Məhkəmə qərarları › İş №2(073)-2686/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2686/2024

28.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2686/2024 28.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi gündən 28 oktyabr 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarının artırılaraq hər ay bir uşağa görə 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh onunla (iddiaçı ilə) birgə nikahlarından doğulmuş 28 oktyabr 2022-ci il təvəllüdlü X1 atası olması faktının müəyyən edilməsi və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsinə əsasən cavabdeh tərəfindən ödənilən alimentin məbləği uşağın maddi cəhətdən saxlanmasında kifayət etmir. Cavabdeh hal-hazırda uşağına tələb edilən məbləğdə aliment ödəmək iqtidarındadır. Buna baxmayaraq cavabdeh uşağın maddi cəhətdən saxlanmasında əlavə olaraq ona (iddiaçıya) kömək etmir. Uşaqda əlavə xəstəlik yaranmışdır, qolunun altında şiş yaranmışdır, onu isə əməliyyat etdirmək tövsiyyə edilməmişdir, dövri müalicə olunması qərara alınmışdır ki, bu da iddiaçının əlavə xərc çəkməsini zəruri edir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onun (cavabdehin) 28 oktyabr 2022-ci il təvəllüdlü X1 atası olması faktının müəyyən edilməsi və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Özü qazidir, pensiya alır. Tələb edilən alimenti ödəmək iqtidarında deyildir. Məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş alimenti çətinliklə ödəyir. Yaxşı halda alimentin 10 manat artırılmasını qəbul edə bilər. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, işdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)- 534/2023saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh İddiaçı doğulmuş 28 oktyabr 2022-ci il təvəllüdlü Aysun adlı uşağın atası hesab edilməsi, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, cavabdeh Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xəsarət almış və 3-cü qrup əlillik təyin edilmişdir, buna görə 330 manat məbləğində pensiya alır. Həmin informasiya sistemindən əldə edilmiş məlumatlardan həmçinin görünür ki, cavabdeh 2-ci qrup əlilliyi müəyyən edildiyinə görə 456 manat məbləğində pensiya alır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh 28 oktyabr 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda məhkəmə qətnaməsinə əsasən cavabdeh tərəfindən ödənilən alimentin məbləği X1 maddi cəhətdən saxlanmasında kifayət etmir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddiaçının hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması, onun ticarət obyektlərinə və ya xarici markalı avtomobillərə malik olması iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment vermək imkanına malik olmasına dair iddiaçının irəli sürdüyü halların məhkəmə iclasında öz təsdiqini tapmadığını, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin uşağın saxlanması üçün kifayət etmədiyini, iddiaçının işləmədiyini nəzərə alır və hesab edir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-534/2023 saylı qətnaməsi ilə 28 oktyabr 2022-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilməsi tərəflərin həqiqi vəziyyətinə uyğundur. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri bilir ki, iddiaçı iddia ərizəsi verildiyi gündən alimentin tutulmasını xahiş etsə də qanunvericiliyin tələblərinə əsasən aliment artırıldığı halda artırılmış alimentin tutulması məhkəmə qətnaməsi qüvvəyə mindiyi gündən həyata keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-534/2023 saylı qətnaməsi ilə 28 oktyabr 2022-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 200 (iki yüz) manat məbləğində müəyyən edilsin və məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh 28 oktyabr 2022-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı İddiaçı verilsin. Cavabdeh 44 (qırx dörd) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar