Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-281/2025 10.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 2100 manat və dövlət rüsumu kimi ödədiyi 32 manat pul məbləğlərinin alınıb ona verilməsi tələbinə dair mülki işə, Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 2100 manat və dövlət rüsumu kimi ödədiyi 32 manat pul məbləğlərinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərdi ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır və kənd təsərrüfatı ilə məşğul olur. O, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsini razılıq əsasında haqqı ödənilməklə icarəyə götürərək istifadə etmişdir. Cavabdehlər ona 2024-cü ilin yaz aylarında həmin torpaq sahələrini satmaq istədiklərini bildirmişlər və onun həmin torpaq sahəsini uzun müddət istifadə etdiyini üçün torpaq sahəsini ona satmaq istədiklərini bildirmişlər. O, cavabdehlərlə razılaşdıqdan sonra, 2100 manat məbləğində həmin torpaq sahəsini cavabdehlərdən almışdır. Lakin həmin torpaq sahəsinin alqısatqısını rəsmiləşdirməmişdir. O, bir müddət keçdikdən sonra cavabdehlərə torpaq sahəsinin onun adına rəsmiləşdirilməsinin lazım olduğunu bildirmiş, cavabdehlər isə həmin torpaq sahəsini başqasına satdıqlarını bildirmişlər. O, dəfələrlə cavabdehlərdən pulunu tələb etsə də, cavabdehlər hər dəfə bir bəhanə ilə hazırki vaxta kimi ona ödəməli olduqları 2100 manat pulu ödəməkdən yayınmışlar. Cavabdehlər ona borclu olduqları pulu vermədirklərinə görə ərizə ilə Cəlilabad rayon Polis Şöbəsinə müraciət etmiş, lakin Cəlilabad RPŞ-də ona bildirmişlər ki, cavabdehlərlə aralarında olan mübahisə mulkı mübahisə olduğu üçün bununla bağlı məhkəməyə müraciət etməlidir. Ona görə də o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, o və digər cavabdeh (anası) Cavabdeh1 həmin kənd təsərrüfatlı torpaq sahəsini İddiaçı ilə razılaşaraq ayı 500 manatdan 7 il müddətinə iddiaçıya icarəyə vermişlər. 2024-cü ilin yaz aylarında torpağı satmaq istədiklərini İddiaçı bildirmişlər. İsrafil də onlara 2100 manat pul vermişdir. Sonra onlar həmin torpaq sahəsini başqa şəxsə satmışlar. İddiaçı onlara borclu qaldığı 3500 manatı versin ki, onlar da İsrafilin 2100 manatını versinlər. Nə onun nədə ki Cavabdeh1 iddiaçıya heç bir borcları və iddiaçının qarşısında öhdəlikləri yoxdur. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 Cavabdeh2 izahatında bildirdiklərini müdafiə edərək tələb üzrə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehlərin izahatlarını dinləyərək, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X1 izahatında bildirdi ki, İddiaçı ilə həmin torpaq sahəsinə birliktə yəni şərik olaraq çiyələk əkmişlər. Sonradan eşitmişdir ki, İddiaçı həmin torpağı 2100 manata almış, lakin daha sonra eşitmişdir ki, cavabdehlərlə danışıqları baş tutmamışdır. Sonra o, həmin torpağı almaq üçün cavabdehlərlə danışmışdır. Cavabdehlər həmin torpaq sahəsini ona 6000 manata satıblar. O, 4000 manatını vermiş 2000 manat isə cavabdehlərə borclu qalmışdır. Sonradan bu barədə məlumatları olduqda İddiaçı cavabdehlərdən pulunu geri istəmişdir. Lakin cavabdehlər iddiaçıya pulu geri qaytarmamışlar. Məhkəmə baxışı zamanı İddiaçı təqdim etdiyi səs yazısı dinlənilərkən, Cavabdeh2 səs yazıları ilə İddiaçı borcunun yaranması öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməmişlər və nəticədə iddiaçıya 2100 manat borcları yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 2100 manat pul tələbində haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, cavabdehlər iddiaçı ilə aralarında olan razışlaşma üzrə üzərlərinə götürdikləri öhdəlikləri yerinə yetirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehlərin hərəkətləri əsassız varlanma kimi qiymətləndirilməlidir. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ilə aralarında olan razılaşmanı pozaraq üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməmişlər və bununla da iddiaçıya ödəməli olduqları məbləği ödəməkdən yayınmışlar. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi və aralarında olan razılaşmanın əhəmiyyətli dərəcədə pozması kimi qiymətləndirilməlidir. İş materiallarından göründüyü kimi cavabdehlər iddiaçı ilə aralarında olan razılaşma üzrə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməmişlər və nəticədə iddiaçı qeyd edilən mübahisə ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2100 manat alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan 05 noyabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı ərizənin verilməsi ilə əlaqədar 32 manat dövlət rüsumu ödəmişdir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 32 manat dövlət rüsumu müştərək qaydada cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2100 (iki min bir yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 32 (otuz iki) manat alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-281/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-281/2025
10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver