Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-282/2025 31.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 Hüseynağa oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Hüseynağa oğluna və Cavabdeh2 Cəlal oğluna qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Hüseynağa oğluna və Cavabdeh2 Cəlal oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Hüseynağa oğlundan və Cavabdeh2 Cəlal oğlundan 2800 (iki min səkkiz yüz) manat pul və ödənilmiş 48 (qırx səkkiz) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o (iddiaçı), Cəlilabad rayonu, Qarazəncir kəndində yaşayır. Təxmini iki il bundan əvvəl qonşu kənddən olan Cəlilabad rayonu, Sabirabad kənd sakinləri olan cavabdehlər Cavabdeh1 Hüseynağa oğlu və Cavabdeh2 Cəlal oğlu ondan qısa müddətə qaytarmaq şərti ilə 2800 (iki min səkkiz yüz) manat borc pul istəmişdir. O da tanıdığı üçün cavabdehlər Cavabdeh1 Hüseynağa oğluna və Cavabdeh2 Cəlal oğluna 2800 manat pulu borc olaraq vermişdir. Cavabdehlər Cavabdeh1 Hüseynağa oğlu və Cavabdeh2 Cəlal oğlu pulu ondan alarkən yaxın günlərdə qaytaracaqlarına söz vermişlər. Lakin sonradan cavabdehlər bəhanələr gətirərək ona borclu olduqları 2800 manat pulu qaytarmaqdan yayınmağa başladılar. O, dəfələrlə cavabdehlərdən borclu olduqları pulu geri istəsə də cavabdehlər müxtəlif bəhanələrlə halhazırki vaxta kimi borclarınıqaytarmamışlar. Hətta ona borclu olduqları pulu verməmək üçün Cavabdeh1 Hüseynağa oğlu onun (iddiaçının) barəsində Cəlilabad rayon Polis Şöbəsinə böhtan xarakterli ərizə yazaraq guya onları təhqir etdiyini və ölümlə hədələdiyini göstərmişdir. Halbu ki, o birinci qrup əlildir, başqa şəxsin köməyi olmadan hərəkət belə edə bilməz. Cavabdeh1 Hüseynağa oğlunun müraciəti əsasında Cəlilabad RPŞ-də araşdırma aparılmış və cinayət işinin başlanılması rədd edilmişdir. Cavabdeh Babayev X1 RPŞ-də aparılan araşdırma zamanı verdiyi izahatında həqiqətən də ondan 2800 manat borc pul aldıqlarını və maddi imkanı olmadığı üçün həmin pulu qaytara bilmədiyini etiraf etmişdir. O artıq cavabdehlərin ona borclu olduqları pulu qaytarmadıqlarını gördüyü üçün məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 Hüseynağa oğlu iddianı qismən etiraf edərək verdiyi izahatında göstərmişdir ki, digər cavabdeh ilə birgə həqiqətən də iddiaçıdan 2800 manat pul borca almışdırlar, lakin həmin pulu hissə-hissə olmaqla artıqlaması ilə geri qaytarmışdırlar. İddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh2 Cəlal oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixdə keçirilən hazırlıq iclasında iştirak edən Cavabdeh2 Cəlal oğlu digər cavabdeh İddiaçı izahatına uyğun izahat vermişdir, bildirmişdir ki, müəllim işləyir və iddiaçıya olan borclarını yay aylarında qaytara bilərlər. Məhkəmə işə Cavabdeh2 Cəlal oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. İşdə olan Cəlilabad Rayon Polis Şöbəsinin (təhqiqatçı Elvin Soltanzadə) xx.xx.2024cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar”ından görünür ki, Sabirabad kənd sakini Babayev X1 RPŞ-nə ərizə ilə müraciət edərək iki il altı ay bundan əvvəl onun və Cavabdeh2 Cəlal oğlunun Qarazəncir kənd sakini, sələm verməklə məşğul olan Amil adlı şəxsdən, 20 faiz ödəniləcəyi şərti ilə 1400 manat sələmə pul götürdüklərini, bu pulun faizini ödədikdən bir il sonra yenidən 1400 manat sələmə pul götürdüklərini, götürdükləri 2800 manat pulun sələmini hər ay əvvəllər 280 manat, bir ildən sonra isə 560 manat olmaqla Amilə pul ödədiklərini, bu ilin avqust ayında sələmi ödəyə bimədikləri üçün Amildən müddət istədikdə onlarla razılaşdığı, lakin bu ay razılaşmanı pozaraq sakinlər arasında onları təhqir etdiyini və ölümlə hədələdiyini bildirmişdir. Həmin şikayət əsasında araşdırma aparılmış və araşdırmanın nəticəsi olaraq mübahisənin mülki xarakterli olması göstərilərək məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin qərardan görünür ki, İddiaçı polis şöbəsində verdiyi izahatında göstərmişdir ki, o, xəstəliklə bağlı birinci qrup əlildir. O, Cavabdeh1 Hüseynağa oğlunu hədələməmişdir. Cavabdeh1 Hüseynağa oğluna 2800 manat vermiş, lakin Cavabdeh1 Hüseynağa oğlu borcunu qaytarmaqdan yayınaraq müxtəlif bəhanələr gətirib onun barəsində şər-böhtan xarakterli şikayət etmişdir. Cavabdeh1 Hüseynağa oğlu qardaşının məktəb direktoru olmasından istifadə edib nüfuz alveri edərək ona olan borcu ödəməkdən yayınır. Həmin qərardan görünür ki, Cavabdeh1 Hüseynağa oğlu polis şöbəsində verdiyi izahatında gösərmişdir ki, o, Cavabdeh2 Cəlal oğlu ilə birlikdə Cəlilabad rayonu, Qarazəncir kənd sakini Amil adlı şəxsdən təxminən iki il altı ay bundan əvvəl ümumilikdə 2800 manat pulu 20 faiz ilə ödəyəcəkləri şərti ilə götürüb 560 manat pul ödəməyə başlamışlar, bu ilin avqust ayında faizi ödəyə bilmədikləri üçün Amildən möhlət istəyəndə Amil onlarla razılaşmasına baxmayaraq bu ay razılaşmamış və onları nalayiq ifadələrlə söyərək təhqir edib pulu ödəmələrini tələb etmişdir. Bu iki il altıay ərzində Amilə 13000 manat pul ödəmişlər, lakin ona 2800 manat borcları qalmış, bu mövzuda Qarazəncir kəndində Amillə söhbət edən zaman Amil, Alimin şəhid qardaşının ünvanına nalayiq ifadələr işlətmiş, onu isə ölümlə hədələmişdir. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında şifahi borc müqaviləsi bağlanmış, iddiaçı öhdəliyinə əməl edərək 2800 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu cavabdehlərə versə də, cavabdehlər pulu qaytarmaq öhdəliklərini icra etməmişlər. Cavabdehlərin məhkəməyə verdiyi etirafedici izahatları da nəzərə alaraq məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlər iddiaçıdan 2800 manat borc pul almış və həmin pulu ödəməkdən yayınmışlar. Cavabdehlər məhkəmə iclasında iddiaçıdan pulu sələmə götürmələrini, yəni faizlə birlikdə qaytarmalarını bildirsələr də və aldıqları borc məbləğindən xeyli artıq miqdarda pulu iddiaçıya qaytardıqlarını göstərsələr də həmin halları təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 Hüseynağa oğlu və Cavabdeh2 Cəlal oğlundan müştərək qaydada 2800 (iki min səkkiz yüz) manat pul və ödənilmiş 48 (qırx səkkiz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Göstərilən müddətdə şikayət verilmədiyi halda qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəsini alacaqdır. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-282/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-282/2025
31.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver