Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-301/2025 30.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı Maqsud qızının Cavabdeh qarşı məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləğinin həcminin artırılması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Maqsud qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 yanvar 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cəlilabad rayon məhkəməsinin qətnaməsinə əsasən Cavabdeh tutulan 140 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay bir uşaq üçün 235 manat müəyyən edilməsi və cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb belə nəticəyə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. İddiaçı Maqsud qızı iddiasını əsaslandıraraq ərizəsində göstərmişdir ki, o, Cavabdeh ilə 2017-ci ildə faktiki olaraq ailə həyatı qurmuş, lakin nikahlarını rəsmiləşdirməmişlər. Birgə yaşadıqları müdətdə, yəni 24 yanvar 2018-ci ildə uşaqları X2 doğulmuşdur. Əvvəllər mehriban ailə kimi yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlmədiyindən aralarında narazılıqlar yaranmış və yaranmış narazılıqlara görə uzun müddətdir ki, cavabdehlə ayrılmışlar və azyaşlı uşağı onun yanında qalmışdır. Cavabdehlə ailə bağları tamamilə kəsilmiş və cavabdeh başqa qadınla evlənmişdir. Hazırda uşağının bütün qayğılarını və ehtiyaclarını o, ödəyir. Cəlilabad rayon məhkəməsinin qətnaməsinə əsasən uşaqları xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatana kimi saxlanılması üçün cavabdehdən hər ay bir uşaq üçün 140 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Lakin həmin qətnamə ilə cavabdehdən tutulan alimentin miqdarı uşağının normal saxlanılması üçün kifayət etmir. Belə ki, uşaq böyüdükcə onun tələbatları artır və buna görə də, əlavə xərc tələb olunur. Bundan əlavə, özü hazırda heç yerdə işləmir və uşağın maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Cavabdehin maddi imkanı yaxşıdır və uşağına tələb edilən alimenti ödəmək iqtidarındadır. Buna baxmayaraq cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentdən başqa uşağının maddi cəhətdən saxlanmasında ona köməklik etmir. Ona görə də, məcbur qalaraq alimentin artırılması tələbi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı Maqsud qızı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarının “8.4-1-ci bəndində qey edilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin qərarın 8.4-2-ci bəndində isə qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndindi göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tələb təyin edilmiş alimentin indeksasiyasından ibarət olduğundan, İddiaçı Maqsud qızının hazırki iddia tələbi mülki məhkəmə icraatında baxılmalı olmadığından həmin mülki iş üzrə icraata xitam verilməlidir. Tələbkara Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsinə əsasən alimentin məbləğinin indeksasiyası məqsədi ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçı Maqsud qızının Cavabdeh qarşı məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləğinin həcminin artırılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tələbkara izah edilsin ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən alimentin məbləğinin indeksasiyası məqsədi ilə məhkəməyə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-301/2025
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-301/2025
30.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver