Məhkəmə qərarları › İş №2(073)-2751/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2751/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2751/2024 03.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 2865 manat pul və 49 manat dövlət rüsumu tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2865 manat pulun və ödənilmiş 49 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, qızı X1 nişanlanaraq ailə həyatı qurmaq istədiyi şəxs Cavabdeh, 2024-cü ilin aprel ayında ona müraciət edərək Türkiyə Respublikasında “İstanbul Gedik Universiteti”ndə magistr təhsili almaq üçün ondan 3165 manat məbləğində borc pul istəmişdir. Cavabdeh borc alarkən bildirmişdir ki, atası bu barədə məlumatlıdır və razılıq vermişdir ki, borcun hər ay geri ödənilməsi ilə bağlı ona köməklik göstərəcək. O, da yeganə qız övladına görə razı olaraq 3165 manat məbləğində borc pulu Cavabdeh verib. Cavabdeh bilirdi ki, həmin pulu ən yaxın rəfiqəsindən xahiş edərək borc alıb ona verib. Çünki, həmin pulu rəfiqəsinin həyat yoldaşı öz adına bankdan kredit götürərək iddiaçıya verib. Pulu cavabdehə verməzdən əvvəl aralarında razılaşmışdılar ki, aldığı borc pulu hər ay 300 yüz manat olmaqla ona geri ödəyəcək. O da 300 manat pulu, kredit müqaviləsinə əsasən hər ayın 8-i rəfiqəsinə təhvil verecek ki, heyat yoldaşı adına götürdüyü kredit borcunu banka geri ödəsin. Lakin artıq 4 aydır ki, rəfiqəsi ilə aralarında olan münasibətlərin pozulmaması, eyni zamanda banka olan borca görə əlavə faiz və cərimələrin hesablanmaması üçün banka ödənilməli olan 300 manat pulu o öz vəsaiti hesabına ödəyir. Artıq 1200 manat borcu öz vəsaiti hesabına rəfiqəsinə geri ödəmişdir. Cavabdeh ondan aldığı borc pulla öz təhsil ödənişlərini həyata keçirmişdir. Aldığı borc puldan bugünədək ona yalnız bir dəfə 300 manat pul ödəmiş daha sonra isə ümumiyyətlə borcunu ödəməmişdir. Bir müddət sonra qızı ilə aralarında soyuqluq yaranmış və nişan mərasimi olmadan ayrılmaq qərarına gəlmişlər. Aramızda heç bir qohumluq əlaqəsi qalmadığından o cavabdehdən ona verdiyi borcu tam şəkildə ödəməsini tələb edir. Cavabdehlə dəfələrlə ayrı-ayrı vaxtlarda danışıqlar aparsa da cavabdeh hər dəfə müxtəlif bəhanələrlə ona olan borcunu ödəməkdən imtina etmişdir. Hətta o və onun yaxın qohumları da cavabdehin ona borclu olması barədə məlumatlı olan valdeyinləri ilə dəfələrlə əlaqə yaradaraq borcun geri ödənilməsin tələb etsələrdə cavabdehin atası cavab olaraq borcu geri vermiyəcəyin bildirmişdir. Tərəfindən mübahisənin həlli ilə bağlı Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinə müraciət etmişdir. Müraciət əsasında Cavabdeh polis idarəsinə dəvət olunaraq izahatı alınmışdır. Cavabdeh öz izahatında borc pul aldığını və aldığı borc pulu geri qaytara bilmədiyini açıq şəkildə etiraf etmişdir. Hətta izahatının sonunda 2800 manat məbləğində olan borcunu 2024-cü ilin sentyabr ayının əvvəlinə kimi tam şəkildə ödəyəcəyini bildirsədə hazırda yenədə bəhanələr gətirərək borcunu ödəmir. Dəfələrlə vatsapp sosial şəbəkəsi üzərindən onunla olan yazışmalarında da borcunu ona ödəyəcəyini bildirsədə öhdəliyini yerinə yetirməmişdir.Artıq onun verdiyi boş vədlərdən təngə gəlmişdir. Onuda qeyd edir ki, özü ürək xəstəsidir, səhhəti ilə əlaqədar ümumiyyətlə işləyə bilmir. Artıq övladlarının gündəlik təlabatlarını, xəstəliyi ilə bağlı dərmanlarını belə ala bilmir. Tək işləyən qızıdır. Hazırda ailənin bütün yükü qızının üzərindədir. Ailəsinin maddi cəhətdən olduqca ağır və ciddi sıxıntıları var. Göründüyü kimi Cavabdeh onun ona olan etibarından sui istifadə edərək ona olan borcunu geri ödəməkdən boyun qaçırır. Həmçinin tərəfindən rəsmi şəkildə cavabdehin qeydiyyat ünvanına pretenziya məktubu da göndərilmişdir. Lakin müraciəti yenədə nəticəsiz qalmışdır. Bu səbəbdən pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməsi barədə ərizəsini məhkəməyə təqdim edərək, verdiyi izahatında bildirdi ki, həqiqətən də onun iddiaçı X2 2865 manat borcu vardır. Hazırda iddiaçıya olan borcunu tam ödəməyə imkanı yoxdur, lakin borcunu hissə-hissə ödəyəcəyinə söz verir və bu səbəbdən də iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Nərimanov rayon X5 şöbəsinin 07 avqust 2024-cü il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı şikayət ərizəsi əsasında araşdırma aparılmış, tərəflərin izahatları alınmış və Cavabdeh verdiyi izahatında İddiaçı 2800 manat borcu olduğunu etiraf etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı iddianın verilməsi ilə əlaqədar 49 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh 2024-cü ilin aprel ayında İddiaçı təhsil haqqını ödəmək adı ilə 3165 manat borc pul almış, həmin məbləğin 300 manat hissəsini geri qaytarmış, lakin 2865 manat hissəsini isə hazıradək iddiaçıya geri qaytarmamışdır. İddiaçı qalan borcu qaytarması üçün cavabdehə dəfələrlə xəbərdarlıq etsə də, heç bir nəticəsi olmamışdır. Bununla da cavabdeh razılaşdıqları vaxtdan üzun müddət keçməsinə baxmayaraq, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və bu səbəbdən də iddiaçıya 2865 manat borcu yaranmışdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı X3 Cavabdeh qarşı 2865 manat pul tələbində haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdehnın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İş materiallarından göründüyü kimi cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən onun iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materillarına əlavə edilmiş Cavabdeh ərizəsindən görünür ki, o, iddiaçı İddiaçı ona qarşı 2865 manat pul tələbinə dair iddiasını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən təsdiq edilməli və Cavabdeh 2865 manat alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 49 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən təsdiq edilsin. Cavabdeh 2865 (iki min səkkiz yüz altımış beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 49 (qırx doqquz) manat alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar