Məhkəmə qərarları › İş №2(073)-31/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-31/2025

22.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-31/2025 22.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, İddiaçı vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh Rasim oğluna qarşı Cavabdeh Rasim oğlundan dəymiş zərərə görə 4540 manat və ödənilmiş dövlət rüsumunun əvəzinin alınması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh Rasim oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Rasim oğlundan 3960 manat və dövlət rüsumu qismində ödənilmiş pul məbləğinin alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X2 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ekspert rəyi ilə, “Hyundai Sonata” minik markalı, ** EB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 9540 manat müəyyən edildiyindən, Cavabdeh Rasim oğlundan dəymiş zərərə görə 4540 manat və ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, Cavabdeh Rasim oğlu idarə etdiyi «VAZ 21074» markalı avtomobillə 02 oktyabr 2023-cü il tarixdə saat 12 radələrində Ələt-Astara-İran sərhəd avtomobil yolunun Cəlilabad ərazisindən keçən 129.2-ci kilometrliyində, İddiaçı idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə toqquşmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Törədilmiş hadisə nəticəsində iddiaçının avtomobilinə zərər vurmuş və iddiaçı ilə yanaşı sərnişin kimi əyləşmiş X4 və o, özü yüngül dərəcəli bədən xəsarətləri almışlar. Həmin hadisə ilə bağlı cavabdeh Həsənov X3 rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 3(073)-1110/2023 saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ekspert rəyi ilə dəymiş zərərin məbləği 9540 manat müəyyən edilmişdir. Dəymiş zərərin 5000 manat hissəsi sığorta şirkəti ödəməyi öhdəsinə götürmüş, lakin qalan 4540 manat məbləğin ödənilməsi ilə bağlı cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. İddiaçı cavabdehdən vurduğu ziyanı ödəməsini dəfələrlə tələb etsə də, heç bir nəticəsi olmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında Cavabdeh Rasim oğlu iddianı qismən etiraf edərək verdiyi izahatında bildirmişdir ki, o, Cəlilabad rayonu Alar kəndində yaşayır. 02 oktyabr 2023-cü il tarixdə özünə məxsus «VAZ 21074» markalı avtomobillə Cəlilabad rayonu Üçtəpə kəndi ərazisində hərəkətdə olarkən, Ələt-Astara-İran sərhəd avtomobil yolunun Cəlilabad ərazisindən keçən hissəsində, İddiaçı idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə toqquşmuş və iddiaçıya məxsus avtomobilə maddi ziyan dəymişdir. Lakin iddiaçı iddia ərizəsində avtomobilə dəymiş maddi ziyanın məbləğini həddindən artıq şişirdilmiş rəqəmlərlə qeyd etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın qismən təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh Rasim oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 3(073)- 1110/2023 saylı qərarından görünür ki, Cavabdeh Rasim oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İşdə olan 13 noyabr 2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı kart vasitəsi ilə 5000 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/380 saylı ekspert rəyindən görünür ki, zədələnməmişdən əvvəlki orta bazar qiyməti 15900 manat ((17600+14800):2=15900) olmuş avtomobilin təmirinə 16328 manat xərc çəkilib təmir edilməsi məqsədə müvafiq və rentabelli hesab edilmir. Təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti 15900 manat olmuş 2008-ci il buraxılışı “Hyundai Sonata” minik markalı, ** EB *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 9540 (15900-40%) manat müəyyən edilir. Qeyd edilir ki, nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli, 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında aparılır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh 02 oktyabr 2023-cü il tarixdə saat 12 radələrində idarə etdiyi «VAZ 21074» markalı ** OA *** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara-İran sərhəd avtomobil yolunun Cəlilabad ərazisindən keçən 129.2-ci kilometrliyində, iddiaçının idarə etdiyi “Hyundai Sonata” markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Törədilmiş hadisə nəticəsində iddiaçının avtomobilinə zərər vurulmuşdur. Həmin yol nəqliyyat hadisə ilə bağlı cavabdeh Həsənov X3 rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 3(073)- 1110/2023 saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/380 saylı ekspert rəyi ilə dəymiş zərərin məbləği 9540 manat müəyyən edilmişdir. Dəymiş həmin zərərin 5000 manat hissəsi "xxxx" ASC tərəfindən ödənilmiş, lakin qalan 4540 manat məbləğin ödənilməsi ilə bağlı cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. İddiaçı cavabdehdən vurduğu ziyanı ödəməsini dəfələrlə tələb etsə də, heç bir nəticəsi olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Rasim oğluna qarşı maddi ziyana görə 4540 manat pul tələbində haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və.s) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı vurulmuş zərərin miqdarı 4540 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh Rasim oğlundan dəymiş zərərə görə 4540 manat maddi ziyan alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 59,60 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasına görə Cavabdeh Rasim oğlundan 50 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh Rasim oğlundan dəymiş zərərə görə 4540 (dörd min beş yüz qırx) manat maddi ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 59,60 (əlli doqquz manat altmış qəpik) manat alınıb İddiaçı verilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə Cavabdeh Rasim oğlundan 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar