Məhkəmə qərarları › İş №2(073)-2671/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2671/2025

25.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2671/2025 25.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Hüseynli Nail Ağasəlim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Adgözəl oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Adgözəl oğluna qarşı pul tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh Adgözəl oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Adgözəl oğlundan 5500 manat pulun və ödənilmiş 75 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, Bakı şəhərində “Meyvəli bazarı” adlanan yerdə meyvə-tərəvəz məhsullarının satışı ilə məşğul olur. 12 fevral 2025-ci il tarixdə tanışı Şahin Bakı şəhərində onun yaşadığı ünvana gəlib dostu kimi təqdim etdiyi Cavabdeh Adgözəl oğlu üçün kartof məhsulunun lazım olmasını və onun etibarlı şəxs olduğunu, alacağı kartofun pulunu da vaxtında ödəyəcəyini demiş, o da Şahini uzun müddət tanıdığı üçün etibar etmiş və həmin tarixdə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Meyvəli bazarı” deyilən yerdə ümumi dəyəri 7500 manatlıq kartof məhsulunu Cavabdeh vermişdir. Cavabdeh kartofun pulunu üç gün ərzində qaytarcağı sözünü versə də, sözündə durmamış və pulu qaytarmamışdır. Bundan sonra o, Cəlilabad RPŞ-ə müraciət etmişdir. Cəlilabad RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X1 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 fevral 2025-ii il tarixdə qərar qəbul edilmişdir. Həmin qərarda da göstərildiyi kimi Cavabdeh Adgözəl oğlu ona ümumilikdə 7500 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Onun şikayətindən sonra cavabdeh polis idarəsində olan borcundan 2000 manatını ödəmiş, qalan 5500 manat pulu isə 2025-ci ilin may ayına kimi ödəyəcəyini bildirmişdir. Lakin, cavabdeh indiyə kimi həmin borclu qaldığı 5500 manat pulu qaytarmamışdır. O, dəfələrlə cavabdehdən borcunu qaytarmasını tələb etsə də, Mehman müxtəlif bəhanələr gətirərək, pulu ödəməkdən yayınır. Ona görə də məcbur qalaraq məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Adgözəl oğlu iddianı etiraf edərək verdiyi izahatında bildirdi ki, 12 fevral 2025-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Meyvəli bazarı” deyilən yerdə ümumi dəyəri 7500 manatlıq toxumluq kartof məhsulunu iddiaçı X2 almışdır. Sonra Cəlilabad rayonuna gəlmiş və aldığı toxumluq kartof məhsulunu Cəlilabad rayonunda olan kartof əkini ilə məşğul olan digər şəxslərə satmışdır. Həmin şəxslər məhsulu ondan alıb, əkib-becərib sonda pulu verəcəkdilər. O da həmin puldan iddiaçıya borclu olduğu 5500 manat pulu qaytaracaqdı. Lakin, iddiaçıdan aldığı toxumluq kartof məhsulu pis çıxdı və məhsul zay oldu deyərək, alıcılar onun pulunu vermədilər. Bu səbəbdən də borcun qaytarılmasında gecikmələr yarandı. O, İddiaçı ilə “Meyvəli bazarı”nda bir yerdə işləyir, pulu olduqca borcundan hissə-hissə qaytarır. Məhsulun zay olması səbəbindən özü də zərərə düşmüşdür. Sonda pulu tam ödəmək imkanı olmadığını, qalan borcu, yəni 5500 manatı hissə-hissə ödəyəcəyini bildirdi və iddianın təmin edilməsinə etiraz etmədi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X5 verdiyi izahatında bildirdi ki, o, İddiaçı Meyvəli bazarındakı obyektində həm aşbazlıq edir, həm də iddiaçının səhhətində problemlər olduğundan baxıcılıq edir. O, Cavabdeh Adgözəl oğlunun gəlib iddiaçıdan kartof məhsulu alan zaman orada olmuşdur. Cavabdeh Aqətdən 7500 manat dəyərində kartof məhsulu alıb aparmış, pulunu isə Cəlilabad rayonuna çatandan sonra iddiaçının kartına atacağını bildirmiş, lakin, pulu göndərməmişdir. Aqətin polisə şikayətindən sonra cavabdeh 7500 manat borcundan 2000 manat vermiş, qalan 5500 manatı sonra verəcəyini bildirmişdir. Amma bu günə kimi Cavabdeh İddiaçı 5500 manat pulu qaytarmamışdır. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X6 verdiyi izahatında bildirdi ki, o, İddiaçı Meyvəli bazarındakı obyektində fəhlə işləyir. Cavabdeh Aqətin obyektinə gəlib, nisiyə kartof məhsulu almış, pulunu isə səhəri gün göndərəcəyini bildirmiş, lakin, pulu göndərməmişdir. Mehmanın İddiaçı kartof məhsulu alıb apardığı zaman orada olmuşdur. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X3 verdiyi izahatında bildirdi ki, İddiaçı Meyvəli bazarındakı obyektində fəhlə işləyir. 12 fevral 2025-ci il tarixdə Cavabdeh həmin obyektə gəlmiş və İddiaçı kartof məhsulu almışdır, pulunu isə səhəri gün göndərəcəyini bildirmiş, lakin, pulu göndərməmişdir. Mehmanın İddiaçı kartof məhsulu alıb apardığı zaman orada olmuşdur və o, həmin kartof məhsulunun kütləsini çəkmişdir. İşdə olan Cəlilabad RPŞ-nin 25 fevral 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanılması rədd edilmiş, cinayət işin başlanılmasının rədd edilməsi barədə qərarın surəti müraciət edənə göndərilməklə həmin qərardan müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət etmək, həmçinin müraciəti mülki xarakterli olduğuna görə Azərbaycan Respublikasının MPM-nin 25-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşdə olan 14 avqust 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı iddianın verilməsi ilə əlaqədar 75 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh Adgözəl oğlu 12 fevral 2025-ci ildə İddiaçı 7500 manat dəyərində kartof məhsulunu nisyə almış və məhsulun pulunu üç gün müddətində ödəyəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh razılaşdıqları vaxtdan üzun müddət keçməsinə baxmayaraq, cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bundan sonra İddiaçı Cəlilabad RPŞ-ə müraciət etmiş və şikayətindən sonra Cavabdeh 7500 manat puldan 2000 manatını qaytarmış, qalan 5500 manat borcunu isə 2025-ci ilin may ayına kimi qaytaracağını demişdir. Lakin, cavabdeh həmin 5500 manat pulu bu günə kimi qaytarmamışdır. Məhkəmə iclasında Cavabdeh Adgözəl oğlu hazırda pulu tam ödəmək imkanı olmadığını və qalan borcu, yəni 5500 manatı hissə-hissə ödəyəcəyini bildirdi. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Odur ki, hazırki mübahisə üzrə cavabdehin iddiaçıya borcunun yaranmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Yaranmış borcun qaytarılmasını sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Adgözəl oğluna qarşı 5500 manat pul tələbində haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İş materiallarından göründüyü kimi cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən onun iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilərək, Cavabdeh Adgözəl oğlundan 5500 manat pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 75 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh Adgözəl oğlundan borca görə 5500 (beş min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 75 (yetmiş beş) manat alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar