Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-3032/2024 28.11.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi, İddiaçı Kəmaləddin qızının iştirakı ilə İddiaçı Kəmaləddin qızının Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Kəmaləddin qızı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentin həcminin artırılaraq hər ay bir uşağa görə 200 manat olmaqla sabit pul məbləğində alimentin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Kəmaləddin qızı iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(073)- 136/2020 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay bir uşağa 100 manat alimetin cavabdehdən tutularaq ona (iddiaçıya) ödənilməsi müəyyən edilmişdir. Məhkəmə qətnaməsinə əsasən cavabdeh tərəfindən ödənilən alimentin məbləği uşağın maddi cəhətdən saxlanmasında kifayət etmir. Cavabdehin tələb edilən alimenti ödəməyə maddi imkanı vardır. Buna baxmayaraq cavabdeh uşağın maddi cəhətdən saxlanmasında əlavə olaraq iddiaçıya kömək etmir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aliment müəyyən edildiyi vaxtdan sonra, yəni əhkəmənin 2020-ci il tarixli qətnaməsindən sonra uşaqda əlavə xəstəlik yaranmış, burun qanaxmaları çoxalmışdır ki, bu da iddiaçının əlavə xərclər çəkməsi ilə nəticələnir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir, lakin iddiaya etiraz göndərmiş, etirazda iddiaçıya olan aliment borcunu 2022-ci ildə tam ödədəyini, buna görə də icra sənədinin icrasına icra məmurunun qərarı ilə xitam verildiyini bildirmiş, buna görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2012-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçı Kəmaləddin qızıdır. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 2(073)-136/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay bir uşağa görə 100 manat alimentin Cavabdeh tutularaq İddiaçı Kəmaləddin qızına ödənilməsi qət edilmişdir. İşdə olan cavabdehin yazılı etirazı və həmin etiraza əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Biləsuvar rayon İcra və Probasiya Şöbəsinə müraciət etmiş, cavabdehin ona olan aliment borcunu ödədiyini bildirmiş və icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir, Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nicat Bəhmənovun həmin gün tarixli qərarı ilə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(073)-136/2020 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. İşdə olan xəstəlik kağızlarından görünür ki, tərəflərin birgə nikahından doğulmuş X3 müayinə və müalicələrə cəlb edilmişdir, məhkəməyə qeyri-müəyyən qalan xəstəliyin ağırlaşması əlaməti kimi burun qanaxmalarının çoxalması göstərilmişdir və iddiaçı uşağı müxtəlif test və analizlərə cəlb etmişdir, həmin xəstəlik sənədləri hər biri 2023-cü ilin müxtəlif dövrlərinə təsadüf edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(073)-136/2020 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay bir uşağa 100 manat alimetin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir, icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ilə həmin icra sənədi üzrə icraata xitam verilmişdir. Həmin qətnaməyə əsasən cavabdeh tərəfindən ödənilən alimentin məbləği uşağın maddi cəhətdən saxlanmasında kifayət etmir. Buna baxmayaraq cavabdeh uşağın maddi cəhətdən saxlanmasında əlavə olaraq iddiaçıya kömək etmir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, ilk əvvəl onu qeyd etməyi zəruri bilir ki, cavabdehin etirazı əsassızdır. Belə ki, tərəflər arasında davam edən münasibətlər mövcuddur, cavabdeh uşağı saxlamaq vəzifəsini daşıyır və icra sənədi üzrə icraata xitam verilməsi cavabdehi uşağı saxlamaq vəzifəsindən azad edə bilməz, digər tərəfdən isə uşağın mənafeyinin üstünlüyü prezumpsiyası rəhbər tutulmalıdır. İş materiallarında olan xəstəlik sənədlərini nəzərdən keçirərək məhkəmə, həmçinin iddiaçının uşağın artan xərclərinin olması ilə bağlı iddialarını da əsaslı hesab edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddiaçının hər ay bir uşağa görə 200 manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin uşağın saxlanması üçün kifayət etmədiyini nəzərə alır və hesab edir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(073)-136/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay bir uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən dilməsi tərəflərin həqiqi vəziyyətinə uyğundur. Bununla yanaşı cavabdehə icra sənədinə xitam verilərkən iddiaçıya ödəmiş olduğu aliment məbləğinin hazırki qətnamənin icrası zamanı nəzərə alınması hüququn olması da izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(073)-136/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilsin və məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Kəmaləddin qızına verilsin. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(073)-136/2020 saylı icra vərəqəsi üzrə icraata xitam verilərkən həmin vaxta qədər cavabdehin həmin qətnamə üzrə ödəmiş olduğu aliment məbləğinin hazırki qətnamənin icrası zamanı nəzərə alınması hüququnun olması cavabdehə izah edilsin. Cavabdeh 44 (qırx dörd) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-3032/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-3032/2024
28.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver