Məhkəmə qərarları › İş №2(073)-279/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-279/2023

07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-279/2023 07.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh Baratxan oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Baratxan oğluna qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Baratxan oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3401 (üç min dörd yüz bir) manat pulun, 800 (səkkiz yüz) manat əldən çıxmış faydanın və 54 (əlli dörd) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxvarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianın həcminin azaldılmasına dair ərizə verərək, verdiyi izahatında göstərmişdir ki, Cavabdeh Baratxan oğlu 2022-ci ilin may ayında ondan (iddiaçıdan) 3401 (üç min dörd yüz bir) manat dəyərində nisyə kartof almış və aldığı məhsulun dəyərini qısa müddətdə ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin, cavabdeh ondan (iddiaçıdan) aldığı kartof məhsulunun dəyərini söz verdiyi vaxtda ödəməmişdir. Tələb etməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda cavabdehin maddi imkanını nəzərə alaraq ondan (cavabdehdən) 2 800 (iki min səkkiz yüz) manat tələb edir. Qeyd edilənlərin nəzərə alınaraq cavabdehdən 2 800 (iki min səkkiz yüz) manat pulun və 54 (əlli dörd) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Baratxan oğlu iddianı etiraf edərək, verdiyi izahatında göstərmişdir ki, 2022-ci ilin may ayında iddiaçıdan nisyə kartof almış və aldığı məhsulun dəyərini bir müddət sonra ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin, kartofu satdığı şəxslərdən pulunu ala bilmədiyinə görə iddiaçıya olan borcunu ödəyə bilməmişdir. Buna görə də, iddaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı onun (cavabdehin) maddi vəziyyətini nəzərə alaraq hazırda ondan (cavabdehdən) 2 800 (iki min səkkiz yüz) manat pul və 54 (əlli dörd) manat dövlət rüsumu tələb edir. İddianı tam şəkildə etiraf edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə veriməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyytinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Baratxan oğlundan 2 800 (iki min səkkiz yüz) manat pul və 54 (əlli dörd) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar