Məhkəmə qərarları › İş №2(073)-2623/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2623/2024

21.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2623/2024 21.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12 iyun 2020-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin həcminin artırılaraq hər ay 235 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər faktiki evlənmiş, nikahlarını isə rəsmiləşdirməmişlər və faktiki nikahlarından 12 iyun 2020-ci ildə Hüseyn adlı uşaqları doğulmuşdur. Aralarında olan narazılıqlara görə tərəflər ayrılmışlar və ayrıldıqları vaxtdan yetkinlik yaşına çatmayan uşaqları iddiaçının himayəsində qalmışdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-929/2021 saylı qiyabi qətnaməsi ilə X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı uşağın maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Məhkəmə qətnaməsinə əsasən cavabdeh tərəfindən ödənilən alimentin məbləği uşağın maddi cəhətdən saxlanmasında kifayət etmir. Cavabdeh uşağa tələb edilən məbləğdə aliment ödəmək iqtidarındadır. Buna baxmayaraq cavabdeh uşağın maddi cəhətdən saxlanmasında əlavə olaraq iddiaçıya kömək etmir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan 4 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 12 iyun 2020-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-929/2021 saylı qiyabi qətnaməsindən görünür ki, 12 iyun 2020-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər faktiki evlənmiş, faktiki nikahlarından 12 iyun 2020-ci ildə Hüseyn adlı uşaqları doğulmuşdur. Aralarında olan narazılıqlara görə tərəflər ayrılmışlar və ayrıldıqları vaxtdan yetkinlik yaşına çatmayan uşaqları iddiaçının himayəsində qalmışdır. Masallı Rayon Məhkəməsinin qətnaməsi ilə X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı uşağın maddi cəhətdən saxlanmasında çətinlik çəkir, uşağı ilə birlikdə xeyli müddətdir ki, Bakı şəhərində yaşayır. Məhkəmə qətnaməsinə əsasən cavabdeh tərəfindən ödənilən alimentin məbləği uşağın maddi cəhətdən saxlanmasında kifayət etmir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay bir uşaq üçün 235 manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin iddiaçının ərizəsində göstərdiyi miqdarda alimenti cavabdehin ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment vermək imkanına malik olmasına dair iddiaçının irəli sürdüyü halların məhkəmə iclasında öz təsdiqini tapmadığını, aliment müəyyən edən qətnamənin artıq 3 ildən çoxdur qəbul edildiyini və bu müddət ərzində uşağın xərclərinin təbii olaraq artdığına görə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin uşağın saxlanması üçün kifayət etmədiyini və iddiaçının uşağı ilə birgə Bakı şəhərində yaşadığını və işlədiyini, buna görə də uşağın saxlanma xərclərinin nisbətən daha çox olmasını nəzərə alır və hesab edir ki, cavabdehdən hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-929/2021 saylı qiyabi qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilsin və məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq 12 iyun 2020-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Cavabdeh 44 (qırx dörd) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar