Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-271/2025 19.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə1, Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “nəqliyyat vasitəsinin alqısatqı müqaviləsinin ləğv olunması, avtomobilin saz vəziyyətdə təhvil verilməsi və 2000 manat pul tələbi”nə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin ləğv olunması, avtomobilin saz vəziyyətdə təhvil verilməsi və 2000 manat pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında “Chevrolet Niva GLC" markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışına dair bağlanmış 01 sentyabr 2023-cü il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsi, “Chevrolet Niva GLC" markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin saz vəziyyətdə ona qaytarılması və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2000 (iki min) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə görə, 2023-cü ilin avqust ayında iddiaçı özünə məxsus “Chevrolet Niva GLC” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili “Turbo.az” saytında satışa çıxararaq elan yerləşdirmişdir. Bu elanla əlaqədar Cəlilabad rayonu Həziabad kənd sakini Cavabdeh2 ilə tanış olmuşdur. Belə ki, cavabdeh elanı görüb ona zəng edib "Niva"nı almaq istədiyini bildirmişdir. Bununla əlaqədar onunla Lənkəranda görüşmüşlər. “Chevrolet Niva GLC” markalı avtomobili gətirib göstərmiş, Cavabdeh2 avtomaşını sürüb yoxlamış, xoşuna gəlmişdir. O, cavabdehə 9500 manat qiymət demişdir. Lakin Cavabdeh2 bildirmişdir ki, nağd pulu yoxdur, əvəzində ona "Mersedes C klass" markalı minik avtomaşını təklif etmiş və qiymətini 6000 manata deyərək əlavə 3200 manat da ona verəcəyini bildirmişdir. Razılaşdıqları kimi, "Mersedes C klass” markalı avtomaşını ondan alıb baxmış, lakin xoşuna gəlməmiş, Cavabdeh2 bunun əvəzində ona “Ford Transit” markalı yük avtomaşını təklif etmişdir. Avtomaşını ona göstərmiş və xoşuna gələrsə alacağını bildirmişdir. Bundan bir neçə gün sonra - 01 sentyabr 2023-cü il tarixdə Cavabdeh2 ilə Lənkəranda imtahan qeydiyyat şöbəsində görüşmüşdür. Ora Cavabdeh2 “Ford Transit” markalı, 99-RK-l10 dövlət qeydiyyat nişanlı avtomobili gətirmiş, onunla razılaşmışlar ki, həmin avtomaşını 2 il müddətinə 24000 manat ödəmək şərtilə iddiaçı alır, ilkin ödəniş olaraq iddiaçının adına olan 8000 manat dəyərində olan “Chevrolet Niva GLC” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili və əlavə olaraq ona 2000 manat pul verməyə razılaşmışlar. Elə həmin günü “Chevrolet Niva GLC” markalı avtomobilin satışına dair Cavabdeh2 anası olan digər Cavabdeh1 ilə aralarında Azərbaycan Respublikası DİNin BDYPİ-nin X3 İmtahan və X5 01 sentyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan başqa, Niyaza 1400 manat da nağd şəkildə ödəmiş, əvəzində Niyaz ona “Ford Transit” markalı avtomobili idarə etmək haqqında etibarnamə vermişdir, 2 ay ərzində hissə-hissə Cavabdeh2 600 manat da vermiş və bununla da ümumilikdə Niyaza 10000 manat ödəmişdir. Sonradan Niyazın ona satdığı “Ford Transit” markalı avtomobilin yük götürmə mexanizmi zəif olduğu üçün aldığı yük avtomaşınını geri qaytarmaq istəmişdir. Bu barədə Niyazla telefon əlaqəsi saxlayıb ona maşını qaytarıb 10.000 manat pulunu geri istəmişdir. Niyaz isə ona bildirmişdir ki, maşını Göytəpə şəhərinə gətirsin, istəyən var. Həmin maşını Masallıdan İntizar adlı şəxslə danışıb ona satacaqdır və həmin alıcıdan pulu alıb 10000 manatını qaytaracaq. Bu məqsədlə aralarında olan razılığa əsasən, qardaşı Nümayəndə1lə birlikdə xx.xx.2023-cü ildə “Ford Transit” markalı, **-RK- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsinə, mərkəzi avtovağzala gəlmişlər. Orada Cavabdeh2 ilə görüşüb avtomobili geri qaytarmaq istəyərkən Niyaz bildirmişdir ki, onlara 5000 manat pul və əlavə “Mersedes 190” markalı avtomaşın verəcək. O isə qardaşı Rahil ilə ondan tələb etmişlər ki, Niyaz 10.000 manat pulu tam ödəsin, lakin Niyaz həmin pulu ödəməkdən imtina etmişdir. Niyaz avtomobili geri götürməkdən və 10.000 manat pulu ona qaytamaqdan imtina etdiyi üçün qardaşı Rahil istifadəsində olan mobil telefonla DİN-in “102” xidmətizəng mərkəzinə məlumat vermiş və bundan sonra məsələnin həlli üçün “Ford Transit” markalı avtomobili idarə edərək Cəlilabad RPŞ-nin Göytəpə PB-nə gətirib saxlamışdır. Müraciətləri əsasında X4 dəfələrlə araşdırma aparılsa da sonda 31 avqust 2024-cü il tarixli qərarla cinayət hadisəsi olmaması səbəbi ilə cinayət işinin başlanılması rədd edilmiş və iddiaçıya izah olunmuşdur ki, mülki icraat qaydasında məhkəməyə müraciət etsin. Bundan sonra da o, dəfələrlə Cavabdeh2 pulunu tələb etsə də, cavabdeh onun pulunu verməmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı izahat verərək iddianı müdafiə etmişdir. Onun etibarnamə üzrə nümayəndəsi, qardaşı Nümayəndə1 da məhkəmə baxış iclasında, həmçinin məhkəmənin əvvəlki hazırlıq iclaslarında iddianın məzmununa uyğun izahat vermişdir. Bildirmişdirlər ki, cavabdehlərə məxsus “Ford Transit” markalı avtomobili az müddət sürdükdən sonra onda ciddi nasazlıqların olduğunu müəyyən etmişlər, həmin nasazlıqlar üçün özləri tərəfindən müəyyən qədər vəsait də xərclənmişdir, beləliklə, avtomobilin onlar üçün yararsız olduğunu müəyyən etdiklərinə görə bu barədə Cavabdeh2 bildirmişlər və avtomobili geri götürüb onun da onlara məxsus “Chevrolet NİVA” markalı avtomobili və 2 min manat pulu qaytarmasını tələb etmişlər. İddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə3 verdiyi izahatında göstərmişdir ki, Cavabdeh1 aid hissədə iddianı əsassız hesab edir və həmin hissədə iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bildirmişdir ki, iş materiallarında iddiaçıya məxsus “Chevrolet NİVA” markalı avtomobilin alğı-satqısına dair müqavilə var və orada göstərilən 8 min manat pul cavabdehlər tərəfindən iddiaçıya ödənilmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, şahid ifadəsini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli “Nəqliyyyat vasitəsinin alqı-satqı müqaviləsi”ndən görünür ki, İddiaçı mülkiyyətində olan “Chevrolet Niva GLC” markalı, **- BJ-*** dövlət qeydiyyat nişanlı markalı avtomobili Cavabdeh1 satmışdır. İşdə olan Cəlilabad Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar”ından görünür ki, Astara rayon Tüləküvan kənd sakini Nümayəndə1 və Cəlilabad rayon Həziabad kənd sakini Cavabdeh2 Azərbaycan Respublikası DİN-in 102 XZM-nə Cəlilabad RPŞ-nin Göytəpə PB-nə qarışılıqlı müraciətlərinə əsasən toplanmış materialda cinayət hadisəsi olmadığına görə HK-1- 817/HK-1-820 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cəlilabad rayonu Həziabad kənd sakini Cavabdeh2 əməlində dədləduzluq cinayətinin tərkib əlamətləri olmadığına və Nümayəndə1 qəsdən bədən xəsarəti yetirilməsi faktı təsdiqini tapmadığına görə həmin epizodlar üzrə müvafıq olaraq Azərbaycan Respublikası CM-in 178 və 128-ci maddələri ilə barəsində cinayət işinin başlanması rədd edilmiş, Astara rayon Tüləküvan kənd sakini Nümayəndə1 Cəlilabad rayonı Həziabad kənd sakini Cavabdeh2 öldürməklə hədələməsi faktı hədənin icra ediləcəyi üçün real əsaslara söykənməməsi səbəbindən təsdiqini tapmadığına görə Nümayəndə1 barəsində Azərbaycan Respublikası CM-in 134-cü maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, aralarında yaranmış mülki münasibətlərdən irəli gələn məsələlərin tənzimlənməsi baxımından mülki qaydada iddia ərzəsi ilə cavabdehin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə müraciət etmək hüququ tərəflərə izah olunmuşdur. Həmin qərardan görünür ki, Astara rayon, Tüləküvan kənd sakini İddiaçı ilə Cəlilabad rayon, Həziabad kənd sakini Cavabdeh2 arasında 04 sentyabr 2023-cü il tarixdə əldə olunmuş razılığa əsasən sonuncunun anası Cəlilabad rayonu Həziabad kənd sakini X1 “nəqliyyat vasitəsinin BD434126 nömrəli qeydiyyat şəhadətnaməsinə" əsasən xüsusi mülkiyyətində olan "Ford-Transit" markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilkin olaraq 10.000 manat beh qismində, qalan 16.000 manatı isə aybaay vermək şərti ilə ümumilikdə 26.000 (iyirmi altı min) manata nisyə olaraq İddiaçı satıldıqdan və onun tərəfindən 2 ay istismar edildikdən sonra xx.xx.2023-cü il tarixdə, saat 16:20-də Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsinə, mərkəzi avtovağzal yaxınlığında İddiaçı qardaşı Nümayəndə1lə birlikdə avtomaşının yük götürmə qabiliyyətinin zəif olmasını əsas gətirərək həmin avtomaşını istəməmələrini bildirərək Niyaz Qəhrəmanovdan beh qismində 10.000 manat pulun qaytarılmasını tələb etdikləri üçün aralarında mülki münasibətlərdən irəli gələn münaqişə yaranmışdır. İşdə olan qəbzlərdən görünür ki, Q****** N****** Y****** oğlunun hesabına 100, 100, 200, 200 manat olmaqla cəmi 600 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı ilə bazarda bir yerdə işləmişlər. Lənkəranda mübahisəli maşını cavabdehin adına keçirmişlər. Sonra notariusa getmişlər, bağlı olub. İddiaçı onun (şahidin) yanında əlavə olaraq 1400 manat pulu nağd şəkildə cavabdehə verib. İşdə olan etibarnamənin surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan “Ford Transit” markalı, ** RK *** dövlət qeydiyyat nömrəli yük maşınını idarə etmək səlahiyyətini İddiaçı vermişdir. Mübahisənin hüquqi həlli ilə bağlı, ilk öncə, nəzərə alınmalıdır ki, mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (MM-in 324.5 və 404.1-ci maddələri). Əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B. Qasımovun şikayəti üzrə” 2019-cu il 9 dekabr və “N. Əsədovanın şikayəti üzrə” 2021-ci il 12 aprel tarixli Qərarları). Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il tarixli Qərarı). Tərəflərin izahatına və iş materiallarına əsasən müəyyən edilmişdir ki, tərəflər arasında cavabdehə məxsus “Ford Transit” markalı yük avtomobilinin iddiaçıya satılmasının razılaşdırılması və beh qismində iddiaçıya məxsus “Chevrolet NİVA” markalı avtomobilin 8 min manat dəyərləndirilməklə və əlavə olaraq hissə-hissə olmaqla 2 min manat, cəmi 10 min manat pulun beh qismində iddiaçı tərəfindən cavabdehlərə verilməsi işin mübahisələndirilməyən hallarıdır. Bu hal “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarda tərəflərin izahatına əsasən də müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı və Cavabdeh1 Ətiş qızı arasında bağlanılmış xx.xx.2023-cü il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı Müqaviləsi” yalan əqd olmaqla əhəmiyyətsizdir. Ona görə ki, onlar arasında əslində bağlanılmasında niyyətli olduqları əqd cavabdehə məxsus “Ford Transit” markalı yük maşınının alqı-satqısı üçün iddiaçı tərəfindən beh verilməsi, yəni beh müqaviləsi olmuşdur. Lakin məhkəmə onu da qeyd etməyi lazım bilir ki, mübahisənin həllinə beh müqaviləsini tənzimləyən normalar tətbiq edilməli deyil, çünki beh müqaviləsi ilə bağlı zəruri forma tələbinə əməl edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericilikdə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Mülki Məcəllənin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanılmalıdır. Göründüyü kimi, qanunverici behin məbləğindən asılı olmayaraq beh müqaviləsinin yazılı formada bağlanılmalı olması tələbini müəyyən etmişdir. Burada məqsəd beh müqaviləsinin spesifik xarakterli olması ilə yanaşı MM-in 492-ci maddəsində nəzərdə tutulan hüquqi nəticələri (behlə təmin edilmiş öhdəliyə xitam verilməsinin və onun icra edilməməsinin nəticələri) aydın surətdə müəyyən etmək və tətbiq etmək mümkünlüyünü təmin etməkdir. Tərəflər isə aralarındakı beh münasibətlərini lazımi formada rəsmiləşdirməmişlər. xx.xx.2023-cü il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi”nin Cavabdeh1 ilə bağlanılması və buna görə də digər Cavabdeh2 öhdəlik daşımalı olmaması hissəsi ilə bağlı məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərarında göstərilmiş hüquqi mövqeyi rəhbər tutmaqla qeyd etməyi vacib bilir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Həmin Qərara əsasən, başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır. Cavabdehlər ana - oğul qohumluq münasibətindədirlər, “Ford Transit” markalı yük maşını rəsmi olaraq Cavabdeh1 xüsusi mülkiyyətində olsa da və “NİVA” markalı avtomobil alqı-satqı müqaviləsi ilə ona satılsa da, müqavilənin əsl tərəfinin digər Cavabdeh2 olması, məhkəmə hesab edir ki, işin mübahisələndirilməyən halıdır. Bu hal iş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarda yer alan cavabdehlərin hər ikisinin izahatından da aydın olur. Həmçinin 68 yaşlı (xx.xx.1957-ci il təvəllüdlü) qadının “NİVA” markalı avtomobili və ya “Ford Transit” markalı yük maşınını faktiki sahib kimi idarə etməsi ağlabatan deyildir. Cavabdeh1 vəkilinin tərəflər arasında alğı-satqı müqaviləsi bağlanılması və 8 min manat pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməsi ilə bağlı çıxışına münasibətdə məhkəmə qeyd edir ki, hətta həmin müqavilə tərəflərin əsl niyyətini, iradəsini ifadə edən əqd kimi qəbul edilsə də belə, iddiaçı tərəfindən qısa müddət sonra mübahisələndirilmişdir. Mübahisələndirilən əqd isə bağlandığı andan etibarsızdır. Yəni, bu halda da belə cavabdeh müqavilə üzrə əldə etdiklərini iddiaçıya geri qaytarmaq öhdəliyi daşıyır. Məhkəmə onu da nəzərə alır ki, 8 min manat pulun həqiqətən də Cavabdeh1 qızı tərəfindən iddiaçıya verilməsi halı ilə bağlı sübutetmə yükü cavabdehin üzərində olsa da cavabdeh bu yükü icra edə bilməmişdir. Vəkilin həmin məbləğin müqavilədə göstərilməsini bildirməsi və bununla da həmin pulun iddiaçıya verilməsi ilə bağlı fikri ilə isə məhkəmə razılaşmayaraq qeyd edir ki, DİN-in müvafiq orqanında nəqliyyat vasitələrinin alqı-satqısı aparılarkən nəqliyyat vasitəsinin dəyərinin həqiqətən də alıcı tərəfindən satıcıya ödənilməsi ilə bağlı qəbz tələb edilmir və belə tələb qanunvericilikdə də nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 2.9-cu bəndinə əsasən, bağlanmış müqavilənin doğruluğunun təkzibedilməz şərti qeydiyyat məntəqəsində satıcı və alıcının iştirakıdır. Hüquqi şəxslərin nəqliyyat vasitələri satılıb-alındıqda əlavə olaraq təhvil-təslim aktı və nəqliyyat vasitəsinin dəyərinin ödənilməsi haqqında sənəd və ya onun surətinin təqdim edilməsi zəruridir. Göründüyü kimi, qeydiyyat idarəsində alqı-satqı aparılarkən avtomobilin dəyərinin həqiqətən də ödənilməsi ilə bağlı müvafiq təsdiqedici sənədi təqdim etmək öhdəliyi yalnız hüquqi şəxslərin nəqliyyat vasitələrinin alqı-satqısı hallarına şamil olunur, fiziki şəxslər arasında alqı-satqı baş tutarkən isə avtomobilin dəyərinin artıq alqı-satqıya qədər ödənilməsi prezumpsiyası müvafiq orqan tərəfindən rəhbər tutulur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər cavabdehə məxsus “Ford Transit” markalı yük maşınının iddiaçıya hissə-hissə ödənilməklə niyə alqısatqısı barədə razılığa gəlmişlər, həmin maşının qiyməti 24 min manat razılaşdırılmış, ilkin olaraq iddiaçıya məxsus “Niva” markalı avtomobil, qiyməti 8 min manat müəyyən edilməklə, sonradan isə müxtəlif vaxtlarda olmaqla cəmi 2 min manat pul, ümumilikdə 10 min manat pul beh qismində iddiaçı tərəfindən cavabdehlərə verilmiş, “Niva” markalı avtomobilin beh kimi verilməsini isə tərəflər həmin avtomobilin alqı-satqısı barədə müqavilə bağlamaqla rəsmiləşdirmişlər. Yəni, tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsi onların əsl iradələrinin ifadəsi olmamışdır və görüntü üçün bağlanılmışdır. İddiaçı cavabdehə məxsus yük maşınını təqribən 2 ay müddətində istifadə etdikdən sonra nasazlıqlar aşkar etdiyinə və uyğunsuz olduğuna görə cavabdehlərə qaytarmaq istəmiş, bu barədə iradə ifadəsini bildirmişdir, lakin cavabdehlər aldıqlarını geri qaytarmaqdan imtina etmişlər. Buna görə də məhkəmə hesab edir ki, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə olduğu üçün tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi”nin əhəmiyyətsiz əqd olması faktı məhkəmə qaydasında təsdiq edilməli, həmin əqd etibarsız hesab edilməli, müqavilə predmeti olan “Chevrolet Niva GLC” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil, olmadığı halda onun dəyəri olan 8 min manat və iddiaçı tərəfindən cavabdehlərə ödənilmiş 2 min manat pul onlardan müştərək qaydada tutulmaqla iddiaçıya geri qaytarılmalıdır. Ona görə ki, cavabdehlər ana – oğul olmaqla ailə üzvləridirlər, Cavabdeh1 məxsus əmlaklar etibarnamə əsasında digər cavabdeh olan oğlunun faktiki sahibliyində olmuşdur, iddiaçı ilə aralarında yaranmış münasibətlərdə biri rəsmi, digəri faktiki iştirakçı kimi çıxış etmişdir. İddiaçı tərəfindən əlavə olaraq 2000 manat pulun cavabdehlərə verilməsi halı da işin mübahisələndirilməyən halı kimi məhkəmə tərəfindən nəzərə alınmışdır. Həmin 2 min manatın iddiaçı tərəfindən Cavabdeh2 sonradan ödənilməsi halı işdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar, işdə olan ödəniş qəbzləri və şahid ifadəsi ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; - 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; - 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; - 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; - 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır; - 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; - 337.3-cü maddəsinə görə əhəmiyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; - 337.5-ci madəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; - 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; - 500.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız bir dəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (Konstitusiya Məhkəməsi Plenumunun “N. Hacıyevanın şikayəti üzrə” 2020-ci il 10 mart və “X. Mirzəliyevin şikayəti üzrə” 2021-ci il 17 sentyabr tarixli Qərarları). Yalan əqdin əhəmiyyətsizliyi iradə ifadəsinin simulyasiyası (əqdin simulyasiyası), müvafiq hüququn mövcudluğu görünüşünün yaradılması, əsl iradənin gizlədilməsi (pərdələnməsi) ilə şərtləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; - 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; - 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Nəqliyyyat vasitəsinin alqı-satqı müqaviləsi” etibarsız hesab edilsin, həmin müqavilənin predmeti olan “Chevrolet Niva GLC” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil, olmadığı halda onun dəyəri kimi müəyyən edilmiş 8000 (səkkiz min) manat pul və 2000 (iki min) manat pul, habelə iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Göstərilən müddətdə şikayət verilmədikdə həmin müddət bitdikdən sonrakı gün qətnamə qanuni qüvvəsini alacaqdır. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-271/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-271/2025
19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver