Məhkəmə qərarları › İş №2(073)-3102/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-3102/2025

20.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-3102/2025 20.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15 iyun 2022-ci il tarixli müqaviləyə əsasən 225 manat borcun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İclasında İddiaçı məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Neftçala şəhəri, H.Əliyev prospektində yerləşən “QAZİ mobile” telefonların pərakəndə satış mağazasında “İNTEGRAL” firmasının rəsmi dilleri olaraq VÖEN əsasında fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Cəlilabad rayonu Alar kəndində yaşayan Cavabdeh ilə “QAZİ mobile” satış mağazası arsında 15 iyun 2022-ci il tarixində kredit müqaviləsi bağlanılmışdır. Aralarında bağlanmış müqavilə əsasında alıcıya “SAMSUNG A325” markalı mobil telefon 640 (altı yüz qırx) manata satılmışdır. Kredit müqaviləsi şərtlərinə əsasən borclu Cavabdeh 15 iyun 2022-ci il tarixində almış olduğu məbləği - 640 manatı qrafik əsasında 8 (səkkiz) ay ərzində (100,78,78,78,78,78,78,78) hissə-hissə ödəməli idi. Cavabdeh xx.xx.2022-ci ildə 100 manat, xx.xx.2022-ci ildə 80 manat, xx.xx.2022-ci ildə 50 manat, xx.xx.2022-ci ildə 75 manat, xx.xx.2023-cü ildə 10 manat, xx.xx.2023-cü ildə 50 manat, xx.xx.2023-cü ildə 50 manat ödəyib, 225 (iki yüz iyirmi beş) manat borclu qalmışdır. Müqavilənin şərtlərinə əsasən, Cavabdeh aldığı malın borclu qaldığı hissəsini müqavilə şərtlərinə əsasən müntəzəm olaraq ödəməyi, həmçinin ödəmədiyi halda bu barədə mağazaya gəlib məlumat verməyi, müəyyən vaxta qədər möhlət xahiş etməyi öhdəsinə götürmüşdür. Lakin borclu indiyə qədər mağazaya olan borcu ödəməmişdir. Aralarında bağlanmış müqaviləyə görə borclu müqavilənin şərtlərinə əməl etmədiyi təqdirdə mağazanın məhkəmə qarşısında iddia qaldırmasına etiraz etmir. Borclu Cavabdeh həmin öhdəlikləri yerinə yetirməyərək müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Ona dəfələrlə Mağaza tərəfindən telefon zəngləri və xəbərdarlıq edilməsinə baxmayaraq, o, mağazaya olan borcunu ödəməkdən yayınır və ümumiyyətlə, mağazaya heç bir məlumat vermir. Malı aldıqdan sonra Cavabdeh aldığı malın borcunu qaytarmadığını görüb, onunla telefon vasitəsi ilə dəfələrlə əlaqə saxlayıb, o da borcunu qısa bir vaxtda ödəyəcəyini ona bildirib. Hər dəfə də müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayınmışdır. Nəticədə mağazanın fəaliyyətinə ciddi ziyan vurmuşdur. Bu barədə borclu Cavabdeh rəsmi qaydada 17 iyul 2024-cüil tarixində borcun ödənilməsi ilə bağlı Mağaza tərəfindən xəbərdarlıq məktubu göndərilmişdır. Qeyd olunanların nəzər alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan, xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh dəyəri 640 manat olan malı (mobil telefonu) İddiaçı almış, malın dəyərini 8 (səkkiz) ay ərzində (100,78,78,78,78,78,78,78) hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. İşdə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 225 (iki yüz iyirmi beş) manat borcu vardır. İşdə olan xəbərdarlıq məktubundan və poçt qəbzindən görünür ki, iddiaçı cəmiyyət tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir, bildiriş cavabdehə çatdırılmışdır. İşdə olan vəsiqənin surətindən görünür ki, iddiaçı İ Qarabağ Müharibəsi əlilidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh dəyəri 640 manat olan 1 ədəd “Samsung” markalı telefonu iddiaçıdan almış, borcun bir qismini ödəmiş, 225 manat borcu qalmışdır. Yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh müqavilənin şərtlərini pozaraq borcu ödəməkdən yayınmış və bu günədək borcunu ödəməmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlansa da həm həmin müqavilənin şərtləri və həm də işin halları ilə müəyyən edilmişdir ki, onlar arasında əslində nisyə alğı-satqı münasibətləri mövcud olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, mübahisənin həlli ilə bağlı Mülki Məcəllənin nisyə alğı-satqı müqaviləsini tənzimləyən normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən müharibə veteranları və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər iddia ərizələrinin verilməsi ilə əlaqədar dövlət rüsumunun ödənilməsindən azaddır. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Buna görə məhkəmə hesab edir ki, 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 225 (iki yüz iyirmi beş) manat pul alınıb İddiaçı verilsin. Cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar