məcəllənin 491 və 492-ci maddələrinə müvafiq olaraq, satıcı tərəfindən müqavilənin şərtləri pozulduğundan beh müqaviləsinə əsasən ödənilən 10000 (on min) manat iki qat, yəni 20000 (iyirmi min) manat vəsait cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. İddiaçı tərəfindən tələb edilsə də, cavabdeh həmin vəsaiti ödəməkdən imtina etmişdir. Buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı qarşlıqlı iddianı əsassız hesab edir. Belə ki, mübahisəli mənzil iddiaçıya kirayə olaraq verilməmişdir. Cavabdeh pulu yuxarıda qeyd edilən vəsaiti qaytarmaqdan imtina etdiyinə görə iddiaçı həmin mənzildən çıxmaqlan imtina etmişdir. Qeyd olunanların nəzərə alınaraq ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh ilk iddianı etiraf etməyərək, qarşılıqlı iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, mübahisəli mənzil əvvəllər mərhum əri X8 mülkiyyətində olmuşdur. X47 öldükdən sonra həmin mənzili öz mülkiyyətinə keçirmişdir. Həmin mənzili 2020-ci ilin may ayında İddiaçı kirayə vermişdir. Aralarında olan razılığa görə İddiaçı yaşadığı müddətdə hər ay ona (qarşlıqlı iddiaçıya) 150 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin mənzili heç vaxt İddiaçı satmaq niyyəti olmamış və bunun müqabilində iddiaçıdan heç bir məbləğdə pul almamışdır. İddiaçı Şəbnəm Sadıqova iddia edir ki, mərhum X47un sağlığında onunla (iddiaçı ilə) X47 arasında beh müqaviləsi bağlanmış və həmin beh müqaviləsinə əsasən mərhum əri iddiaçıdan 10000 (on min) manat beh almışdır. Əgər elə bir müqavilə bağlanmışsa belə həmin müqavilədən onun (Cavabdeh) xəbəri olmamışdır. Mənzilin iddiaçıya satılması barədə beh müqaviləsi mülkiyyətçi kimi eyni zamanda onunla da (qarşlıqlı iddiaçı) bağlanmalı idi. Çünki o (Cavabdeh) da həmin evin mülkiyyətçisidir. Ona görə də ilkin iddianı əsassız hesab edir. Hesab edir ki, iddiaçı 2020-ci ilin may ayından hazırki vaxta kimi onun (Cavabdeh) evində kirayədə yaşamış və yaşadığı müddət ərzində kirayə pulunu ödəməmişdir. Keçən müddət ərzində kirayə pulu 4500 manat təşkil etmişdir. Həmin məbləğ ona (Cavabdeh) ödənilməlidir. Qeyd olunanların nəzərə alınaraq ilk iddianın əsassız olduğundan təmin edilməməsini, qarşlıqlı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh nümayəndəsi (vəkil) Vəkil ilk iddianı etiraf etməyərək, qarşılıqlı iddanı isə müdafiə edərək, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh izahatına uyğun izahat vermiş və ilk iddianın əsassız olduğundan təmin edilməməsinə, qarşlıqlı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ilk iddia əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, əvvəlki məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasın şahid qismində dindirilmiş X23 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı onun gəlinidir, yəni oğlunun həyat yoldaşıdır. Özü və oğlu İlkin İsayev ustalıqla məşğul olurlar. İddiaçı atası Nümayəndə2 ünvan 1 ünvanında yaşayan mərhum X6 razılaşma yolu ilə iki otaqlı mənzil almışdır. Həmin mənzil alınan vaxt təmirsiz vəziyyətdə olmuşdur. Mənzil alındıqdan sonra İddiaçı və ailə üzvləri həmin mənzilə köçməmişdən əvvəl mənzili təmir etdirməyə başlamışlar. O (şahid) və oğlu İlkin İsayev həmin mənzildə 2021-ci ildə ustalıq etmişlər. Belə ki, hər ikisi həmin mənzildə tavan və döşəmə, kafel-metlax və rəngsaz işləri görmüşlər. Təmirə nəzarət iddiaçının atası tərəfindən həyata keçirilmiş və zəhmət haqqı olaraq iddiaçı tərəfindən onlara 3400 (üç min dörd yüz) manat, onların yanında işləyən fəhlələrə isə 600 (altı yüz) manat ödənilmişdir. Mənzildə təmir işləri təxminən 6 ay davam etmişdir. Mənzil təmir olunduqdan sonra iddiaçı və ailə üzvləri köçüb həmin mənzildə yaşamışlar. Lakin iddiaçı və ailə üzvləri mənzilə köçüb bir müddət orada yaşadıqdan sonra cavabdehlə aralarında narazılıq yaranmışdır. Əvvəlki məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasın şahid qismində dindirilmiş X29 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı onun (şahidin) qardaşının arvadıdır. Özü və atası Xanlar İsayev ustalıqla məşğul olurlar. İddiaçı atası Nümayəndə2 ünvan 1 ünvanında yaşayan mərhum X6 razılaşma yolu ilə iki otaqlı mənzil almışdır. Həmin mənzil alınan vaxt təmirsiz vəziyyətdə olmuşdur. Mənzil alındıqdan sonra İddiaçı və ailə üzvləri həmin mənzilə köçməmişdən əvvəl mənzili təmir etdirməyə başlamışlar. O (şahid) və atası Xanlar İsayev həmin mənzildə 2021-ci ildə ustalıq etmişlər. Belə ki, hər ikisi həmin mənzildə elektrik, santexnik işləri, tavan və döşəmə, kafel-metlax və rəngsaz işləri görmüşlər. Təmirə nəzarət iddiaçının atası tərəfindən həyata keçirilmiş və zəhmət haqqı olaraq iddiaçı tərəfindən onlara 3400 (üç min dörd yüz) manat, onların yanında işləyən fəhlələrə isə 600 (altı yüz) manat ödənilmişdir. Mənzildə təmir işləri təxminən 6 ay davam etmişdir. Mənzil təmir olunduqdan sonra iddiaçı və ailə üzvləri köçüb həmin mənzildə yaşamışlar. Lakin iddiaçı və ailə üzvləri mənzilə köçüb bir müddət orada yaşadıqdan sonra cavabdehlə aralarında narazılıq yaranmışdır. Əvvəlki məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasın şahid qismində dindirilmiş X21 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı əvvəllər tanımamışdır. İddiaçının atası Nümayəndə2 tanımış və münasibətləri normal olmuşdur. Özü elektrik işləri görməklə məşğul olur. 2021-ci ilin payız aylarında iddiaçının atası Nümayəndə2 təklifi ilə İddiaçı üçün alınmış mənzildə digər ustalarla birlikdə işləmiş və evin elektrik xəttlərini çəkmişdir. Təmirə nəzarət iddiaçının atası Nümayəndə2 tərəfindən həyata keçirilmiş və zəhmət haqqı olaraq iddiaçının atası tərəfindən ona (şahidə) 500 (beş yüz) manat ödənilmişdir. Mənzildə təmir işləri aparılan zaman yaşayış olmamışdır. Əvvəlki məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasın şahid qismində dindirilmiş X22 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı əvvəllər tanımamışdır. İddiaçının atası Nümayəndə2 tanımış və münasibətləri normal olmuşdur. Özü ustalıq edir və ailəsini dolandırır. 2021-ci ilin payız aylarında iddiaçının atası Nümayəndə2 təklifi ilə İddiaçı üçün alınmış mənzildə digər ustalarla birlikdə işləmiş, su və qaz xəttini çəkmişdir. Təmirə nəzarət iddiaçının atası Nümayəndə2 tərəfindən həyata keçirilmiş və zəhmət haqqı olaraq iddiaçının atası tərəfindən ona (şahidə) 250 (iki yüz əlli) manat ödənilmişdir. Mənzildə təmir işləri aparılan zaman yaşayış olmamışdır. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarxli arayışdan görünür ki, X19 ilə X20 xx.xx.2006-cı ildə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 15 saylı qeydiyyat aparılaraq, arvada Dadaşova soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli (********** qeydiyyat nömrəli) çıxarışdan görünür ki, Cəlilabad şəhəri Azərbaycan küçəsi 29 saylı binanın 22 saylı mənzili X8 mülkiyyətində olmuşdur. İşdə olan xx.xx.2021-ci il tarixli beh müqaviləsindən görünür ki, X26 tərəfindən ünvan 2 ünvanda yerləşən mənzilin alqı-satqısı ilə əlaqədar öhdəliyin icrasının təmin edilməsi üçün X13 5000 (beş min) manat məbləğində beh vermiş və Fəzail Dadaşov həmin məbləği beh olaraq qəbul etmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli bank qəbzindən görünür ki, beh müqaviləsi üzrə X26 tərəfindən X8 adına 5000 (beş min) manat köçürülmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli bank qəbzindən görünür ki, X26 tərəfindən X8 adına 5000 (beş min) manat köçürülmüşdür. İşdə olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)969/2022 saylı qərarından görünür ki, həmin qərarla iddia təmin edilərək, üçüncü şəxslər X5, X9, X15 və X3 ünvan 2 ünvandan qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Cəlilabad rayon Polis Şöbəsinin üzərinə qoyulmuşdur. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarxli arayışdan görünür ki, X19 xx.xx.2022-ci ildə ölmüşdür. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli (********** qeydiyyat nömrəli) çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən mənzil 4/6 hissədə Cavabdeh, 1/6 hissədə X10 və 1/6 hissədə X16 mülkiyyətindədir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cəlilabad rayon Ocaqlı kənd sakini Nümayəndə2 "xxxx" MMC-dən 6136.5 (altı min bir yüz otuz altı) manat dəyərində tikinti materialları almışdır. İşdə olan müstəqil qiymətləndirici “X40” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli LBC01/2024 saylı rəydən görünür ki, Cavabdeh və aliə üzvlərinin mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən mənzilin bazar dəyəri təmirli vəziyyətdə 45000 (qırx beş min) manat, təmirsiz vəziyyətdə 25000 (iyirmi beş) manat, təmir xərci isə 20000 (iyirmi min) manat təşkil edir. İşdə olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən X8 iddaçının atası Nümayəndə2 mənzil alqı-satqısına görə 9500 (doqquz min beş yüz) manat aldığını etiraf etdiyi müəyyən edilmişdir. İşdə olan "xxxx" ASC-yə dair xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli qəbzlərdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh hesabına cəmi 500 (beş yüz) manat köçürülmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh mərhum əri X19 arasında Cəlilabad şəhəri Azərbaycan küçəsi 29 saylı binanın 22 saylı mənzilinin alqı-satqısına dair razılaşma olmuş, lakin həmin ünvanda X5, X9, X15 və X3 qeydiyyatda olması həmin mənzil ilə əlaqədar olaraq alqı-satqının rəsmləşdirilməsinə mane olduğundan iddiaçı ilə X19 arasında 03 mart 2021-ci il tarixdə notarial qaydada beh müqaviləsi bağlanmış və iddiaçı tərəfindən Fəzail Dadaşovun hesabına 03 mart 2021-ci il tarixdə 5000 (beş min) manat və 29 iyun 2021-ci il tarixdə beh müqaviləsinə əlavə olaraq 5000 (beş min) manat, cəmi 10 000 (on min) manat pul köçürülmüşdür. Bundan sonra iddiaçı həmin mənzili öz vəsaiti hesabına təmir etdirmiş, həmin təmir işləri üçün tikinti və digər materiallara 8000 (səkkiz min) manat, usta və fəhlələrə 4750 (dörd min yeddi yüz əlli) manat zəhmət haqqı ödəmşdir. Bundan başqa, iddiaçının atası həmin mənzilə görə cavabdehin mərhum X47a 9 500 (doqquz min beş yüz) manat ödəmişdir. Həmin mənzildə təmir işləri başa çatdıqdan sonra iddiaçı ailə üzvləri ilə birlikdə köçərək həmin mənzildə yaşağa başlamışdır. Cavabdehin əri X19 xx.xx.2022-ci ildə ölmüş, bundan sonra cavabdeh həmin mənzili iddiaçıya notarial qaydada satmaqdan imtina etmiş, iddiaçıdan həmin mənzildən çıxmasını tələb etmiş və həmin mənzil qanun üzrə vərəsəlik hüququ əsasında cavabdehin və onun yetkinlik yaşına çatmayan uşaqlarının mülkiyyətinə keçmişdir. Cavabdeh həmin mənzili iddiaçıya satmaqdan imtina etdiyinə görə iddiaçı həmin mənzilə görə verilmiş 10 000 (on min) manat behi ikiqat qaytarmağı, mənzilə görə cavabdehin mərhum ərinə verilmiş 9500 (doqquz min beş yüz) manat pulu və mənzilin təmiri ilə əlaqədar çəkdiyi 12750 (on iki min yeddi yüz əlli) manat vəsati, cəmi 42250 (qırx iki min iki yüz əlli) manat pulu qaytarmasını cavabdehdən tələb etmişdir. Lakin cavabdeh həmin pulu qaytarmaqdan imtina etmişdir. Buna görə də iddiaçı pul tələbinə dair iddia ərizəsi ilə, cavabdeh isə mənzildən çıxarılma və pul (kirayə haqqı) tələbinə dair qarşılıqlı iddia ərizəsi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ilk növbədə ilk iddianın behin qaytarılması tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, ilk iddia həmin hissədə əsaslıdır. Belə ki, məhkəmə iclasında müəyyən edildiyi kimi İddiaçı ilə Cavabdeh mərhum əri X19 arasında Cəlilabad şəhəri Azərbaycan küçəsi 29 saylı binanın 22 saylı mənzilinin alqı-satqısına dair razılaşma olmuş, lakin həmin ünvanda X5, X9, X15 və X3 qeydiyyatda olması həmin mənzil ilə əlaqədar olaraq alqı-satqının rəsmləşdirilməsinə mane olduğundan iddiaçı ilə X19 arasında 03 mart 2021-ci il tarixdə notarial qaydada beh müqaviləsi bağlanmış və iddiaçı tərəfindən Fəzail Dadaşovun hesabına 03 mart 2021-ci il tarixdə 5000 (beş min) manat və 29 iyun 2021-ci il tarixdə beh müqaviləsinə əlavə olaraq 5000 (beş min) manat, cəmi 10 000 (on min) manat pul köçürülmüşdür. Cavabdeh (qarşlıqlı iddiaçı) Cavabdeh isə məhkəmə iclasında həmin mənzili satmaq niyyətində olmadığını, iddiaçı ilə mərhum X47 arasında beh müqaviləsinin bağlanmasından məlumatının olmadığını, mübahisəli mənzili iddiaçıya kirayə verdiyi göstərmişdir. Lakin işdə olan "xxxx" ASC-yə aid xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli qəbzlərdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh hesabına cəmi 500 (beş yüz) manat köçürülmüşdür. Cavabdeh isə iddiaçıdan ümumiyyətlə heç bir məbləğdə pul almadığını bildirmişdir. Bundan başqa, işdə olan xx.xx.2021-ci il tarixli beh müqaviləsindən və bank qəbzlərindən müəyyən edilir ki, X26 tərəfindən ünvan 2 ünvanda yerləşən mənzilin alqı-satqısı ilə əlaqədar öhdəliyin icrasının təmin edilməsi üçün X8 adına xx.xx.2021-ci il tarixdə 5000 (beş min) manat və xx.xx.2021-ci il tarixdə 5000 (beş min) manat, cəmi 10 000 (on min) manat pul köçürülmüşdür. Həmçinin, işdə olan DVD diskdən də müəyyən edilir ki, X19 iddaçının atası Nümayəndə2 mənzil alqı-satqısına görə 9500 (doqquz min beş yüz) manat aldığını etiraf etmişdir. Məhkəmə ilk iddianın behin iki misli qaytarılması tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, ilk iddia həmin hissədə də əsaslıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı beh müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, mübahisəli mənzildə X5, X9, X15 və X3 qeydiyyatda olması səbəbindən mənzilə dair alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi mümkün olmamış və X2 rayon Polis Şöbəsinə qarşı həmin şəxslərin fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(120)969/2022 saylı qərarı ilə iddia təmin edilərək, üçüncü şəxslər X5, X9, X15 və X3 ünvan 2 ünvandan qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Cəlilabad rayon Polis Şöbəsinin üzərinə qoyulmuşdur. X4 12 avqust 2022-ci ildə öldükdən sonra onun arvadı, eyni zamanda qanun üzrə vərəsəsi olan Cavabdeh mənzili İddiaçı satmaqdan boyun qaçırmış və mərhum Fəzail Dadaşovdan miras qalmış mübahisəli mənzili özünün və yetkinlik yaşına çatmayan uşaqlarının mülkiyyətinə keçirməklə məhrum ərindən qalmış mirsı qəbul etmişdir. Göründüyü kimi Cavabdeh müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəfdir və buna görə də İddiaçı behin iki mislini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Həmin Məcəllənin 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə ilk iddianın mənzilə görə verilmiş 9500 (doqquz min beş yüz) manat və mənzilin təmiri ilə əlaqədar çəkilmiş cəmi 12 750 (on iki min yeddi yüz əlli) manat (tikinti materiallarına görə 8000 manat, usta və fəhlələrə görə 4750 manat) pul tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, ilk iddia həmin hissədə də əsaslıdır. Məhkəmə iclasında müəyyən edildiyi kimi mübahisəli mənzilin alqı-satqısı ilə əlaqədar İddiaçı atası Nümayəndə2 tərəfindən mərhum X17 9500 (doqquz min beş yüz) manat pul verilmiş və Fəzail Dadaşov həmin pulu qəbul etmişdir. Belə ki, işdə olan DVD diskdən də müəyyən edilir ki, X19 iddaçının atası Nümayəndə2 mənzil alqı-satqısına görə 9500 (doqquz min beş yüz) manat aldığını etiraf etmişdir. Həmin pulun İddiaçı məxsus olması məhkəmə iclasında şübhə doğurmamış və mübahisələndirilməmişdir. Bundan başqa, məhkəmə iclasında müəyyən edildiyi kimi İddiaçı tərəfindən həmin mənzildə təmir işləri görülmüş və bununla əlaqədar İddiaçı tərəfindən cəmi 12 750 (on iki min yeddi yüz əlli) manat (tikinti materiallarına görə 8000 manat, usta və fəhlələrə görə 4750 manat) vəsait xərclənmişdir. Mənzildə təmir işlərinin aparılması məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, eləcə də müstəqil qiymətləndirici “X40” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli LBC01/2024 saylı rəylə də öz təsdiqini tapmışdır. Həmin rəydən müəyyən edilir ki, ünvan 2 ünvanda yerləşən mənzili təmirsiz vəziyyətdən hal-hazırkı vəziyyətə gətirmək üçün çəkilən xərc 20 000 (iyirmi min) manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə hesab edir ki, ilk iddia əsaslıdır və onu görə də təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddiaya qiymət verərək, hesab edir ki, qarşlıqlı iddia X24 uşaqları ilə birlikdə mübahisəli mənzildən çıxarılması hissəsində əsaslı olsa da, kirayə pulunun ödənilməsi hissəsində əsassızdır. Belə ki, iş materiallarından müəyyən edildyi kimi X27 xx.xx.2022-ci ildə öldükdən sonra ünvan 2 ünvanda yerləşən mənzil Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli (********** qeydiyyat nömrəli) çıxarışa əsasən 4/6 hissədə Cavabdeh, 1/6 hissədə X10, 1/6 hissədə X16 mülkiyyətindədir və Cavabdeh mülkiyyətində olan həmin mənzili geri tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasəna sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü madəsinə əsasən İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü madəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə qarşlıqlı iddianın kirayə pulunun ödənilməsi tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, qarşılıqlı iddia həmin hissədə əsassızdır. Belə ki, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh həmin mənzilin İddiaçı kirayə verlidiyini göstəpsə də, həmin halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ilk iddia əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia isə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia təmin edilsin. X8 hüquqi varisi cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh 42 250 (qırx iki min iki yüz əlli) manat pul və 217 (iki yüz on yeddi) manat dövlət rüsumu alınıb iddiaçı (qarşlıqlı iddia üzrə cavabdeh) İddiaçı verillsin. Qarşlıqlı iddia qismən təmin edilsin. Cavabdeh (qarşılıqlı iddaçı) İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli (********** qeydiyyat nömrəli) çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Cəlilabad şəhəri Azərbaycan küçəsində yerləşən 29 saylı evin 22 saylı mənzilindən yetkinlk yaşına çatmayan uşaqları ilə birlikdə çıxarılsın və həmin mənzil cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh qaytarılsın. Qarşılıqlı iddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı 100 (bir yüz) manat dövlət rüsumu alınıb cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh verilsin. İlk iddia və qarşılıqlı iddianın təmin edilmiş hissəsi üzrə tələblər eyni vaxtda icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar