Məhkəmə qərarları › İş №2(073)-2605/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2605/2025

28.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2605/2025 28.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Hüseynli Nail Ağasəlim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 2000 manat borcun və ödənilmiş 40 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 manat borcun və ödənilmiş 40 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayonu, Maşlıq kəndində yaşayır. Onun başqa məşğuliyyəti yoxdur, tək məşğuliyyəti həyətyanı sahəsində kənd təsərrüfatı məhsulları əkib-becərib əldə etdiyi məhsulları satmaqla ailəsini dolandırır. Özünə məxsus 0,18 ha həyətyanı torpaq sahəsində il kartof məhsulları əkmişdi. Həmin sahədən təxminən 4 ton 500 kq kartof məhsulu əldə etmişdir. Əldə etdiyi həmin kartof məhsulunu 04 may 2025-ci il tarixdə həmkəndlisi Cavabdeh hər kiloqramı 1 manat 30 qəpikdən olmaqla razılaşıb satmışdır. Aralarında olan razılaşmaya əsasən kartofdan ümumi 5 faiz itki faizi çıxdıqdan sonra cavabdeh ona 4000 manat pulu kartof məhsulunu maşınlara yüklədikdən sonra verməli idi. Lakin, Cavabdeh məhsul yükləndikdən sonra pulunu sabah verəcəyini demişdir. O da razılaşmışdır, lakin səhəri gün də Cavabdeh onun pulunu verməmişdir. Həmin vaxtdan hal-hazırki vaxta kimi cavabdeh ona borclu olduğu puldan iki dəfəyə olmaqla, 2000 manatını vermiş, qalan 2000 manatı isə indiyədək qaytarmamışdır. Dəfələrlə Cavabdeh aldığı kartofun pulunu ödəməsini tələb etsə də, cavabdeh hər dəfə bir bəhanə gətirərək borcunu ödəməkdən yayınmışdır. Artıq cavabdeh ona olan borcunu 4 aya yaxındır ki, ödəmir. O, Cavabdeh ona olan borcunu ödəməməsinə görə Cəlilabad rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Polisdə aparılan araşdırma zamanı Cavabdeh həqiqətən də ona borclu olduğunu etiraf etmişdir. Həmçinin cavabdehin ona borclu olması ona “Whatsapp” tətbiqi vasitəsi ilə atdığı səs yazısı ilə də təsdiq olunur. Lakin, polis bölməsində həmin araşdırmanın mülki xarakterli olması ilə əlaqədar ona izah verildi və toplanmış materialların işə alınacağı və bu barədə mülki qaydada məhkəməyə müraciət etməli olmalı olduğu bildirildi. Sonda o da məcbur qalıb məhkəməyə müraciət etmişdir. O, təsərrüfatla məşğul olmaqla ailəsini dolandırır. Cavabdehin ona borcunu ödəməməsi onu maddi çətinliklərlə üzləşdirmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf edərək verdiyi izahatında bildirdi ki, o, İddiaçı ilə həmkəndlidir. İddiaçı təsərrüfat mallarını əkib-becərməklə məşğul olur. O, 04 may 2025-ci ildə həmkəndlisi Şakir Rzayevdən 4000 manat məbləğində kartof məhsulu almışdır. Həmin 4000 manatdan 2000 manatını iddiaçıya qaytarmışdır. Lakin, maddi imkanı zəif olduğundan qalan 2000 manatı geri ödəməkdə çətinlik çəkir. Hissə-hissə olaraq həmin məbləği iddiaçıya qaytaracaqdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə etiraz etmədi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon PŞ-nin X3 04 avqust 2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı 16 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə etdiyi müraciətdə 04 may 2025-ci il tarixə 4000 manat dəyərinə kartof məhsulunu Cəlilabad rayon Maşlıq kənd sakini Cavabdeh satdığını, lakin sonuncunu vədinə əməl etməməsini və olan borcunu vermədiyini bildirmişdir. X4 müaciətlə bağlı araşdırma aparılmış, araşdırma zamanı İddiaçı gösdərdiyi xüsusatlar mülki xarakterli olması səbəbindən mülki qaydada məhkəməyə müraciət etməsi izah olunmuşdur. İşdə olan 11 avqust 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı iddianın verilməsi ilə əlaqədar 40 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh 04 may 2025-cu ildə İddiaçı ümumilikdə 4000 manat dəyərində kartof məhsulunu nisyə almışdır və həmin borc məbləğini müvafiq olaraq qısa müddətlərdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh həmin 4000 manat borcundan bir hissəsini iddiaçıya qaytarmış, lakin, indiyədək qalan 2000 manat borcunu geri ödəmişdir. Bununlada cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İddiaçı sonradan cavabdehdən dəfələrlə həmin borcu qaytarmasını tələb etmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışdır. Bununla da cavabdehin iddiaçıya 2000 manat borcu yaranmışdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Odur ki, hazırki mübahisə üzrə cavabdehin iddiaçıya borcunun yaranmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Yaranmış borcun qaytarılmasını sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında iş materiallarına əlavə edilmiş cd diskə baxış keçirilmiş, diskdə olan audioyazılar dinlənilərkən, cavabdeh X1 iddiaçı X2 borclu qaldığı 2000 manatı qaytarması ilə bağlı aralarında danışıqlar olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı borca görə 2000 manat pul tələbində haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İş materiallarından göründüyü kimi cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən onun iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilərək, Cavabdeh borca görə 2000 manat alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 40 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh borca görə 2000 (iki min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40 (qrıx) manat alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar