Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2672/2025 25.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Cəlilabad şəhərində 25 noyabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Bağırlı X1 Elşən Aydın oğluna qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 5000 manat borcun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı verdiyi izahatında göstərdi ki, o, Cəlilabad şəhər sakini Cavabdeh ilə 2022-2023-cü illərdə birgə hərbi xidmətdə olmuş və yaxşı münasibətləri olmuşdur. Cavabdeh 30 sentyabr 2024-cü il tarixdə 1 il müddətinə, yəni 30 sentyabr 2025ci il tarixədək hər ayın 30-da 417 manat ödəmək şərti ilə ondan 5000 ( beş min) manat borc pul istəmiş və borcunu qaytaracağına dair öz xətti ilə yazdığı qəbzi imzalamışdır. O, cavabdehin səmimiyyətinə inanaraq ona 5000 (beş min) manat məbləğində borc pul vermişdir. Cavabdeh borclu olduğu 5000 (beş min) manat pulu ona geri qaytaracağına dair dəfələrlə söz versə də, müxtəlif bəhanələr gətirərək bu günə kimi borcunu geri qaytarmamışdır. Əvvəllər telefonuna cavab versə də, sonradan telefonlarına belə cavab verməmişdir. O, müharibə veteranıdır, 2016-cı ilin aprel döyüşlərinin, Vətən müharibəsinin və 2023-cü ildə Antiteror əməliyyatının iştirakçısıdır. Aldığı travmalarnan bağlı 1 saylı psixatriya xəstəxanasında və reabilitasiya mərkəzində mütamadi olaraq müalicə alır. Hazırda müalicəsinin alınmasında maddi çətinlikləri var. Qeyd etdiklərinin nəzərə alınaraq Cavabdeh 5000 manat borcun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəməyə ərizə təqdim edərək səhhəti ilə bağlı növbəti məhkəmə iclasında iştirak edə bilmədiyini, işə qiyabi icraat qaydasında baxılmasına etirazının olmadığını bildirərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respulikasının MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçı tərəfin işə qiyabi icraat qaydasında baxılmasına yazılı formada razılığı olmasını nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmiş və işə qiyabi icraat qaydasında baxılması barədə 25 noyabr 2024-cü il tarixdə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli və tam araşdırıb, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan yazılı qəbzdən görünür ki, Cavabdeh İddiaçı 30 sentyabr 2024-cü il tarixdə hər ayın 30-da 417 manat ödəmək şərtilə 5000 manat borc pul götürmüş, götürdüyü pulu 1 il müddətinə yəni 30 sentyabr 2025-ci il tarixədək qaytaracağını qeyd etmiş və həmin qəbzi imzalamışdır. İş materiallarında olan 07 oktyabr 2024-cü il tarixli həkim psixiatr komissiyasının rəyindən görünür ki, İddiaçı üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyətin pozuntusu, tez-tez qıcolma tutmaları, depressiv daxilolmalar, özünə qəsd cəhdləri diaqnoz qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən, borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh 30 sentyabr 2024-cü il tarixdə hər ayın 30-u 417 manat ödəmək şərti ilə 30 sentyabr 2025-ci il tarixədək 5000 (beş min) manat borc pul vermiş və cavabdeh borcunu qaytaracağına dair öz xətti ilə yazdığı qəbzi imzalamaqla öhdəlik götürmüşdür. Nəticədə cavabdeh iddiaçı ilə aralarında olan razılaşma əsasında iddiaçıya aldığı pulu qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh qeyd edilən vəzifəsini icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh məhkəməyə gəlməmiş və onun tərəfindən iddiaya etiraz və ya hər hansı münasibət bildirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən, iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Həmin Məcəllənin 242-ci maddəsinə əsasən, qiyabi qətnamənin məzmunu bu fəslin və bu Məcəllənin 16-cı fəslinin qaydaları ilə müəyyən edilir. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 5000 manat pul İddiaçı xeyrinə tutulmalıdır. Eyni zamanda Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 241-243-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə, ərizə verilməsi müddəti bitdikdən sonra 1 (bir) ay müddətinə Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №2(073)-2672/2025
Cəlilabad Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(073)-2672/2025
25.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver