Məhkəmə qərarları › İş №2(073)-304/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-304/2025

17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-304/2025 17.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 Böyükxan oğlunun və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Böyükxan oğluna və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Böyükxan oğluna və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Böyükxan oğlundan və Cavabdeh2 3000 manat manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əsasən, iddiaçı şəxsi təsərrüfatında olan bir baş iribuynuzlu heyvanı satmaq istəyirdi, tanışı qəssab Cavabdeh1 və onun şəriki Cavabdeh2 onun həyətinə gəlib heyvana baxmışlar, almağa razı olduqda o, ətin təmiz çəkisinin bir kiloqramını 12 manata satmağa razılaşmış və həmin heyvanı xx.xx.2024-ci il tarixdə X3 məxsus “Qazel' markalı avtomobillə Cəlilabad şəhərindəki ət kəsimi məntəqəsinə aparmışdır. Orada Cabir və Şamil heyvanın ayağına və boğazına ip atıb, yerə yıxmışlar, Cabir bıçaq götürüb kəsməyə başlayanda birdən demişdir ki, “heyvan ölüb”. Sonra qəsdən hay-küy salıb onun pulunu verməkdən imtina etmişlər və malı orada qoyub qaçmaq istəmişlər. Məntəqə rəisi X6 müdaxiləsindən sonra geri qayıdaraq heyvanın dərisini soyaraq, əti soyuducuya yerləşdirmişlər. Daha sonra AQTA-nın Lənkəran-Astara bölməsinin əməkdaşlarını dəvət etmişlər, onlar gəlib laboratoriya analizini götürmüşlər, oradan ətin qida üçün heç bir təhlükə yaratmadığını və qidaya yararlı olduğunu bildirmişlər. Lakin buna baxmayaraq ona məxsus olan 173 kiloqram təmiz heyvan əti qəssablar Şamil və Cabirin səhlənkarlığı və məsuliyyətsizliyi üzündən yararsız hala düşmüş və nəticədə ona 3 min manatdan çox maddi ziyan dəymişdir. Beləliklə, bu qəssablar ona 3 min manatdan çox maddi ziyan vurmuşlar. Həmin dəymiş maddi ziyanı onlardan tələb etsə də faydası olmamış, o, polis şöbəsinə və 102 xidmətinə zəng edərək məsələnin araşdırılmasını xahiş etmişdir. Cəlilabad rayon Polis şöbəsində araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd edilməsi və mülki qaydada məhkəməyə müraciət edilməsinin məqsədə müvafiq hesab edilməsi barədə 23 avqust 2024-cü il tarixli Qərar çıxarılmışdır. Ona məxsus olan həmin iribuynuzlu heyvanın məntəqəyə diri şəkildə gətirilməsi, məntəqəyə daxil olması, qəssabların ip ataraq onu yerə yıxması, başının kəsilməsi və başqa bu kimi mühüm faktların öz təsdiqini tapması üçün sübutları ərizəsinə əlavə etməklə məhkəməyə təqdim edir və məhkəmədən xahiş edir ki, ədalətli surətdə araşdırma aparsın, sübutları qiymətləndirsin və onun pozulmuş hüquqlarının bərpası üçün ədalətli Qərar qəbul edilsin. Cavabdehlərdən borcunu ödəməsini tələb etməsinə baxmayaraq onlar bundan imtina etmişdirlər. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Göstərmişdir ki, iddia tələbindəki 1000 manat hissə onun məruz qaldığı mənəvi zərərin əvəzidir. Cavabdehlər onun malının pulunu ödəməyərək ona həmçinin mənəvi zərər də vurmuşlar. Məhkəmə iclasında Cavabdeh2 iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, onlar (cavbdehlər) qəssablıq fəaliyyəti ilə məşğul olurlar. İddiaçıya məxsus bir baş iribuynuzlu heyvanı almaq barədə razılığa gəlmişlər, hər kilosunun qiymətini 12 manat müəyyən etmişlər. İddiaçı həminn heyvanı “Qazel” markalı avtomobillə Cəlilabad şəhərindəki ət kəsimi məntəqəsinə gətirib onlardan heyvanı kəsmələrini istəmişdir. Onlar heyvana yaxınlaşmaq istədikdə heyvan hürkərək, özünü tələf etmək həddinə çataraq yerə yıxılmışdır. Onlar heyvanı kəsmək istədikdə görmüşlər ki, heyvan ölüb. Bu səbəbdən də “ölmüş heyvanın əti bizə lazım deyil” demişlər. Lakin məntəqə direktoru və həkim heyvanı kəsib təhvil vermələrini istəmişlər. İddiaçı həmin vaxt “heyvan öləcək” deyə ağlayırdı. Cavabdehlərin hər ikisi iddiaçıya bildirmişdirlər ki, onlar (cavabdehlər) kəsim məntəqəsinə gəlib çatmayana qədər heyvanı maşından düşürtməsin, çünki ürəyi partlayıb ölə bilər. İddiaçı isə onlara qulaq asmamış, heyvanı düşürdərək məntəqədə bağlamış, heyvan isə qorxaraq ürəyi partlayıb ölmüşdür. Hazırki iddia əsassızdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Feyziyev X5 Şamil Əzim oğlunun izahatına uyğun izahat verərək iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır. Məhkəmə, ilk növbədə, nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində ifadəsi alınmış X7 verdiyi ifadəsində göstərmişdir ki, o (şahid), ət kəsimi məntəqəsinin direktoru vəzifəsində işləyir. Heyvan kəsilən günü məntəqədə su zəiflədiyi üçün suyu düzəltdirmək üçün getmiş, heyvan kəsilən zaman orada olmamışdır. Lakin oğlanları (şahidin) orada olmuşlar. O, məntəqəyə gələndə iddiaçı arxa otaqda olmuşdur, onun halı pisləşmişdir. Cavabdehlər ona bildirmişlər ki, heyvan ölüb, o da demişdir ki, ölmüş heyvandan 2 vedrə qan getməz. Onlar heyvanı soyub, daxili orqanlarını çıxarıb, ətindən isə imtina etmişlər. Daha sonra heyvanın ətindən nümunə kimi laboratoriyaya göndərmişlər. Bundan sonra tərəflər çıxıb getmişlər, ət isə ortada qaldığı üçün onu soyuducuya yığmışdır. Laboratoriyadan gələn cavabda ətdə heç bir nöqsanın olmadığı bildirilmişdir. Heyvan tam sağlam idi. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində ifadəsi alınmış X10 verdiyi ifadəsində göstərmişdir ki, o, baytarlıq mütəxəsisi kimi fəaliyyət göstərir, AQTA-nın Lənkəran regional idarəsində işləyir. Heyvan məntəqəyə diri şəkildə gətirilmişdir, hər hansı problem olmamışdır. O, səs-küyə gəlib çıxmış və görmüşdür ki, heyvan yerdə uzanıb. Həmin vaxt tərəflər arasında mübahisə düşmüşdür. İşdə olan Cəlilabad rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı X4 xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarından görünür ki, İddiaçı Cavabdeh1 Böyükxan oğluna və Cavabdeh2 qarşı pul tələbinə dair şikayəti əsasında araşdırma aparılmış və araşdırmanın nəticəsi olaraq mübahisənin mülki xarakterli olması göstərilərək məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunmuşdur. Həmin qərardan görünür ki, Cavabdeh1 Böyükxan oğlu verdiyi izahatında göstərmişdir ki, xx.xx.2024-ci il tarixdə İddiaçı xahişi ilə onun şəxsi təsərrüfatında olan bir baş iri buynuzlu heyvana baxış keçirmiş və heyvanın təxminən 140-150 kiloqram təmiz ət kütləsi olduğunu və bir kiloqramını 12 manatdan ala biləcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı heyvanı ət kəsimi məntəqəsinə gətirmiş, onlar heyvana yaxınlaşmaq istədikdə heyvan hürkərək, özünü tələf etmək həddinə çataraq yerə yıxılmışdır. Onlar heyvanı kəsmək istədikdə görmüşlər ki, heyvan ölüb. İddiaçı təkidi ilə heyvanı kəsmişlər. Həmin vaxt heyvanın boynundan qara qatı qan çıxmışdır. Bu da heyvanın kəsim aparılanadək ölməsini göstərir. Bu səbəbdən də heyvanın ətini almaqdan imtina etmişlər. Həmin qərardan görünür ki, Cavabdeh2 verdiyi izahatında Cavabdeh1 Böyükxan oğlunun göstərdiyi xüsusuatları eyni ilə təsdiq etmişdir. İşdə olan, Məhkəmənin sorğusu əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin X2 tərəfindən göndərilmiş X1 “Sınaq nəticələri”ndən görünür ki, heyvanın daxili orqanlarında hər hansı infeksiya törədicisi aşkar edilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında heyvanın alğısatqısına dair şifahi müqavilə bağlanılmaqla tərəflər iddiaçıya məxsus bir baş iribuynuzlu heyvanın alqı-satqısı, heyvanın təmiz çəkisinin bir kilosunun dəyərinin 12 manat müəyyən edilməsi barədə razılığa gəlmişlər. İddiaçı malı təhvil vermək öhdəliyini icra edərək xx.xx.2024-cü il tarixdə heyvanı ət kəsimi məntəqəsinə gətirmiş, cavabdehlər heyvanı təhvil almış, heyvanın ayağına və boğazına ip atmışlar, bu zaman heyvan hürkərək, özünü tələf etmək həddinə çataraq yerə yıxılmışdır. Cavabdehlər heyvanı kəsmişlər, lakin heyvanın hələ onu kəsməmişdən qabaq öldüyünü iddia edərək, heyvanın ətini almaqdan imtina etmişlər. Bu səbəbdən də iddiaçıya maddi ziyan dəymişdir. Cavabdehlər heyvanın kəsim aparılanadək ölməsini bildirsələr də, bu hal məhkəmə iclasında müəyyən olunmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş video görüntü ilə müəyyən edilmişdir ki, iddiaçı heyvanı kəsim məntəqəsinə gətirir, heyvan tam sağlamdır, xeyli müddət bağlı vəziyyətdə məntəqədə qalır, sonra cavabdehlər gələrək heyvanın ayağına və boğazına ip atmışlar, bu zaman heyvan hürkərək yerə yıxılmışdır. Cavabdehlər heyvanı kəsmişlər, bu zaman heyvanın boynundan qan axmışdır. Cavabdehlər heyvanın kəsilməmişdən qabaq artıq öldüyünü bildirsələr də, yəni satıcının cavabdeh olduğu qüsuru göstərsələr də bununla bağlı hər hansı sübut təqdim edə bilməmişlər, bu hal, həmçinin məhkəmə iclasında ifadələri alınmış kəsim məntəqəsinin direktoru və baytar həkimin ifadələri ilə, həmçinin laborator müayinənin nəticələri ilə tam təkzib edilmişdir. Həmçinin iddiaçı heyvanda Mülki Məcəllənin 609-cu maddəsində nəzərdə tutulan “başlıca qüsur” üçün məsuliyyət daşıya bilərdi ki, hazırki halda həmin qüsur da müəyyən edilməmişdir. İddia tələbinin mənəvi zərər hissəsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı ona mənəvi zərərin də dəydiyini iddia etsə də bu halı əsaslandırmamış və bunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli ya çoxtərəfli iradə ifadəsidir; - 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir; - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; - 570.1.2-ci maddəsinə əsasən əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda satıcı əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayılır; - 571.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir; - 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir, cavabdehlərdən 2081.04 qəpik pul tutularaq iddiaçıya ödənilməlidir. Heyvanın ətinin təmiz çəkisinin 173.42 kq olması və tərəflər arasında hər kiloqram ətin dəyərinin 12 manat müəyyən edilməsi işin mübahisələndirilməyən hallarıdır, bu hallar tərəflərin məhkəməyə verdiyi izahatlar ilə yanaşı iş materiallarında olan xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli aktlar ilə də təsdiqini tapmışdır. Borc isə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Belə ki, cavabdehlər birlikdə qəssablıq fəaliyyəti ilə məşğuldur, hər ikisi polis şöbəsində və məhkəmədə eyni məzmunlu izahat vermişlər, borc payları müəyyən deyil, müqavilədə isə birgə alıcı olaraq iştirak etmişdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir; - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir; - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, hazırki iş üzrə ödənilmiş dövlət rüsumunun 40.81 (qırx manat səksən bir qəpik) manatı cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 Böyükxan oğlu və Cavabdeh2 müştərək qaydada 2081.04 (iki min səksən bir manat dörd qəpik) manat borc və 40.81 (qırx manat səksən bir qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar