Məhkəmə qərarları › İş №2(073)-310/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-310/2025

06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-310/2025 06.03.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı 10400 manat və dövlət rüsumuna görə ödənilmiş 130 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclaszalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 11980 manat və dövlət rüsumu qismində ödədiyi 130 manat məbləğində pul vəsaitlərinin alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə ilə müraciət edərək, cavabdeh X3 10400 manat və dövlət rüsumu qismində ödədiyi 130 manat məbləğində pul vəsaitlərinin alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, 30 avqust 2024-cü il tarixdə avtomobil almaq üçün Bakı şəhərində yerləşən “Patandart” maşın bazarına getmişdir. Həmin vaxt orada minik nəqliyyat vasitələrinin alqı-satqısı ilə məşğul olan, əvvəllər tanımadığı, hazırki iş üzrə cavabdeh X3 10400 manat dəyərində **- OK-*** dövlət qeydiyyat nişanlı “TOYOTA PRİUS” minik markalı avtomobil almışdır. Həmin avtomobili cavabdehdən alarkən avtomobildə hər hansı bir nasazlığ olub-olmamasını soruşduqda, cavabdeh avtomobildə heç bir nasazlığ olmadığını bildirmişdir. Lakin həmin gün avtomobili alıb evə gələrkən, avtomobil yolda xarab olmuş və 180 manat ödəyərək avtomobili evakuatorla təmir etdirməyə aparmışdır. Zəng vurub bu barədə cavabdehə bildirmiş, cavabdeh isə avtomobildə yaranmış nasazlıqlarla bağlı onun tərəfindən çəkiləcək xərclərə köməklik edəcəyini bildirmişdir. O, Hacıqabul rayonu ərazisindən keçərkən DYP əməkdaşı onu saxlamış və avtomobili ondan alaraq duracağa yerləşdirmişlər. O, avtomobili aldıqdan sonra təmir elətdirmiş və ehtiyyat hissələrinə 900 manat və əlavə yol xərclərinə görə 300 manat xərc çəkmişdir. Bundan əlavə avtomobili aldığı gündən təxminən 20 gün sonra həmin avtomobilin üzərinə həbs qoyulmuşdur. Daha sonra məlumatı olmuşdur ki, aldığı avtomobilin mülkiyyətçisi etibarnaməni ləğv etdirmişdir. O, pulunun geri qaytarılmasını cavabdehdən dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh ona əhəmiyyət verməmiş və sonda pulu qaytarmayacağını bildirmişdir. Həmçinin o, avtomobili almaq üçün kredit götürmüş, xeyli faiz vermiş, avtomobilin təmirinə xərc çəkmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmənin 04 fevral 2025-ci il tarixli iclasında cavabdeh X5 iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, həqiqətən də 30 avqust 2024-cü il tarixdə ona məxsus **-OK-*** dövlət qeydiyyat nişanlı, “TOYOTA PRİUS” minik markalı avtomobili İddiaçı 10400 manata satmışdır. Lakin həmin avtomobili 9 ay 29 gün müddətinə “Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair” xx.xx.2024-cü il tarixli etibarnamə ilə iddiaçıya vermiş, iddiaçı isə həmin müddət ərzində həmin avtomobili öz adına rəsmiləşdirməmişdir. Əgər iddiaçı avtomobili vaxtında adına rəsmiləşdirsəydi, hazırki problemlərlə üzləşməzdi. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh X5 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan 26 avqust 2024-cü il tarixli, KBEK9457174B252 saylı kredit müqaviləsi üzrə ödəniş qrafikindən görünür ki, cavabdeh İddiaçı 26 sentyabr 2021-ci il tarixdən 26 avqust 2026-c il tarixə kimi hər ay 654,67 manat, sonuncu ay isə 647,83 manat ödəməklə, ümumlikdə 15705,24 manat krediti faizləri ilə birlikdə "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan nəqliyyat vasitəsinin BA269822 saylı qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “TOYOTA PRİUS” minik markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir. İşdə olan X1 Sistemindən xx.xx.2024-cü il tarixdə çıxarılmış “Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair” xx.xx.2024-cü il tarixli etibarnamədən və həmin etibarnaməyə dair məlumatdan görünür ki, BA269822 saylı qeydiyyat şəhadətnaməsinə əsasən X2 mülkiyyətində olan “TOYOTA PRİUS” minik markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə sərəncam verilməsi, səlahiyyəti ötürülən şəxs X5 tərəfindən 9 ay 29 gün müddətinə, yəni xx.xx.2025-ci il tarixədək İddiaçı etibar edilmiş və həmin xx.xx.2024cü il tarixli etibarnaməyə xitam verilmişdir. İşdə olan X1 Sistemindən xx.xx.2024-cü il tarixdə çıxarılmış məlumatdan görünür ki, BA269822 saylı qeydiyyat şəhadətnaməsi ilə Dövlət qeydiyyatına alınmış “TOYOTA PRİUS” minik markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı 26 avqust 2024-cü il tarixli, KBEK9457174B252 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən 1200 manat kredit götürmüş və 30 avqust 2024-cü il tarixdə Bakı şəhərində yerləşən “Patandart” maşın bazarında cavabdeh X3 10400 manat dəyərində **-OK-*** dövlət qeydiyyat nişanlı “TOYOTA PRİUS” minik markalı avtomobili 9 ay 29 gün müddətinə “Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair” xx.xx.2024-cü il tarixli etibarnamə ilə almışdır. Həmin avtomobili cavabdehdən alarkən avtomobildə hər hansı bir nasazlığ olub-olmamasını soruşduqda, cavabdeh avtomobildə heç bir nasazlığ olmadığını bildirmişdir. Lakin iddiaçı avtomobili alıb evə gedərkən, avtomobil yolda xarab olmuş, iddiaçı zəng vurub bu barədə cavabdehə bildirmiş, cavabdeh isə avtomobildə yaranmış nasazlıqlarla bağlı iddiaçı tərəfindən çəkiləcək xərclərə köməklik edəcəyini bildirmişdir. Bundan əlavə iddiaçı avtomobili aldığı gündən təxminən 20 gün sonra həmin avtomobilin üzərinə həbs qoyulmuş, daha sonra avtomobilin mülkiyyətçisi iddiaçıya verilən etibarnaməni ləğv etdirmişdir. İddiaçı pulunun geri qaytarılmasını cavabdehdən dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh ona əhəmiyyət verməmiş və sonda pulu qaytarmayacağını bildirmişdir. Bununla da cavabdehin iddiaçıya 10400 manat borcu yaranmışdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X4 qarşı 10400 manat pul tələbində haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 575.1-ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Həmin Məcəllənin 575.2-ci maddəsinə əsasən satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İş materiallarından göründüyü kimi cavabdeh “Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair” xx.xx.2024-cü il tarixli etibarnamə ilə avtomobili 9 ay 29 gün müddətinə iddiaçıya vermiş və iddiaçı həmin müddət ərzində avtomobili adına rəsmiləşdirmə hüququ olmuş, lakin cavabdehin avtomobilin digər sahibi ilə aralarında olan mübahisə olduğundan mülkiyyətçi etibarnaməni ləğv etdirmiş və cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən onun iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdeh X3 10400 manat alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı iddianın verilməsi ilə əlaqədar 130 manat dövlət rüsumu ödəmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 130 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh X3 10400 (on min dörd yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 130 (bir yüz otuz) manat alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar