Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-283/2025 19.12.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Hüseynli Nail Ağasəlim oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 16426 manat maddi ziyanın və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 140 manat pul vəsaitinin alınıb ona verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16426 manat maddi ziyanın və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 140 manat pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında bildirdi ki, o, 1995-ci il tarixdə Cəlilabad rayonu Kazımabad kəndində anadan olmaqla, həmin ünvanda yaşayır. Cavabdeh onun bacısıdır. Onun anasının və əmisinin mülkiyyətlərində Cəlilabad rayonu Göytəpə şəhəri ərazisində yerləşən 0,55 hektar torpaq sahəsi vardır. Cavabdehlə həmin sahədə şərikli çiyələk əkib-becərmək qərarına gəlmişlər. Özündə biraz pul vəsaiti olmuş, lakin, yetərli olmadığı üçün Moskvada yaşayan qardaşı Zaur Bahəddinovdan və bacısı Semo Bahəddinovadan borca pul istəmiş, onlar da işi başlamaq üçün lazım olan vəsaiti verməyə razı olmuşlar. İşə başlamaq üçün bacısı Semo Bahəddinovanın və qardaşı Zaur Bahəddinovun onun "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus bank kartına “Zolotoya Korona” və digər beynəlxalq təcili pul köçürmə sistemləri vasitəsilə göndərdikləri ümumilikdə 14716 manat pulu və özündə olan 5284 manat pul vəsaitini xərcləmişdir. Cavabdehlə birgə çiyələk becərilməsindən ötrü 9000 ədəd çiyələk ştili almaq üçün 6000 manat pul xərcləmişdir. 43 ədəd parnik qurmaq üçün armatura 670 manat, 8 ədəd klyonka almaq üçün 1500 manat, 7 top əlavə qara klyonka almaq üçün 400 manat, Sumqayıt şəhərindən 10 top ana şlanq almaq üçün 900 manat, 12 ədəd sistem şlanqı almaq üçün 576 manat pul xərcləmişdir. Həmçinin 22 ədəd krant almaq üçün 220 manat, parnik üçün taxta dirəyə 500 manat, işlətdikləri fəhlələrə görə hər günü 20 manatdan hesablanmaqla cəmi 2200 manat pul xərcləmişdir. Cavabdeh ona çiyələk sahəsini suvarmaq üçün benzin generatora ehtiyac olduğunu bildirmiş, o, da buna görə 560 manat məbləğinə “Makute MK-4000A” markalı benzin generatoru almışdır. Sonradan yeri şumlatdırmaq, doğratdırmaq, ütüləmək və çığır açdırmaq lazım olduğu üçün 1500 manat məbləğində pul vəsaitini torpaq sahəsi üzərində həmin işlərin görülməsi üçün xərcləmişdir. Bundan başqa, o həmin torpaq sahəsinə maşınla su quyusu qazdırmış, su çıxmadığı üçün təkrar başqa quyu qazdırmış, həmin quyuya boru atmağa görə 1000 manat məbləğində pul xərcləmişdir. Həmçinin o, həmin torpaq sahəsinə görə 200 manata su matoru almış və 200 manat məbləğində aqronoma pul vermiş və sairə materiallar və işlər üçün pul xərcləmişdir. Bütün işlər dekabr ayının sonuna kimi yekunlaşmış, 43 ədəd istixanalar hazır olmuş, çiyələk ştilləri yerə vurulmuş və məhsulun bar verməsi vaxtını gözləyirdilər. Həmin vaxtı ataları Aləddin Bahəddinovun səhhəti pozulmuş və yatağa düşmüşdür. O, Vəfa və ailəsi ilə razılaşıb Cavabdeh bildirmişdir ki, onlardan biri atalarına qulluq etsin, digəri də çiyələk sahəsi ilə məşğul olsun. Yekunda razılığa gəlmişlər ki, o, xəstə atasına baxacaq, Vəfa isə çiyələyin yetişməsini gözləyib, məhsulun yığımı və s. təsərrüfat işlərini davam etdirəcək, sonra ona düşən payı və çəkdiyi xərci verəcəkdir. Həmin qayda ilə davam etmişlər. Ataları Aləddin 2024-cü ilin yanvar ayında vəfat etmiş, onun başı yas işlərinə qarışmışdır. Sonradan o bilmişdir ki, sahədə məhsul yetişmişdir və yığılıb maşınlarla daşınır. Lakin ona qazancdan pul verilmir. O, bacısı Vəfaya çəkdiyi xərci və qazancdan payının verilməsini demişdir. Vəfa isə ona demişdir ki, sənə heçnə düşmür, bütün xərcləri özüm çəkmişəm, ona görə də satıb pulu götürəcəm və sənin də çəkdiyin xərci sonradan verəcəm. 25 aprel 2024-cü il tarixdə saat 14 radələrində o və bacısı Semo Bahaddinova həmin torpaq sahəsinə getmişlər, hətta getməmişdən əvvəl DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Onlar ora çatan kimi bacısı Cavabdeh xalası Şəhla Əsgərova ilə mobil telefon vasitəsilə onlar haqqında danışmasını eşitmişlər. O, Cavabdeh yaxınlaşıb sahədən olan yığımı dayandırmasını xahiş etmişdir. Bacısı Vəfa onu təhqir etməyə başlamışdır. Bu zaman aralarında mübahisə yaranmışdır. O, xərcləri çəkdikdən sonra çiyələk yığımı vaxtı cavabdeh onun həmin sahədə çiyələk yığmağına imkan verməmiş və ona Türkiyyə Cumhuriyyətinin vətəndaşı Basri Ayvacı ilə yığılmış çiyələkləri satdıqdan sonra onun qoyduğu xərci verəcəyini bildirmişdir. Sonradan o, cavabdehdən pulu tələb etsə də, cavabdeh həmin pul vəsaitini ona qaytarmamışdır. Buna görə də cavabdehlə aralarında narazılıqlar yaşanmış, sonradan isə həmin narazılıqlar dava-dalaşa çevrilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddianı etiraf etməyərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmənin əvvəlki iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X5 verdiyi izahatında bildirdi ki, İddiaçı onun bacısıdır. İddiaçı ona zəng edərək bacısı Cavabdeh ilə anası və əmisinin mülkiyyətində olan Cəlilabad rayonu Kazımabad kəndində yerləşən 0,55 hektar torpaq sahəsində çiyələk əkib-becərmək qərarına gəldiklərini, işə başlamaq üçün onlara pul lazım olduğunu bildirmiş, buna görə də ondan borc pul istəmişdir. O və Moskva şəhərində yaşayan qardaşı Zaur Bahəddinov da bacısı İddiaçı "xxxx" açıq səhmdar cəmiyyətinə məxsus bank kartı vasitəsi ilə 14716 manat pul göndərmişdir. Bundan əlavə iddiaçı çiyələk sahəsini suvarmaq üçün 560 manat məbləğinə “Makute MK-4000A” markalı benzin generatoru almışdır. Sonradan iddiaçı ilə əlaqə saxladığı vaxt iddiaçı həmin torpaq sahəsində çiyələk əkib-becərmələri üçün əlavə xərcləri çıxdığını bildirmidir. İddiaçı qeyd edilən çiyələk məhsulunun əkilməsinə və becərilməsinə ümumilikdə 16426 manat pul vəsaiti xərcləmişdir. Cavabdeh isə həmin pul vəsaitlərini hazırki vaxtadək iddiaçıya geri qaytarmamışdır. Məhkəmənin əvvəlki iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X16 verdiyi izahatında bildirdi ki, İddiaçı Cəlilabad rayon sakini kimi tanıyır. Belə ki, onun şəxsi təsərrüfatında atı vardır və həmin ata araba və kotan qoşaraq kənd əhalisinin və digər şəxslərin təsərrüfatlarında olan torpaq sahələrində günəmuzd işləməklə çiyələk, kartof və digər məhsulların əkilib-becərilməsi ilə məşğul olur və ailəsini onunla dolandırır. O, iddaçı İddiaçı sifarişi ilə həmin torpaq sahəsinə çiyələk şitilləri daşımışdır. Həmçinin ona tapşırılmış digər təsərrüfat işlərini görmüş və həmin işlərin görülməsi üçün verilən zəhmət haqqını İddiaçı almışdır. Vəfa adlı şəxsin həmin təsərrüfatda iş gördüyünün şahidi olmamışdır. Məhkəmənin əvvəlki iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X11 verdiyi izahatında bildirdi ki, İddiaçı və Cavabdeh onun övladlarıdır. İddiaçı ilə cavabdeh öz aralarında razılaşaraq şərikli çiyələk məhsulu əkmək istədiklərini bildirmişlər və yaxın qohumlarından da dəstək verilməsini xahiş etmişlər. O, özünə məxsus torpaq sahəsini və qaynına məxsus torpaq sahəsini istifadə üçün qızlarına vermiş və iddiaçı ilə cavabdeh şərikli çiyələk məhsulunun əkib-becərilməsinə başlamışlar. İddiaçı qeyd edilən çiyələk məhsulunun əkilməsinə və becərilməsinə ümumilikdə 16426 manat pul vəsaiti xərcləmişdir. Bütün işlər görülüb və çiyələk əkildikdən sonra dekabr ayının sonlarında mərhum ərinin xəstəliyi ilə əlaqədar İddiaçı xəstəyə baxmaq üçün evdə olmuş, sahəni isə Cavabdeh təhvil vermişdir. Lakin, məhsul yetişdikdən sonra Cavabdeh məhsulu İddiaçı xəbər vermədən yığıb satmışdır. Bundan sonra iddiaçı ilə cavabdeh arasında mübahisə yaranmış və nəticədə dava-dalaş olmuşdur. İddiaçı dəfələrlə cavabdehdən çəkdiyi xərci geri qaytarmasını tələb etmiş, cavabdeh ilk öncə məhsulu satdıqdan sonra iddiaçının çəkdiyi xərci qaytaracağına söz versə də, sonradan verdiyi sözə əməl etməmiş və iddiaçıya qaytarmalı olduğu 16426 manat pul vəsaitini iddiaçıya geri qaytarmamışdır. O, təsdiq edir ki, Cavabdeh İddiaçı 16426 manat borcu vardır və həmin borc məbləğini hazıradək qaytarmamışdır. Məhkəmənin əvvəlki iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X8 verdiyi izahatında bildirdi ki, İddiaçı və Cavabdeh onun bacılarıdır. İddiaçı ilə cavabdeh öz aralarında razılaşaraq şərikli çiyələk məhsulu əkmək qərarına gəldikdən sonra onunla da məsləhətləşmişlər. O, da öz növbəsində onlara maddi və mənəvi cəhətdən dəsdək olacağını bildirmişdir. İddiaçı həmin çiyələk məhsulunun əkilməsinə və becərilməsinə ümumilikdə 16426 manat pul vəsaiti xərcləmişdir. Həmin vəsaitin çox hissəsini o, özü Rusiya Federasiyasından və bacısı Semo Bahəddinova da Bakıdan İddiaçı plastik bank kartlarına köçürmüşlər. Lakin, məhsul yetişdikdən sonra Cavabdeh məhsulu İddiaçı xəbər vermədən yığıb satmışdır. İddiaçı dəfələrlə cavabdehdən çəkdiyi xərci və qazancı geri qaytarmasını tələb etmiş, cavabdeh ilk öncə məhsulu satdıqdan sonra iddiaçının çəkdiyi xərci qaytaracağına söz versə də, sonradan verdiyi sözə əməl etməmiş və iddiaçıya qaytarmalı olduğu 16426 manat pul vəsaitini iddiaçıya geri qaytarmamışdır. Bundan sonra iddiaçı ilə cavabdeh arasında mübahisə yaranmış və nəticədə dava-dalaş olmuşdur. İş materiallarında olan JN-1197, KOD 80602004 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 31 mart 1999-cu il tarixli, 03 saylı qərarı ilə Cəlilabad rayonu, Göytəpə şəhər ərazisində X2, X3, Cavabdeh Ələddin qızının və X1 birgə mülkiyyətlərinə 0,37 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 59612 saylı satış çekindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə 560 manat dəyərində “Makute MK-4000A” markalı yanacaqla işləyən generator almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Cəlilabad X18 Mərkəzi tərəfindən verilmiş 06 noyabr 2025-ci il tarixli məktubdan görünür ki, Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində yerləşən 0,55 hektar çiyələk sahəsinin salınmasından yetişdirilməsi zamanınadək şum, mala, şırım və s. işlərin görülməsi üçün 400 manat, 32250 ədəd ştilin əkilməsi üçün 4838 manat, armatur, polietilen salafan və s. alınması üçün 9460 manat, gübrələr və pestisidlər üçün 2000 manat, suvarma sistemləri avadanlıqları üçün (boru, damcı, krant, filtr, su matoru və s.) 1500 manat və işçi qüvvə üçün (ilkin məhsula qədər olan dövrdə çalışan) 3500 manat, ümumilikdə 21698 manat xərc çəkilir. İş materiallarında olan İddiaçı məxsus "xxxx" ASC-nin 4169 73xx xxxx 1145 nömrəli plastik kart üzrə çıxarışdan görünür ki, həmin 4169 73xx xxxx 1145 nömrəli plastik karta “Zolotoya Korona” və digər beynəlxalq təcili pul köçürmə sistemləri vasitəsilə 2023-cü ilin iyul ayında 2001,44 manat, 2023-cü ilin avqust ayında 1268 manat, 2023-cü ilin sentyabr ayında 710 manat, 2023-cü ilin oktyabr ayında 790 manat və 2023-cü ilin noyabr ayında 674 manat olmaqla, ümumilikdə 5443,44 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan İddiaçı məxsus "xxxx" ASC-nin 4169 73xx xxxx 7733 nömrəli plastik kart üzrə çıxarışdan görünür ki, həmin 4169 73xx xxxx 7733 nömrəli plastik karta “Zolotoya Korona” və digər beynəlxalq təcili pul köçürmə sistemləri vasitəsilə 2023-cü ilin avqust ayında 1410 manat, 2023-cü ilin sentyabr ayında 560 manat, 2023-cü ilin oktyabr ayında 150 manat, 2023-cü ilin noyabr ayında 932 manat və 2023-cü ilin dekabr ayında 6230,11 manat olmaqla, ümumilikdə 9282,11 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyun 2025-ci il tarixli, 1(106)-261/2025 saylı qərarından görünür ki, 25 aprel 2024-cü il tarixdə, saat 14 radələrində Adıyeva X4 Semo Ələddinovna ilə bir qrup şəxs təşkil edərək Cəlilabada rayonu, Göytəpə şəhəri ərazisində yerləşən X9 və ailə üzvlərinə məxsus çiyələk əkilmiş torpaq sahəsinə gəlib Cavabdeh və əri Basri Ayvacının əldə etdiyi qazancdan ona verməməsi səbəbi ilə aralarında dava düşmüş və Cəlilabad Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 1(073)-164/2024 saylı hökmü ilə barələrində ittiham hökmü çıxarılmış, zərərçəkmiş şəxs Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli 1(073)-164/2024 saylı hökmü dəyişdirilərək, X6 və İddiaçı əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmiş, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsili bilinərək barəsində 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsili bilinərək barəsində 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Beləliklə, məhkəmə iclasında tərəflərin və şahidlərin izahatları və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı anasının və əmisinin mülkiyyətlərində Cəlilabad rayonu Kazımabad kəndi ərazisində yerləşən 0,55 hektar torpaq sahəsi vardır. Cavabdehlə həmin sahədə şərikli çiyələk əkib-becərmək qərarına gəlmişlər. İddiaçının özündə olan və Moskvada yaşayan qardaşı Zaur Bahəddinovdan və bacısı Semo Bahəddinovadan borca aldığı və onun "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus bank kartına “Zolotoya Korona” və digər beynəlxalq təcili pul köçürmə sistemləri vasitəsilə göndərdikləri ümumilikdə 14725,55 manat pul vəsaitini həmin ərazidə çiyələk əkilməsinə xərcləmiş, əlavə olaraq 560 manat məbləğində “Makute MK-4000A” markalı benzin generatoru almışdır. Bütün işlər dekabr ayının sonuna kimi yekunlaşmış, 43 ədəd istixanalar hazır olmuş, çiyələk ştilləri yerə vurulmuş və məhsulun bar verməsi mərhələsində ataları Aləddin Bahəddinovun səhhəti pozulmuş və yatağa düşmüş və İddiaçı xəstə atasına baxacağı və Vəfa isə çiyələyin yetişməsini gözləyib, məhsulun yığımı və s. təsərrüfat işlərini davam etdirəcək, sonra cavabdeh iddiaçıya düşən payı və çəkdiyi xərci verəcəkdir. İddiaçı 2024-cü ilin aprel ayında çiyələyin yığılıb satıldığını bilmiş, lakin, çəkdiyi xərc və qazanc ona verilməmişdir. Buna görə İddiaçı Cavabdeh ilə mübahisə davaları düşmüşdür. İddiaçı cavabdehdən çəkdiyi xərci və qazancı geri qaytarmasını tələb etmiş, cavabdeh ilk öncə məhsulu satdıqdan sonra iddiaçının çəkdiyi xərci qaytaracağına söz versə də, sonradan verdiyi vədə əməl etməyərək, iddiaçıya qaytarmalı olduğu 15285,55 manat pul vəsaitini iddiaçıya geri qaytarmamışdır. Bununla da cavabdehin iddiaçıya 15285,55 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 16426 manat pul tələbində qismən haqlıdır. Belə ki, məhkəmə iclasında İddiaçı məxsus kart hesabının çıxarışındakı hesablamalarla müəyyən olundu ki, Cavabdeh İddiaçı 15285,55 manat məbləğində borcu qalmaqdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona çəkilmiş xərcin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İş materiallarından göründüyü kimi cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən onun iddiaçıya tələb olunan çəkilmiş xərcə görə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh çəkilmiş xərcə görə 15285,55 manat alınıb İddiaçı verilməli, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan 13 noyabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı iddianın verilməsi ilə əlaqədar 140 manat dövlət rüsumu ödəmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 140 manat dövlət rüsumunun 120 manatı cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh çəkilmiş xərcə görə 15285,55 (on beş min iki yüz səksən beş manat əlli beş qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 120 (bir yüz iyirmi) manat alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-283/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-283/2025
19.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver