Məhkəmə qərarları › İş №2(073)-2930/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2930/2025

20.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2930/2025 20.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Həşimzadə Şahanə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 (iki min) manat borcun va iddianın verilməsi üçün məhkəməyə ödədiyi 40 (qırx) manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2025 -ci il tarixində o, özünə məxsus iri buynuzlu (dana) heyvanı satmış və satışa görə ödənilməli olan 3800 (üç min səkkiz yüz) manat məbləğində vəsaitini Cavabdeh etibar etmişdir. Həmin heyvan iddiaçıya məxsus olub və onlar arasında razılığa əsasən cavabdeh onu satmalı və qarşılığında 3800 (üç min səkkiz yüz) manat məbləğində pulu ona ödəniş etməli idi. Cavabdeh həmin məbləğin 1800 (min səkkiz yüz) manatını geri ödəmişdir və yerdə qalan 2000 (iki min) manatını geri qaytarmaqdan yayınmışdır. Lakin cavabdeh iri buynuzlu (dana) heyvanı kəsib və istifadə etsə də, bu günə qədər məbləği tam şəkildə ödəməmişdir. İddiaçı dəfələrlə ona müraciət etmiş, lakin cavabdeh öhdəliyini yerinə yetirməkdən yayınmışdır. Qanunvericiliyə əsasən, cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliyin yerinə yetirilməməsi nəticəsində ona maddi zərər dəymişdir və bu, onun mülki hüquqlarının pozulması deməkdir. Cavabdeh tərəf borcu könüllü şəkildə qaytarmadığı kimi, zənglərə cavab verməyərək məsuliyyətdən yayınır. Bu barədə aidiyyəti üzrə izahatında da məlumat vermişdir. İddiaçı əlavə olaraq bildirir ki, xx.xx.2025-ci il tarixli 49-4/2-Q-8203 nömrəli iş ilə bağlı cavab olaraq izahat Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi Bakı şəhər Sabunçu RPİ-nin 15-ci Polis Bölməsindən müraciətə baxılması barədə məlumat verilmişdir. Danışıq baş verən zaman atası X1 bu məsələ üzrə şahidlik etmişdir. X1 həmin vaxt baş verən danışığa və iddiaçının cavabdeh ilə aralarında razılaşmaya birbaşa şahid olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, bu günə qədər dəfələrlə cavabdehdən pulu qaytarmağı tələb etsə də lakin heç bir nəticə olmamışdır, bunu aralarında olan “Whatsapp” yazışmaları təsdiq edir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Pretenziyadan görünür ki, İddiaçı Cavabdeh borcunu tələb etmiş, əks halda məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir; - Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsindən təqdim edilmiş məktubdan görünür ki, Cavabdeh borcunu qaytarmadığı üçün İddiaçı tərəfindən polis idarəsinə müraciət olunmuş, ona aidiyyət üzrə məhkəmə orqanına müraciət etməyi tövsiyyə olunmuşdur; - Tərəflər arasındakı “Whatsapp” mobil tətbiqi vasitəsilə aparılan yazışmalardan görünür ki, Cavabdeh “narahat olma axşam atacam”, “hələ maaş almamışam, alan kimi göndərəcəm” və s. kimi ifadələr işlədərək borcunu qaytaracağına dair vədlər vermişdir; - 06.08.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia tələbi qaldırmaq üçün 40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında mövcud olan hüquqi münasibətlər şifahi razılaşma əsasında formalaşmışdır. Belə ki, tərəflərin razılığına uyğun olaraq cavabdeh iddiaçıya məxsus iribuynuzlu heyvanı 3800 (üç min səkkiz yüz) manat dəyərində satmağı və əldə ediləcək pul vəsaitini bütövlükdə İddiaçı verməyi öz üzərinə öhdəlik kimi götürmüşdür. Lakin cavabdeh üzərinə düşən öhdəliyi tam həcmdə icra etməmiş, satışdan əldə edilən pulun yalnız müəyyən hissəsini iddiaçıya təqdim etmiş, qalan 2000 (iki min) manat məbləğində pul vəsaitini qaytarmaqdan yayınmışdır. Cavabdehin bu davranışı tərəflər arasında yaranmış öhdəlik münasibətlərinin pozulmasına, nəticə etibarilə iddiaçının əmlak mənafelərinə zərər dəyməsinə səbəb olmuşdur. Hazırda iddiaçı iddia tələbi ilə çıxış edərək cavabdehin icra etməmiş olduğu öhdəlik üzrə qalan pul məbləğinin–2000 manatın onun xeyrinə cavabdehdən tutularaq ödənilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından hazırki iş üzrə cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. Bu qənaətə gələrkən məhkəmə xüsusilə nəzərə alır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Tərəflər arasında olan münasibətlərin şifahi borc müqaviləsinə əsaslanması ilə bağlı məhkəmə qeyd edir ki, təqdim edilmiş izahatdan və “Whatsapp” mobil tətbiqi vasitəsilə aparılan yazışmalardan da göründüyü kimi, onlar arasında şifahi qaydada razılaşma olmuşdur. Tərəflər arasında borc müqaviləsindən irəli gələn hüquq münasibətlərinin yaranması işin mübahisələndirilməyən halıdır. Aralarında bağlanmış şifahi müqaviləyə əsasən iddiaçının öz üzərinə düşən öhdəliyi yerinə yetirməsi, cavabdehin isə müqavilə üzrə öhdəliyini yerinə yetirməməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsbit olunmuşdur. Belə ki, İddiaçı tərəfindən Cavabdeh iribuynuzlu heyvan verilmiş, cavabdeh həmin heyvanı satıb pulunu iddiaçıya qaytarmalı idi, Lakin cavabdeh tərəfindən öhdəlk tam icra edilməmiş, o yaranmış borcdan 1800 manatı qaytarsa da, qalan-2000 manat məbləğində pulu iddiaçıya qaytarmaqdan yayınmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı pul tələbi barədə məhkəmədə iddia qaldırmaqda haqlıdır. Nəzərə alınmalıdır ki, mülki qanunvericilik şifahi və ya yazılı olmasından asılı olmayaraq müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu baxımdan bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilməlidir. Belə ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 40 manat pul tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2000 (iki min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 40 (qırx) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ləman Mehrəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar