Məhkəmə qərarları › İş №2(073)-2929/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2929/2025

17.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2929/2025 17.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2420 (iki min dörd yüz iyirmi) manat pul və 45 (qırx beş) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əsasən xx.xx.2025 -ci il tarixdə iddiaçı özünə məxsus iri buynuzlu (inək) heyvanı satmış və satışa görə ödənilməli olan 2420 (iki min dörd yüz iyirmi) manat məbləğində vəsaitini Cavabdeh etibar etmişdir. Həmin heyvan ona məxsus olub və aralarında razılığa əsasən cavabdeh onu satmalı və qarşılığında ona 2420 (iki min dörd yüz iyirmi) manat məbləğində ödəniş etməli idi. Lakin cavabdeh iri buynuzlu (inək) heyvanı kəsib və istifadə etsə də, bu günə qədər məbləği tam şəkildə ödəməmişdir. O (iddiaçı), dəfələrlə cavabadehə müraciət etmiş, lakin cavabdeh öhdəliyini yerinə yetirməkdən ysayınmışdır. Qanunvericiliyə əsasən, cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliyin yerinə yetirilməməsi nəticəsində ona maddi zərər dəymişdir və bu onun mülki hüquqlarımın pozulması deməkdir. Cavabdeh tərəf borcu könüllü şəkildə qaytarmadığı kimi, zənglərə cavab verməyərək məsuliyyətdən yayınıb. Bu barədə aidiyyəti üzrə izahatında da məlumat vermişdir. xx.xx.2025-çi il tarixli 49-4/2-F-7598 nömrəli iş ilə bağlı cavab olaraq izahat Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi Bakı şəhər Sabunçu RPİ-nin 15-ci Polis Bölməsindən müraciətinə cavab olaraq, Cavabdeh tərəfindən izahatında bildirilmişdir ki, Cavabdeh 2420 (iki min dörd yüz iyirmi) manat borclu olduğunu təsdiq etmişdir və həmin borcun ödənilməsi üçün özü bir ay möhlət istəmişdir. Lakin cavabdeh bu müddət ərzində öhdəliyini yerinə yetirməmiş, üzərindən uzun müddət keçməsinə baxmayaraq, borcu hələ də geri qaytarmamışdır. Hətta borcun qaytarılması ilə bağlı dəfələrlə edilən müraciətlərə cavab verməyərək məsuliyyətdən yayınmışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Bildirmişdir ki, cavabdeh digər bir çox şəxslərə də borcludur və həmin şəxslər də məhkəmələrdə iddialar qaldırmışdırlar. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan, Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi Bakı şəhər Sabunçu RPİ-nin 15-ci Polis Bölməsində aparılan araşdırma zamanı cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, İddiaçı 2420 (iki min dörd yüz iyirmi) manat borcu olmasını etiraf etmiş və həmin borcu xx.xx.2025-ci il tarixlinədək qaytaracağına söz vermişdir. İşdə olan pretenziyadan və poçt qəbzindən görünür ki, iddiaçı tərəfindən 2420 (iki min dörd yüz iyirmi) manat borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Həmin pretenziya cavabdehə çatdırılmışdır. İşdə olan ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən 45 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında şifahi nisyə alğı-satqı müqaviləsi bağlanılmış, iddiaçı müqavilə öhdəliyini icra edərək müqavilə predmeti olan malı cavabdehə təhvil vermiş, cavabdeh malın dəyəri kimi müəyyən edilmiş 2420 (iki min dörd yüz iyirmi) manat pulu iddiaçıya verməmişdir. İddiaçı bocunu dəfələrlə tələb etsə də bir nəticəsi olmamışdır. Cavabdeh cari ilin may ayında polis şöbəsində verdiyi izahatda borcunu etiraf edərək qısa müddət ərzində ödəyəcəyinə dair vəd versə də həmin vədə də əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görəöhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcıödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdəödəmək vəzifəsini icra etmədikdə satıcı verilmişəşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2420 (iki min dörd yüz iyirmi) manat pul və 45 (qırx beş) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar