Məhkəmə qərarları › İş №2(073)-2965/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2965/2025

17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2965/2025 17.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynli Nail Ağasəlim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad şəhəri Əhməd Cavad küçəsi ev 3-də yaşayan Cavabdeh satdığı 9000 manat dəyərində mal-qaranın pulunun və ödədiyi 100 manat dövlət rüsumunun cavabehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, uzun illərdir ki, Cəlilabad şəhər sakini Cavabdeh onun atası X1 ilə həm dostluq, həm də malqara alveri edirdilər. O, atası rəhmətə getdikdən sonra da cavabdehlə münasibətləri davam etdirir, mal-qara alverini onunla davam etdirirdi. Aralarında heç vaxt hər hansı bir narazılıq olmamışdır. 2025-ci ilin fevral ayının 4-də Cavabdeh ona zəng edərək satılıq mal-qara olub-olmadığını soruşmuş, o da mal-qara olduğunu bildirmişdir. Həmin gün cavabdeh öz «Qazel» markalı maşınında onlara gəlmiş, 7000 manata razılaşdıqları malqaranı «Qazel» markalı maşina yükləyərək aparmış və pulunu 7-8 gün ərzində verəcəyini bildirmişdir. Verilən vəddən bir müddət keçdikdən sonra Rəhim onunla telefon əlaqəsi saxlayaraq əlavə mal-qara istəmişdir. Qeyd etmişdir ki, mal-qaraların pulunu birlikdə ödəyəcəkdir. O da cavabdehə etibar edərək daha 2000 manatlıq mal-qara vermişdir. Söz verdiyi müddət keçdiyindən cavabdehlə telefon əlaqəsi saxlayaraq mal-qaranın pulunu tələb etmişdir. Sonradan dəfələrlə Cəlilabada gedərək cavabdehlə görüşüb mal-qaranın pulunu tələb etsə də, hər dəfə ona 10 gün, 3-4 gün, beş gün, daha neçə gün vaxt istəyərək mal-qaranın pulunu ödəyəcəyini bildirsə də, hər dəfə onu aldatmış, get-gələ salmışdır. Sonuncu dəfə yenə bəhanə gətirdiyindən inamı itmişdir. Məcburiyyətdən ərizə ilə Cəlilabad Rayon Polis şöbəsinə müraciət etmişdir. İş təhqiqat bölməsində araşdırılmış, faktlar təsdiqini tapmış, Rəhim də ondan 9000 manat dəyərində mal-qara almasını təsdiq etmişdir. Təhqiqat bölməsi bu barədə qərar çıxararaq onun məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək verdiyi izahatında bildirdi ki, uzun illərdir ki, Cəlilabad rayon sakini X1 ilə həm dostluq, həm də mal-qara alveri edirdilər. O, Sədrax Zeynalov rəhmətə getdikdən sonra da mərhumun oğlu İddiaçı ilə münasibətləri və mal-qara alverini davam etdirmişdir. Aralarında heç vaxt hər hansı bir narazılıq olmamışdır. O, iddiaçıdan mal-qara alverini nisyə almasını etiraf edir. Lakin, iddiaçıdan aldığı heyvanları digər şəxslərə satmışdır. Həmin heyvanların pulunu isə həmin şəxslər hələ də ona verməmişlər. Bu səbəbdəndə İddiaçı pulunu qaytara bilmir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın qismən qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X6 verdiyi izahatında bildirdi ki, İddiaçı onun qonşusudur. Cavabdehi Xudaşükürün atasının yas mərasimində və Xudaşükür gildə görmüşdür. Xeyli vaxtdan keçəndən sonra cavabdeh Xudaşükürdən mal almağa gəlmişdir. Malların alğı-satqısı baş tutan zaman o iddiaçıya kömək etmiş və heyvanları cavabdeh maşına yükləyərək aparmışdır. Malların ümumi qiyməti doqquz min manat razılaşdırılmışdır. Bildiyinə görə cavabdeh həmin pulu ödəməyib. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X4 verdiyi izahatında bildirdi ki, İddiaçı onun oğludur. Cavabdeh uzun illərdi ki, onun mərhum yoldaşı Sədrax Zeynalovla heyvan alveri edirdi, rəhmətə getdikdən sonar alveri oğlu ilə davam etdirdi. Cavabdeh 04 fevral 2025-ci il tarixdə onlara gəlmiş, onun oğlu Xudaşükürlə razılaşmış və 4 baş heyvanı maşına yükləyib aparmışdır. Sonrakı günlərdə gəlib daha 2 baş mal alıb aparmışdır. Həmin heyvanların dəyərini aralarında 9000 manata razılaşmışlar. Cavabdeh həmin gündən indiyədək pulu geri qaytarmamışdır. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X8 verdiyi izahatında bildirdi ki, İddiaçı onun dayısı oğludur. O da Cavabdehlə mal-qara alveri edir. Aralarında inam olduğundan cavabdeh ondan və iddiaçıdan dəfələrlə nisiyə mal-qara alıb aparmışdır. Cavabdeh iddiaçıya 9000 manat, ona isə 10000 manat borcu var. Rəhim Xudaşükürgildən heyvan apararkən o da orada olmuşdur. Cavabdeh ona və Rəhimə borcunu qaytarmamışdır. İşdə olan Cəlilabad Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı X7 tərəfindən qəbul edilmiş 25 aprel 2025-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardan görünür ki, X2, İddiaçı və X3 müraciəti əsasında araşdırma aparılmış, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və şikayətçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur. Cəlilabad Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı X7 tərəfindən qəbul edilmiş 25 aprel 2025-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarda Cavabdeh və İddiaçı verdiyi izahatlarından görünür ki, həqiqətən də İddiaçı cəmi 9000 manat dəyərində olan heyvanları Cavabdeh nisiyə satmışdır. İşdə olan 10 sentyabr 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında proses iştirakçılarının izahatları və tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, İddiaçı Cavabdehp oğlu ilə heyvan alveri edirdi. Cavabdeh 04 fevral 2025-ci il tarixdə iddiaçının evinə gəlmiş, İddiaçıla razılaşmış və 4 baş heyvanı maşına yükləyib aparmışdır. Cavabdeh sonrakı günlərdə gəlib daha 2 baş heyvan alıb aparmışdır. Həmin heyvanların dəyərini aralarında 9000 manata razılaşmışlar. İddiaçı cəmi 9000 manat dəyərində olan heyvanları Cavabdeh nisiyə satmışdır. Cavabdeh həmin gündən indiyədək heyvanların dəyəri olan 9000 manat pulu iddiaçıya geri qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.2-cü maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərin hər biri, vicdanlılığın tələb etdiyi tərzdə, yəni lazımi şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə hərəkət etməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh 9000 manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 9000 (doqquz min) manat pul və ödənilən 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar