Məhkəmə qərarları › İş №2(073)-2964/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2964/2025

21.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2964/2025 21.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 qarş pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 3500 (üç min beş yüz) manat pul və 55 (əlli beş) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1959-cu il tarixdə Cəlilabad rayonun Cəlayir kəndində doğulmuşdur və hazırda həmin ünvanda yaşayır. Cavabadeh onun qardaşıdır. O (iddiaçı), ailə qurduqdan sonra ailəsi bir müddət burada qalmış, o özü isə Rusiya Federasiyasında yaşamışdır. 2024-cü ilin oktyabr ayında iddiaçı Azərbaycana qayıdanda qardaşı Oruc Mamedov onu qarşılayıb evinə aparmış və o, bir müddət qardaşının evində qalmışdır. Söhbət əsnasında cavabdeh iddiaçıya 65 yaşı olduğu üçün təqaüd düzəldilməsində köməklik göstərəcəyini bildirmiş və onun köməkliyi nəticəsində sənədləşmə işləri görüldükdən sonra iddiaçı təqaüd almağa başlamışdır. Bundan bir neçə gün sonra cavabdeh iddiaçıya bildirmişdir ki, borcu var, onun üçün kredit götürsün, o özü krediti ödəyər. İddiaçı razılaşmış və “Kapital Bank” dan 3500 manat məbləğində kredit götürərək cavabdehə vermişdir. Lakin cavabdeh imkanı olmadığını bəhanə gətirərək həmin krediti ödəməkdən yayınmışdır. Bundan sonra iddiaçı Cəlilabad Rayon Polis Şöbəsinə müraciət etmiş, araşdırma zamanı X4 izahatı alınmış və cabadeh iddiaçıya 3500 (üç min beş yüz) manat borclu olduğunu etiraf etmişdir. Lakin cavabdeh bu günə kimi borcunu hələ də ödəməmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək, iddianı müdafiə etdiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh X6 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan, Cəlilabad Rayon Polis Şöbəsinin təhqiqatçısı X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardan görünür ki, həmin qərarla İddiaçı X5 qarşı pul tələbinə dair şikayəti əsasında araşdırma aparılmış və araşdırmanın nəticəsi olaraq mübahisənin mülki xarakterli olması göstərilərək məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin qərardan görünür ki, Cavabdeh verdiyi izahatında göstərmişdir ki, qardaşı X3 ailə qurduqdan sonra ailəsi Cəlilabad rayonunda qalmış, o isə uzun müddətli olaraq Rusiya Federasiyasına getmiş və orada yaşamışdır. 2024-cü ilin oktyabr ayında Cəlilabad rayonuna qayıtmış, o qardaşı qardaşı X1 qarşılayıb evinə aparmış, bir müddət qardaşı onun evində qalmış, söhbət əsnasında qardaşının yaş həddinin 65 olduğu üçün ona təqaüd düzəltmişdir. Həmin vaxt başqa şəxsə borcu olduğu üçün qardaşına pulu bankdan götürməsini, daha sonra o özü krediti ödəyəcəyini demiş, bundan sonra xx.xx.2024-cü il tarixdə “Kapital Bank”a gedib Məmmədov ƏrastunFərəhimoğlu öz adına 3500 manat pul götürüb ona vermiş, o da başqa şəxsə borcu olduğu 3000 manat pulu ödəmiş, lakin sonradan imkanı olmadığı üçün krediti ödəyə bilməmişdir. İşdə olan “Kapital Bank” tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmiş 3500 manat məbləğində GTKR0707107C162 saylı kredit müqaviləsi üzrə borcu xx.xx.2025-ci il tarixinə 2993.54 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh qardaş olmaqla iddiaçı bankdan 3500 manat kredit götürmüş, həmin vəsaiti cavabdehə vermişdir, cavabdeh isə kredit ödənişini ödəmək barədə verdiyi vədə əməl etməmiş və iddiaçıya borcunu qaytarmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən borcalan borcu borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada borcverənə qaytarılmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X2 3500 (üç min beş yüz) manat pul və 55 (əlli beş) manat dövlət dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar