Məhkəmə qərarları › İş №2(073)-305/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-305/2025

14.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-305/2025 14.03.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarş pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5300 (beş min üç yüz) manat pul və 73 (yetmiş üç) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, Biləsuvar rayonu Xırmandalı kəndində yaşayır. Cavabdeh isə aralarında olan alqı-satqı əsasında tanımışdır. Belə ki, Cavabdehlə aralarında olan razılaşmaya əsasən, cavabdeh ona məxsus olan “KAMAZ-55111” markalı, **-BH-*** dövlət nömrə nişanlı yük avtomobilini 04 mart 2022-ci il tarixdə nisyə alqı-satqı müqaviləsi əsasında 12000 manata almışdır. Cavabdeh həmin məbləğin 6700 manatını hissə-hissə ödəmiş, lakin 5300 manat hissəsini isə hazıradək ödəməmişdir. Belə ki, razılaşdıqları müddət bitdikdən sonra cavabdehdən ona olan 5300 manat borcunu ödəməsini dəfələrlə tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanlər gətirərək ona olan borcunu ödəməkdən yayınmışdır. Sonradan isə onun telefon zənglərinə cavab verməyərək, ümumiyyətlə telefonu söndürmüşdür. Cavabdehin borcunu qaytarmamasına görə məcburiyyət qarşısında qalıb xx.xx.2024-cü il tarixdə Cəlilabad RPŞ-nə ərizə ilə müraciət etmiş, müraciəti əsasında Cəlilabad RPŞ-nin TB-də araşdırma aparılmış və araşdırma zamanı Cavabdeh verdiyi izahatında ona 5300 manat borcu olduğunu etiraf etmişdir. Lakin xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərar qəbul edilərək, mülki mübahisə olduğdan məhkəməyə müraciət etməyim izah edilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyəməlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak etmiş cavabdeh iddanı etiraf etmişdir, iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə borclu olmasını bildirmişdir. Məhkəmə izahatı dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkələri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göstərilən hüquqi normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia cavabdeh tərəfindən etiraf edildiyinə və bu etiraf qanunauyğun olduğuna görə qətnamənin əsaslandırıcı hissəsində həmin etirafın göstərilməsi kifayətdir. İşdə olan Cəlilabad Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması rədd edilməsi barədə” qərarından görünür ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair şikayəti əsasında araşdırma aparılmış və araşdırmanın nəticəsi olaraq mübahisənin mülki xarakterli olması göstərilərək məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin qərardan görünür ki, Cavabdeh Polis Şöbəsində verdiyi izahatında İddiaçı 5300 (beş min üç yüz) manat borcu olmasını etiraf etmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı 73 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında iddiaçıya məxsus “KAMAZ” markalı yük maşınının nisyə alğı-satqısı münasibətləri mövcud olmuşdur, müqavilə şifahi formada bağlanılmışdır, cavabdeh müqavilənin dəyəri olan 12 min manat puldan 6700 manatını ödəmiş, 5300 manat isə borclu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil vermiş alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5300 (beş min üç yüz) manat pul və 73 (yetmiş üç) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar